Şəhriyar kəndində əhalinin rahatlığının təmin olunması istiqamətində görülən kompleks tədbirlər çərçivəsində yeni xidmət mərkəzi də tikilib.
Yanvarın 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mərkəzin açılışını edib.
Bildirilib ki, mərkəzdə sakinlərin gündəlik tələbatını ödəyəcək zəruri xidmət sahələri fəaliyyət göstərir. Burada bərbərxana, qadın gözəllik salonu, dərzi, ət satışı yeri, ərzaq və təsərrüfat malları mağazaları, eləcə də 2 anbar vardır. Mağazalarda keyfiyyətli yerli ərzaq məhsullarının, gündəlik tələbat mallarının, xüsusilə ailə təsərrüfatı məhsullarının satışı təşkil olunub. Mərkəzdə 6 nəfər işlə təmin olunub.
Xidmət mərkəzi ilə tanışlıqdan sonra kənd sakinləri ilə görüş olub.
Ali Məclisin Sədri Şəhriyar kəndinin abad yaşayış məntəqələri sırasına qoşulması münasibətilə sakinləri təbrik edərək deyib: Bu gün Şəhriyar kəndi Azərbaycanın müasir kəndləri sırasına daxil olub. Kənddə yeni məktəb binasının, uşaq-musiqi məktəbinin, kənd və xidmət mərkəzlərinin, həkim ambulatoriyasının, yolun və digər sosial obyektlərin istifadəyə verilməsi sakinlərin rahat yaşayışına hesablanıb. Harada rahatlıq var, orada inkişaf olacaq, məskunlaşma artacaqdır. Şəhriyarda da yaradılan şərait əhalinin rahatlığını təmin edəcək, məskunlaşma daha da artacaqdır. Bütün bunlar kəndin gələcək uğurlarına təminatdır. Kəndin məhsuldar torpaqları vardır. Heyvandarlıq, maldarlıq, quşçuluq inkişaf edib, torpaqlar əkilir, yaxşı məhsul götürülür, ailə təsərrüfatları formalaşıb. Bunların davamlı olması üçün dövlət tərəfindən bundan sonra da sakinlərə dəstək göstəriləcəkdir. Torpaqların əkilməsi dövlətin inkişafına töhfədir. Ona görə də kənd sakinləri ərzaq təhlükəsizliyinin təmin olunmasına və ölkənin inkişafına öz töhfələrini verməlidirlər.
Kənd ağsaqqalı Rəhim Rəhimov sakinlər adından minnətdarlıq edərək deyib: “Ölkəmizin ərazi bütövlüyünün bərpası üçün aparılan 44 günlük Vətən müharibəsində naxçıvanlı igid oğullar da şücaət göstərib. Bu yolda şəhid olanlara rəhmət, qazilərimizə şəfa diləyirəm. Bütün bunlar muxtar respublikada hər bir sahə kimi, ordu quruculuğuna da göstərilən qayğı sayəsində mümkün olub. Muxtar respublikanın hərtərəfli tərəqqisini özündə əks etdirən inkişaf və quruculuğun ünvanına çevrilən Şərur da bu gün yüksəlişin yeni mərhələsindədir. Son 25 ildə rayonun siması tamamilə dəyişib, çox sayda sosial obyektlər, istehsal və emal müəssisələri yaradılıb, yollar, körpülər salınıb, meliorasiya qurğuları istismara verilib. Görülən bu işlər rayon sakinlərinin daim sevincinə səbəb olur. Bu gün bizim kəndin sakinləri də sevinc içindədirlər. Çünki kəndimiz şəhər görkəmi alıb. Şəhriyar kəndinin insanları çox zəhmətkeş, torpağa bağlı insanlardırlar. Biz də çalışacağıq ki, bundan sonra da torpaqlarımızı əkib-becərək, yaxşı məhsul əldə edərək, ailə təsərrüfatı festivallarında, keçirilən yarmarkalarda rayonumuzu layiqincə təmsil edək. Bugünkü tədbir əlamətdar bir günə təsadüf edir. Belə bir əlamətdar gündə kəndimizə gəlməyinizə, yaratdığınız bu şəraitə və gözəlliyə görə Sizə kənd ağsaqqalları adından dərin minnətdarlığımızı bildiririk. Ad gününüz münasibətilə bütün rayon sakinləri adından Sizi təbrik edir, uzun ömür, möhkəm cansağlığı, fəaliyyətinizdə uğurlar arzulayırıq. Söz veririk ki, qurulub-yaradılanları göz bəbəyimiz kimi qoruyub-saxlayacaq, gələcək nəsillərə ötürəcəyik”.
Ali Məclisin Sədri xidmət mərkəzində ailə təsərrüfatı məhsullarının satışına üstünlük verilməsi barədə tapşırıq verib.
* * *
Şəhriyar kəndində aparılan abadlıq-quruculuq işləri çərçivəsində 700 metr içməli su və 150 metr suvarma xəttində təmir-bərpa, 900 metr arxda və 800 metr kollektorda lildən təmizləmə işləri aparılıb. Kəndin rabitə, elektrik və qaz xətləri də yenilənib, 1484 metr fiber-optik, 1801 metr yeraltı, 1905 metr hava rabitə, 3000 metr izolyasiyasız, 1500 metr izolyasiyalı hava elektrik xətti çəkilib, 1 transformator yarımstansiyası yenidən qurulub, 1-i isə yenisi ilə əvəz olunub. Kəndin təbii qaz təchizatı da yaxşılaşdırılıb, yeni tikililərə 650 metr yeni qaz xətti çəkilib, 2987 metrlik qaz xəttində təmir-bərpa işləri aparılıb.