Azərbaycan polisinin yaranmasının 105 illiyi və ümummilli lider Heydər Əliyevin 100 illiyi münasibətilə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbində təntənəli buraxılış mərasimi keçirilib.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri Süleyman Neymətov və daxili işlər orqanlarının əməkdaşları Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərində əzəmətlə ucalan abidəsini ziyarət edib, ulu öndərin xatirəsinə ehtiramlarını bildiriblər.
Sonra tədbir Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbinin buraxılış mərasimi ilə davam etdirilib.
Tədbirdə ümummilli lider Heydər Əliyevin və vətənimizin suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş, xidməti-döyüş tapşırıqlarının yerinə yetirilməsi zamanı canlarından keçən hərbi qulluqçuların və polis əməkdaşlarının əziz xatirəsi yad edilib, Azərbaycanın dövlət himni səsləndirilib.
Səlahiyyətli nümayəndə kursantları salamlayıb, onları Azərbaycan Polisi Günü və məktəbi bitirmələri münasibətilə təbrik edib.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli çıxış edərək bildirib ki, daxili sabitliyin və ictimai təhlükəsizliyin qarantı olan daxili işlər orqanları ötən 105 ildə çətin və şərəfli yol keçib.
“Ümummilli lider Heydər Əliyev daxili işlər orqanlarının səmərəli fəaliyyətini, maddi-texniki bazasının möhkəmləndirilməsini, şəxsi heyətin peşəkarlıq səviyyəsinin yüksəldilməsini hər zaman diqqətdə saxlayıb. Ulu öndərimizin siyasi və quruculuq yolunu uğurla davam etdirən Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan polisi Vətən müharibəsindəki zəfərimizə öz imzasını atdı, böyük şücaət və qəhrəmanlıqlar göstərdi, şəhidlər verdi, – deyə Fuad Nəcəfli vurğulayıb.
Səlahiyyətli nümayəndə sürətlə inkişaf edən və güclənən Azərbaycanda polisin qarşısında bundan sonra daha mühüm vəzifələrin durduğunu bildirib, polis əməkdaşlarına daxili sabitliyin və ictimai təhlükəsizliyin qorunması naminə şərəfli fəaliyyətlərində uğurlar arzulayıb.
Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri Süleyman Neymətov bildirib ki, Azərbaycanda daxili işlər orqanları Prezident İlham Əliyevin yüksək qayğısı ilə əhatə olunub. Hər bir Azərbaycan polisi bu qayğıya cavab olaraq qürurla xidmət edir, daxili sabitliyin keşiyində şərəflə dayanır, cinayətkarlığa qarşı qətiyyətlə mübarizə aparır.
Süleyman Neymətov məktəbi bitirən gənc zabitləri polis orqanları sıralarında fəaliyyətə başlamaları münasibətilə təbrik edib, onlara yüksək təhsil və tərbiyə vermiş müəllimlərə və valideynlərə təşəkkürlərini çatdırıb.
Məzunlardan polis kiçik leytenantı Sərxan Eyvazov yaradılmış şəraitə görə minnətdarlığını bildirib.
Sonra məzunlara diplomlar təqdim olunub. Məktəbi fərqlənmə diplomu ilə bitirən polis kiçik leytenantı Uğur Səlimzadə yaş kötüyünə rəmzi xatirə lövhəsini vurub.
Şəxsi heyət “Azərbaycan polisi” marşını səsləndirib, mətin addımlarla tribunanın qarşısından keçib.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli tədbirdə iştirak edən valideynlərlə və məktəbin pedaqoji kollektivi ilə görüşüb, onlara təbriklərini çatdırıb, təşəkkür edib.
Tədbirdə iştirak edən qazi və şahid ailələri üzvlərinə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi və Azərbaycan Polis Gününə həsr olunmuş xatirə plaketləri təqdim edilib.