Aprelin 19-da Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan tədbir keçirilib.
Əvvəlcə ulu öndər Heydər Əliyevin, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan Əlahiddə Çevik Polis Alayının komandiri, polis polkovniki Ramil Piriyev ulu öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin, iqtisadi-siyasi əsaslarının, dövlətçilik ənənələrinin möhkəmləndirilməsində və inkişafında, hüquqi, demokratik və dünyəvi dövlət kimi imicinin yüksəldilməsindəki əvəzsiz rolundan danışıb, respublika daxili işlər orqanlarının formalaşmasında, təkmilləşdirilməsində, ölkədə cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmini işinin yüksək səviyyədə təşkilində göstərdiyi müstəsna xidmətlər barədə ətraflı məlumat verib.
Bildirilib ki, şərəfli ömür yolunu ölkəmizin tərəqqisinə və xalqımızın parlaq gələcəyinə həsr edən ulu öndər dövlətçiliyin ideoloji-siyasi əsaslarını yaratmaqla, xalqı əsl müstəqilliyə qovuşduraraq tariximizdə əbədiyaşarlıq qazanıb.
Tədbirdə çıxış edən AMEA-nın Tarix İnstitutunun professoru Ədalət Qasımov Heydər Əliyevin zəngin irsindən söhbət açıb və bunun hər bir azərbaycanlı üçün örnək olduğunu bildirib.
Tədbirin sonunda “Heydər Əliyev və 44 günlük Zəfər yolu” adlı sənədli film nümayiş olunub.