Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi dövlət-din siyasəti ölkəmizdə uğurla həyata keçirilir, dini-mənəvi dəyərlərin qorunub-yaşadılması istiqamətində ardıcıl tədbirlər görülür. Muxtar respublikada dini-mədəni abidələr bərpa olunur, yeni məscidlər tikilir, dindarların ibadəti üçün hərtərəfli şərait yaradılır.
Dekabrın 21-də Babək rayonunun Cəhri qəsəbəsində yeni məscid istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak etmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, qəsəbə sakini Hacıfəxrəddin Səfərli minnətdarlıq edərək demişdir ki, muxtar respublikada aparılan genişmiqyaslı quruculuq işləri Cəhri qəsəbəsinin timsalında özünü aydın göstərir. Ötən il Cəhri kəndinə qəsəbə statusu verilmişdir. Qəsəbədə 2 tam orta məktəb,qəsəbə mərkəzi, sahə xəstəxanası, mədəniyyət evi, musiqi məktəbi, kitabxana, poçt bölməsi, yeni nəsil ATS, xidmət və ticarət mərkəzləri və 2 mərasim evi sakinlərin istifadəsinə verilmişdir. Bu işlərin davamı olaraq hazırda qəsəbə mərkəzi və yollar abadlaşdırılır. Ali Məclis Sədrinin rəhbərliyi ilə muxtar respublikada həyata keçirilən genişmiqyaslı tədbirlər sırasında milli-mənəvi dəyərlərimizə, o cümlədən yeni məscidlərin inşa edilməsinə, tarixi məscidlərin isə bərpa və təmir olunmasına diqqət və qayğı xüsusi yer tutur. Bu tədbirlərin davamı olaraq bu gün Cəhri qəsəbəsində tam yararsız vəziyyətdə olan tarixi məscidə yeni həyat verilir. Məscid orta əsrlər dövründən bəri Cəhri əhalisinin həyatında mühüm rol oynamışdır. Ancaq Sovetlər Birliyi dövründə baxımsızlıq ucbatından xeyli aşınmış, uçub-dağılmışdı. Bu gün məscid Naxçıvan memarlıq məktəbinin ənənələrinə uyğun olaraq müasir üslubda yenidən inşa olunaraq əhalinin istifadəsinə verilir. Hacıfəxrəddin Səfərli qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə təbriklərini çatdırmışdır.
Məscidin imamı Faiq Fərəcov minnətdarlıq edərək demişdir ki, həyata keçirilən kompleks abadlıq işləri əhalinin rahat və firavan yaşamasına hesablanmışdır. Muxtar respublikada tarixi abidələr, türbələr, məscid və ziyarətgahlar bərpa olunur və onlara ikinci həyat verilir. Bu gün Cəhri qəsəbəsi üçün əlamətdar gündür. Çünki tarixi məscid müasir layihə əsasında yenidən tikilərək dindarlara hədiyyə edilir. Burada dindarların rahat ibadət etmələri üçün hər cür şərait yaradılmışdır.
Qəsəbə sakini Hacımüslüm Axundlu demişdir ki, bu gün muxtar respublikanın bütün kənd və şəhərləri abadlaşdırılır. Bununla yanaşı, Cəhri qəsəbəsində insanların rahatlığına xidmət edən bir sıra sosial obyektlər tikilib istifadəyə verilir.Yaradılan şərait sakinlərin sevincinə səbəb olur. Bu gün istifadəyə verilən məscid də sakinlər üçün hədiyyədir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək demişdir: Bu ərazidəki məscid uzun illər insanların mənəviyyat ocağı olmuş, onları vətənə, dövlətə və dinə sədaqət ruhunda tərbiyə etmişdir. İnsanların mənəviyyatlı olması ölkənin xoşbəxtliyidir. Çünki mənəviyyatlı insanlar vətənpərvər insanlardır. Vətənpərvər insanlar isə harada yaşamalarından və hansı işlə məşğul olmalarından asılı olmayaraq, vətəninə, ölkəsinin möhkəmliyinə xidmət edirlər. Uzun illər işğal altında olan torpaqlarımız da məhz Ali Baş Komandanın rəhbərliyi ilə vətənpərvər və mənəviyyatlı insanlarımız, müzəffər ordumuz tərəfindən azad olundu. Əsgərlərimizin azad olunmuş torpaqlarda, dağıdılmış məscidlərdə Quran oxumaları insanlarımızın nə qədər böyük mənəviyyata sahib olmalarının göstəricisidir. Bu mənada, məscidlər təkcə ibadət yeri deyil, həm də mənəviyyat ocağıdır.
