Noyabrın 8-də Yeni Havuş və Xətai kəndlərini əhatə edən yeni kənd mərkəzinin açılışı olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.
Məlumat verilib ki, kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, rabitə evi, polis sahə və baytarlıq məntəqələri, kitabxana, statistika otağı, klub, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, arxiv və 44 yerlik zal yerləşir. Kitabxanada 3207 kitab toplanıb, oxunması zəruri olan kitablardan ibarət guşə yaradılıb. Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatının 116 üzvü vardır. Onlardan 18-i gənc, 41-i qadındır.
Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatının sədri Günel Vəliyeva minnətdarlıq edərək deyib ki, kəndin inkişafı sakinləri sevindirir. Çünki dövlətimiz bu tədbirləri kənd əhalisinin rahat yaşayışı üçün görüb. Fəxr edirik ki, bütün bunlar Yeni Azərbaycan Partiyası tərəfindən həyata keçirilib. İnsanlar dövlətimizin siyasi xəttinə dəstək verir. Üzvlərin sayı ilbəil artır.
Rabitə evində 192 yerlik yeni nəsil ATS qurulub. Kənddə 81 telefon və 30-a yaxın internet istifadəçisi vardır.
Feldşer-mama məntəqəsində əhaliyə nümunəvi səhiyyə xidməti göstəriləcəkdir. Məntəqə üçün 4 iş otağı ayrılıb, ginekoloji müayinə masası, mama müayinə alət dəsti, təcili yardım çantası, qlükometr, soyuducu və tibbi ləvazimatlar qoyulub.
Tibb bacısı Tükəzban Musayevə deyib: “25 ildir feldşer-mama məntəqəsində çalışıram. Bugünə qədər şəraiti olmayan uyğunlaşdırılmış binada fəaliyyət göstərirdik. Lakin yaradılan müasir iş şəraiti göstərilən tibbi xidmətin də səviyyəsini yüksəldəcəkdir. Sakinlər və tibb işçiləri adından minnətdarlıq edir, daha səylə çalışacağımıza söz veririk”.
Ali Məclisin Sədri tibbi xidmətin təşkili ilə bağlı müvafiq tapşırıq və tövsiyələrini verib.