Muxtar respublikada tarixi abidələrin bərpası dəyərlərimizə və mədəni irsimizə sahiblik nümunəsi kimi böyük əhəmiyyət daşıyır. Ali Məclis Sədrinin tapşırığına əsasən muxtar respublikanın qədim yaşayış məntəqələrindən olan Şahtaxtı kəndindəki Şərq hamamı bərpa olunmuşdur.
Mayın 27-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov aparılan bərpa işləri ilə maraqlanıb.
Tarixi abidələrin bərpası üzrə mütəxəssis, memar Arif Əzizov məlumat vermişdir ki, 2 günbəzli Şahtaxtı hamamı düzbucaqlı arxitektura quruluşuna malikdir. Hamamın günbəzləri eyni ölçülü olub, diametri 5, xaricdən hündürlüyü isə 1,3 metrdir. Tavanda açılmış bacalar vasitəsilə işıqlandırılan hamam yarımyeraltı formada inşa edilmişdir ki, bu da istiliyin qorunmasına və su ilə təchizatın yaxşılaşmasına şərait yaratmışdır. Hamam xaricdən travertin daşlarla, daxili divarları, tağ və günbəzləri qədim növlü kərpiclə, binanın dam örtüyü və günbəzlərin üst qatı isə alüminium vərəqlərlə üzlənmişdir. Sahəsi 215 kvadratmetr olan hamamda qadın gözəllik salonu, dərzi, rəssam və fotoqraf otaqları ayrılmışdır. Yeni xidmət sahələrində 4 nəfər işlə təmin olunmuşdur. Arif Əzizov tarixi-mədəni irsimizin qorunub yaşadılması sahəsində görülən işlərə görə bərpaçılar adından Ali Məclisin Sədrinə minnətdarlıq etmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Şahtaxtı kəndindəki Şərq hamamının bərpa və yenidənqurmadan sonra istifadəyə verilməsi münasibətilə tədbir iştirakçılarını təbrik edərək demişdir: Muxtar respublikada Şərq üslubunda tikilmiş 10-a yaxın tarixi hamam qeydiyyata alınmış, Ordubad və Naxçıvan şəhərlərindəki, Şərur rayonunun Yengicə kəndindəki qədim hamamlar bərpa olunmuşdur. Bu gün isə Şahtaxtı kəndindəki hamam yenidənqurmadan sonra istifadəyə verilir.
Ali Məclisin Sədri demişdir: Şahtaxtı kəndindəki Şərq hamamı uzun illər bu ərazidə yaşayan insanların sağlamlağına və təmizliyinə xidmət edib. Hamamın tarixi abidə kimi bərpası vaxtilə onu tikənlərin də xatirəsinin yad edilməsidir. Bu abidə xalqımızın mədəniyyətinin və təfəkkürünün göstəricisi olmaqla yanaşı, həm də muxtar respublikada bioqazla qızdırılan ilk hamam olmuşdur. Hamamı tikdirən İsa Sultan Şahtaxtinski Azərbaycanın qədim İrəvan şəhərində anadan olmasına baxmayaraq sonradan ailəsi Şahtaxı kəndinə köçmüşdür. O, Tiflisdə realnı gimnaziyanı bitirmiş, Sankt-Peterburqda təbiət elmləri üzrə təhsil almışdır. İsa Sultan Şahtaxtinski təbiət elmlərini dərindən bildiyi üçün bioqazla qızdırılan ilk hamamı da Şahtaxtı kəndində quraraq əhalinin istifadəsinə vermişdir. Ötən əsrin 80-ci illərinə qədər fəaliyyət göstərən hamam sonradan dağıntılara məruz qalmışdır. Lakin muxtar respublikada tarixi-mədəni irsin qorunması sahəsində görülən işlərin davamı olaraq hamam abidə kimi qeydiyyata alınmış və 2019-cu ildən etibarən bərpa olunmuşdur.
Ali Məclisin Səri abidənin yenidənqurulmasında iştirak edən bütün bərpaçılara təşəkkür etmişdir.
Hamamda yaradılan xidmət sahəsində işlə təmin olunan rəssam Fikrət Babayev demişdir: Bu gün hər birimiz üçün tarixi və yaddaqalan gündür. Hər birimiz üçün qürurvericidir ki, muxtar respublikamızda tarixi abidələrə böyük dəyər verilir, onlar qorunub gələcək nəsillərə ötürülür. Bu tədbirləri kəndimizdə qədim hamamın bərpası ilə bir daha gördük. Digər tərəfdən rəssam kimi mənə də bu binada işləmək üçün şərait yaradılmışdır. İndiyədək işləmək üçün mənim ayrıca emalatxanam olmamışdır. Fikrət Babayev kənd sakinləri və kollektiv adından yaradılan şəraitə görə Ali Məclis Sədrinə minnətdarlığını bildirmiş, qarşıdan gələn 28 May Respublika Günü münasibətilə təbriklərini çatdırmışdır.
Abidənin ətrafı abadlaşdırılmış, müasir işıqlandırma sistemi quraşdırılmış, yola asfalt örtüyü verilmişdir.