Avqustun 22-də  – “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının yaranmasının 30-cu ildönümündə 5-ci sərhəd zastavası üçün yeni xidmət və yaşayış kompleksi istifadəyə verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak etmişdir.

“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının komandiri, general-leytenant Niyaməddin Tağıyev Ali Məclisin Sədrinə raport vermişdir.

Bildirilmişdir ki, 5-ci sərhəd zastavası 1932-ci ildən fəaliyyət göstərir və xidmət sahəsi 9 kilometrdir. Yeni xidmət və yaşayış kompleksinin inşasına 2021-ci ilin sentyabr ayında başlanılmışdır. İkimərtəbəli qərargah binasında əsgərlər üçün 40, subay zabitlər üçün 8 yerlik yataqxana, sinif, silah, rabitə və 3 iş otağı, 28 yerlik yeməkxana, ərzaq və tərəvəz anbarları, qurutma otağı və sığınacaq yerləşir. Ərazidəki yardımçı binada camaşırxana, mərkəzi qazanxana, 2 avtomobil saxlancı, əşya, yanacaq-sürtkü materialları və silah anbarları vardır.

Zastavada 12 sabit və 3 idarəolunan kameralı video-müşahidə sistemi, İP telefon, müşahidə qülləsində 2 ədəd 1000 metr radiuslu projektor, xidməti ərazidə 9000 metr məsafədə mühəndis-texniki çəpər və işarəverici qurğu quraşdırılmış, sərhəd yolları yenidən çəkilmiş və çınqıl örtüyü ilə bərkidilmişdir. 4 müşahidə qülləsi, 1 isinmə məntəqəsi və 2 körpü əsaslı təmir olunmuşdur.

Ali Məclisin Sədri sərhədçi ailələrini yeni xidməti-yaşayış kompleksinin istifadəyə verilməsi münasibətilə təbrik etmiş, onlara rahat həyat arzulamışdır.

Sərhədçi ailələri adından minnətdarlıq edən Əminə Əhmədova demişdir: “Sərhədçi ailələrinə göstərilən yüksək qayğı sayəsində ailə-məişət şəraitimiz xeyli yaxşılaşdırılıb. Bu gün yeni yaşayış binası istifadəmizə verilir. Görülən işlər, yaradılan şərait rahat yaşayışımızı təmin edir”.

Ali Məclisin Sədri sərhədçi uşaqlarına hədiyyələr təqdim etmiş, onlardan Xavər Həsənli ulu öndər Heydər Əliyevə həsr olunmuş şeir söyləmişdir.

Ali Məclisin Sədri mənzillərdə yaradılan şəraitlə tanış olmuşdur. Bildirilmişdir ki, hərbi qulluqçuların ailələri üçün nəzərdə tutulmuş 2 mərtəbəli yaşayış binası hər biri 2 otaqlı olmaqla, 8 mənzildən ibarətdir. Mənzillər mebel dəstləri, televizor, soyuducu, paltaryuyan və mərkəzləşmiş istilik sistemi ilə təmin olunmuşdur. Mənzillə təmin olunan ailələrə meyvə, tərəvəz və ərzaq payları verilmişdir.

Sonra şəxsi heyətlə görüş olmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sərhədçiləri salamlamış, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının yaranmasının 30-cu ildönümü və 5-ci sərhəd zastavası üçün yeni xidməti-yaşayış kompleksinin istifadəyə verilməsi münasibətilə diviziyanın şəxsi heyətini və sərhədçi ailələrini təbrik etmiş, gələcək xidmətdə  uğurlar arzulamışdır.

“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının komandiri, general-leytenant Niyaməddin Tağıyev diviziyanın yaradılmasının 30-cu ildönümündə 5-ci sərhəd zastavası üçün yeni xidmət və yaşayış kompleksinin istifadəyə verilməsində iştirak etdiyinə görə şəxsi heyət adından Ali Məclisin Sədrinə minnətdarlıq etmiş, göstərilən qayğıdan və yaradılan şəraitdən səmərəli istifadə edərək bundan sonra da muxtar respublikada sərhədlərimizin etibarlı mühafizəsini təmin edəcəklərinə söz vermişdir.

