Cənab Prezidentin tapşırığına uyğun olaraq Naxçıvan MR-nın Daxili İşlər Nazirliyinin maddi texniki bazasının və əməkdaşların xidmət şəraitinin gücləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dəmir Yolu Nəqliyyatında Polis Şöbəsinin yeni inzibati binası istifadəyə verilib. Binanın açılışında Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli iştirak edib.
Üçmərtəbəli binanın foyesində Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin hüquq-mühafizə orqanları ilə keçirdiyi görüşləri əks etdirən fotoguşə yaradılıb. Şöbədə növbətçi, qəbul, xüsusi vasitələrin saxlanması otaqları, kriminalistik tədqiqatlar, istintaq və tədqiqat, təşkilati-inspektor qrupları üçün və digər xidməti otaqlar, eləcə də server otağı, arxiv, iclas zalı və bufet yerləşir. Xidmətin operativ təşkili üçün otaqların hər biri ən müasir avadanlıqlarla təchiz olunub. Binada mərkəzləşdirilmiş havalandırma və istilik sistemi də quraşdırılıb.
İnzibati bina ilə tanışlıqdan sonra səlahiyyətli nümayəndə muxtar respublikanən polis orqanlarına təqdim olunan yeni xidməti avtomobillərə baxıb .
Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, polis general-mayoru Süleyman Neymətov məlumat verib ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə 16 yeni xidməti avtomobil təqdim edilib.
Bildirilib ki, 4 “BMW” markalı avtomobil yol-patrul xidməti, “JAC-T8” markalı 12 avtomobil isə mühafizə polisi, post-patrul xidməti və Dəmir Yolu Nəqliyyatında Polis Şöbəsi üçün nəzərdə tutulub.