Ümummilli liderimiz Heydər Əliyev demişdir: “Hamımız üçün bir böyük məfhum var: Azərbaycan Respublikası, Azərbaycan xalqı. Bu məfhum ətrafında hamı sıx birləşməlidir”.
Əsası ulu öndərimiz tərəfindən Naxçıvan Muxtar Respublikasında qoyulan həmrəylik və ordu quruculuğu siyasəti bu gün ölkəmizdə uğurla davam etdirilir. Birlik və həmrəylik ölkəmizin davamlı inkişafını təmin etməklə yanaşı, həm də ordumuzun qüdrətini artırır. Bunun nəticəsidir ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuz Vətən müharibəsində tarixi qələbə qazandı. Naxçıvan Muxtar Respublikasında xalqımızın milli birliyinin rəmzinə çevrilən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günündə əsgərlərlə görüşlərin keçirilməsi, sovqatların aparılması da dövlət-ordu-xalq birliyinin daha bir nümunəsi kimi mühüm əhəmiyyətə malikdir.
Dekabrın 31-də – Dünya Azərbaycanlılarının Həmrəylik Günündə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov hərbi hissədə olmuşdur.
Əlahiddə Ümummqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev Ali Məclisin Sədrinə raport vermişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov əsgərləri salamlamış, onları Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edərək demişdir: Bu il ölkəmiz 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü Qələbə bayramı ilində qeyd edir. Həmrəylik günü 1991-ci il 16 dekabrda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işləyən ümummilli liderimiz Heydər Əliyev tərəfindən qəbul edilmişdir. Həmin dövrdə Azərbaycanda separatizm, hərc-mərclik, qarşıdurmalar hökm sürür, bundan istifadə edən düşmən isə topaqlarımızı işğal edirdi. Lakin Naxçıvanda əhali ümummilli liderin ətrafında birləşərək sabitlik, inkişaf yolunu seçdi, muxtar respublikanın ərazisini qorudu, Heydər Əliyev-xalq birliyi yarandı. 1993-cü ildə ümummilli liderin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışından sonra Naxçıvanda yaranmış Heydər Əliyev-xalq birliyi, həmrəyliyi bütövlükdə Azərbaycanda dövlət-xalq birliyinə çevrildi. Ulu öndərin rəhbərliyi və qətiyyəti sayəsində Azərbaycanda sabitlik yarandı, müstəqilliyimiz qorundu və hərtərəfli inkişafın əsası qoyuldu.
Ali Məclisin Sədri demişdir: Ümummilli liderin yolunu uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda dövlət-xalq-ordu birliyini formalaşmışdır. Bu birliyin nəticəsi İkinci Qarabağ müharibəsində öz təsdiqini tapdı. Ölkə Prezidentinin bir çağırışı ilə minlərlə insan səfərbərlik xidmətlərinə müraciət edərək könüllü cəbhəyə getməyə hazır olduqlarını bildirdilər. Vətən müharibəsində xalq-ordu birliyinin nümayişi olaraq insanlar ordumuzla həmrəylik nümayiş etdirdi, öz şəxsi təsərrüfatlarında yetişdirdikləri məhsullardan ordumuza dəstək göstərdilər. 1991-ci ilin 16 dekabrından başlanan həmrəylik 44 gün davam edən Vətən müharibəsində ölkəmizə qələbə qazandırdı, Azərbaycan torpaqları işğaldan azad edildi. Bu gün ölkəmizdəki həmrəylik həm də dövlətimizin inkişafının, insanların vətənpərvərliyinin göstəricisidir. 30 il əvvəl Naxçıvanda qəbul olunan qərar dünyada yaşayan bütün azərbaycanlıların həmrəylik gününə, həmrəylik nəticəsində qazanılmış qələbə isə dünya azərbaycanlılarının qələbəsinə çevrilmişdir. Ona görə də birliyimiz, həmrəyliyimiz hər il daha da möhkəmlənməli, hər kəs harada işləməsindən, xidmət etməsindən asılı olmayaraq ölkənin inkişafı, tərəqqisi üçün səy göstərməli, müstəqilliyimizin qorunması naminə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməlidir. Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi, “Qələbə qazanmışıq və bu Qələbə ölkəmiz üçün yeni dövr açır. Bu dövr inkişaf, təhlükəsizlik və tərəqqi dövrü olacaqdır”.