Şəxsi heyət “Hamı bir nəfər, bir nəfər hamı üçün” şüarını səsləndirmişdir.

Əsgər Təbriz Fərəcli minnətdarlıq edərək demişdir: “Yaradılan şəraitin qarşılığında biz də Vətən sərhədlərini göz bəbəyimiz kimi qoruyacaq, qarşıya qoyulan tapşırıqların öhdəsindən layiqincə gələcək, xidmətimizlə göstərilən etimadı doğruldacağıq”.

Ali Məclisin Sədri sərhədçilərlə xatirə şəkli çəkdirmiş, onlarla səmimi söhbət etmişdir.

Zastavada sıra meydanı, voleybol və futbol meydançası, idman və ləpirçilik şəhərciyi, atəş, mühəndis hazırlığı, xidməti heyvanların təlim yeri, tək əsgərin nəzarət zolağı olan təlim şəhərciyi yaradılmışdır. Həmçinin burada yeraltı sığınacaq və müdafiə səngərləri, istirahət və uşaq əyləncə yerləri, nəzarət-buraxılış məntəqəsi, avtomobillərin yuyulması yeri, helikopter meydançası, 63 kilovatlıq transformator və 30 kilovatlıq elektrik generatoru qurulmuşdur. 6 hektar ərazidə abadlıq işləri aparılmış, 2 subartezian quyusu qazılaraq 3 nasos quraşdırılmış, 2,5 hektar sahədə yaşıllıq salınmışdır.

 

Ali Məclisin Sədri yaradılan şəraitə uyğun xidmətin təşkili, ərazidə meyvə ağaclarının artırılması barədə müvafiq tapşırıqlar vermişdir.

Gətirilmiş ərzaq məhsulları zastavanın anbarına təhvil verilmişdir.

Alışar kənd tam orta məktəbində müasir tədris şəraiti yaradılır

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “…bugünkü dünyada savad, bilik hər şeyi müəyyən edir. Əgər hər hansı bir insan öz həyatını yaxşı qurmaq istəyirsə, gələcəkdə cəmiyyətdə yaxşı yer tutmaq istəyirsə, mütləq yaxşı oxumalıdır. Yaxşı oxumaq üçün bütün şərait var”. Bu gün ulu öndərin müəllifi olduğu təhsil strategiyası ölkə Prezidenti tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsidir ki, Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında bu sahənin hərtərəfli yüksəlişi, tərəqqisi, maddi-texniki cəhətdən möhkəmlənməsi, dünya standartlarına uyğun təhsil ocaqlarının qurulması təmin edilir.

Avqustun 22-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Alışar kənd məktəbində aparılan tikinti işlərinə baxmışdır.

Bildirilmişdir ki, 2 mərtəbədən ibarət olacaq 342 şagird yerlik məktəb binasında yenidənqurma işləri yekunlaşmaq üzrədir. Müasir standartlara cavab verəcək təhsil ocağında nümunəvi şərait yaradılır. Burada 19 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, elektron lövhəli sinif, şahmat sinfi, kompüter, psixoloq və müəllimlər otaqları, STEAM kabinəsi, kitabxana, qarderob, idman zalı və digər texniki otaqlar nəzərdə tutulmuşdur. Yenidənqurma işləri zamanı binaya iki korpus əlavə edilmişdir. Binanın həyətində bufet, qazanxana tikilir, idman qurğuları quraşdırılacaq, yaşıllaşdırma işləri həyata keçiriləcəkdir.

Ali Məclisin Sədri tikinti işlərinin davam etdirilməsi barədə müvafiq tapşırıqlar vermişdir.