Ali Məclisin Sədri demişdir: İslam aləmini birləşdirən məscidlər müqəddəs yerlərdir. Bu ərazidə XV əsrdən etibarən məscid olmuş, sonrakı illərdə dağılmışdı. Ancaq həmin məscid abidə kimi Naxçıvan Muxtar Respublikasının Ensiklopediyasına daxil edilmişdir. Bu gün onun yerində yeni məscid ucaldılıb. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Mən məscid tikilməsini islam dininə hörmət edən, sadiq olan insanların ümumxalq işi kimi qiymətləndirirəm”. Mənəvi dəyərlərə hörmət olan yerdə bərəkət, inkişaf və vətənə sədaqət olur. Ona görə də bu gün tikilən məscidlərimiz, ibadət yerlərimiz bir məqsədə xidmət edir: mənəvi dəyərlərimizi qorumaq, gəncləri vətənə sədaqət və vətənpərvər ruhda tərbiyə etmək. Bütün bunlar isə son nəticədə ölkəmizin inkişafına xidmət edir.
Ali Məclisin Sədri demişdir: Məscidlər, eyni zamanda bir elm mərkəzləridir. “Qurani-Kərim”in özü də elmi kitabdır və adı “qurmaq” sözündəndir. İnsanın mənalı ömür yolu keçməsi və mənəviyyatını zənginləşdirməsi müqəddəs kitabda öz əksini tapıb. Elm dindən ayrıdırsa uçurum, din elmdən ayrıdırsa xurafat olur. Ona görə də məscidlərimizdə həm mənəviyyat, həm də elm öyrədilir. Müqəddəs kitabımız “Qurani-Kərim” də insanlara həm mənəviyyat, həm də elm öyrədir. Elmlə dinin birləşməsi isə zənginlikdir. Bu gün yaradılanlar, qurulanlar müstəqilliyimizin bəhrələridir. Eyni zamanda müstəqilliyimizin verdiyi imkanlar hesabına mənəvi dəyərlərimiz yaşadılır. Təkcə məscidlər tikilmir, həmçinin dinimizin elmi tərəfdən yaşadılmasını təmin edəcək gənclər yetişdirilir. “Naxçıvan” Universitetində Dinşünaslıq ixtisası açılıb. Ona görə də məscidlər, sadəcə, ibadət yeri kimi deyil, həm də elmi və dini mərkəzlər kimi fəaliyyət göstərməlidirlər.
Ali Məclisin Sədri məscidin tikintisində əməyi olanlara təşəkkürünü bildirmişdir.
Məlumat verilmişdir ki, yeni məscidin tikintisinə ötən ilin avqust ayında başlanılmışdır. Məsciddə imam otağı, qadınlar üçün 44, kişilər üçün 85 yerlik ibadət zalı, 1 texniki otaq və 2 qarderob vardır. Məscidin minarəsinin hündürlüyü 19 metrdir. Həyətdə kişi və qadınlar üçün dəstəmaz yeri, cənazə yuma yeri və təsərrüfat otağı vardır.
Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin direktoru Vüqar Babayev yaradılan şəraitə görə dindarlar adından Ali Məclisin Sədrinə minnətdarlıq etmişdir.
Məscidin layihələndirilməsi zamanı, əsasən, milli memarlıq elementlərindən istifadə edilərək müasirlik ön plana çəkilmişdir. Binanın ön fasadında milli memarlığın əsas elementi olan baş portal yerləşdirilmiş və portal Möminə xatın türbəsinin ornamentləri ilə bəzədilmişdir.
Sonra məsciddə ilk namaz qılınmış, dualar oxunmuşdur.