Ali Məclisin Sədri əsgər və zabitlərə xidməti fəaliyyətlərində uğurlar arzulamışdır.
Zabit İntiqam Ağasıyev minnətdarlıq edərək demişdir: Müstəqil Azərbaycan dövlətinin əbədiliyi ümummilli liderimiz Heydər Əliyevin fəaliyyətinin, xalqımızın bu günü və gələcəyi naminə göstərdiyi misilsiz xidmətləri sayəsində mümkün olmuşdur. Ulu öndərimiz ordu quruculuğuna xüsusi diqqət yetirmiş, onun müdrikliyi və uzaqgörənliyi sayəsində Silahlı Qüvvələrin müasir texnika və silahlarla təchiz olunması, ordunun zabit kadrları ilə komplektləşdirilməsi, hərbi hisələrin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, hərbi intizamın möhkəmləndirilməsi sahəsində mühüm nailiyyətlər əldə olunmuşdur. Bütün bunlar ölkəmizin Prezidenti, Ali Baş Komandanımız cənab İlham Əliyevin ulu öndərimizin siyasətini uğurla davam etdirməsinin bəhrələridir. Sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində öz gücünü bütün dünyaya göstərən Azərbaycan ordusu şanlı zəfər tarixi yazdı. Böyük qürurla və iftixar hissi ilə bildirmək istəyirəm ki, Əlahiddə Ümumqoşun Ordunun hərbçiləri də Qarabağda gedən hərbi əməliyyatlarda böyük şücaət göstərmiş, torpaqlarımızın işğaldan azad olunması üçün canlarından keçərək şəhidlik zirvəsinə yüksəlmiş, qazi olmuşlar. Onlar göstərdikləri rəşadətə görə Ali Baş Komandan tərəfindən “Vətən müharibəsi qəhrəmanı” fəxri adına layiq görülmüş, orden və medallarla təltif olunmuşlar. Fəxrlə sadaladıqlarım bizim üçün örnəkdir. Bundan sonra da xidmət dövründə bu qəhrəmanlıqlardan nümunə götürəcək, vətənimizin keşiyində ayıq-sayıq dayanacağıq.
Əsgər Ziyarət Məmmədov muxtar respublikada ordu quruculuğu sahəsində mühüm tədbirlərin görüldüyünü bildirmiş, Ali Məclis Sədrinin şəxsi heyətlə görüşlərinin birlik və həmrəyliyin nümunəsi olduğunu diqqətə çatdırmışdır. Şəxsi heyət “Hamı bir nəfər, bir nəfər hamı üçün” şüarını səsləndirmişdir.
Hərbi hissəyə Sədərək rayonundakı yeni yaşayış binasında iki otaqlı xidməti mənzil verilmişdir.
Ali Məclisin Sədri yeni mənzilin açarını hərbi hissənin zabiti Amil Rəhimliyə təqdim etmişdir.
Amil Rəhimli minnətdarlıq edərək demişdir: Ali Baş Komandanımız cənab İlham Əliyev tərəfindən ordumuzun madi-texniki bazasının gücləndirilməsi yanaşı, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində də mühüm tədbirlər həyata keçirilir. Xidmət etdiyim Əlahiddə Ümumqoşun Orduda isə bu işlər Ali Məclisin Sədrinin daim diqqət mərkəzindədir. Xüsusilə ön xəttə xidmət edən hərbi qulluqçuların ailə üzvlərinin hərtərəfli şəraitə malik mənzillərlə təmin edilir. Bu da onların rahat yaşamaları ilə yanaşı, xidməti fəaliyyətə də öz müsbət təsirini göstərir.
Sonra Ali Məclisin Sədri hərbi hissədə xidmətin təşkili, şəxsi heyətin qidalanması və döyüş hazırlığının vəziyyəti ilə maraqlanmışdır.
Gətirilmiş ərzaq məhsulları hərbi hissənin anbarına təhvil verilmiş, xidməti mənzillə təmin olunan ailəyə xalça hədiyyə edilmişdir.
* * *
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin kollektivi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Psixi və Ağciyər Xəstəlikləri dispanserləri, Onkoloji və Yoluxucu Xəstəliklər mərkəzlərində olmuş, xəstələrə və tibb işçilərinə hədiyyələr paylanılmış, gətirilmiş ərzaq məhsulları anbarlara təhvil verilmişdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti