“Həyatını Vətəninə və xalqına həsr edən Heydər Əliyevin xilaskarlığı nəticəsində Azərbaycan təlatümlərdən, sarsıntılardan uğurla çıxaraq gələcəyə inamla baxan bir dövlətə çevrildi”. Bu fikirlər Ulu Öndərin 100 illiyi ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsində keçirilən tədbirdə bildirilib.
Çıxış edən baş idarənin rəis müavini polis general-mayoru Vüqar Ələkbərov bildirib ki, müstəqilliyimizin ilk illərində bir tərəfdən ölkə daxilində hakimiyyət uğrunda gedən mübarizənin yaratdığı vətəndaş qarşıdurması, xarici qüvvələrin dəstəklədiyi Ermənistanın Azərbaycana qarşı təcavüzü ölkəmizi uçuruma aparırdı. Belə bir zamanda ümummilli liderin hakimiyyətə qayıdışından sonra xaosdan qurtuluşa keçidin əsası qoyuldu, ölkənin ictimai-siyasi həyatında və kriminogen durumunda köklü müsbət dəyişikliklər baş verdi.
Daha sonra çıxışlarda vurğulanıb ki, Heydər Əliyev Azərbaycan polisinin bu dövrdəki xidmətlərini həmişə çox yüksək qiymətləndirib. Təsadüfi deyil ki, məhz ulu öndərin rəhbərliyi altında hüquq-mühafizə orqanları respublikada tüğyan edən mütəşəkkil cinayətkarlığa, sabitlik üçün təhlükə doğuran zərərli meyillərə qarşı uğurlu mübarizəyə, qanunsuz silahlı birləşmələrin zərərsizləşdirilməsinə başlandı. Vətəndaşların dinc yaşamaları üçün lazımi şərait yaradıldı. Onların dövlətə, hüquq-mühafizə orqanlarına inamı daha da artdı, ictimai-siyasi, həmçinin kriminogen vəziyyət nəzarətə götürüldü. Ümummilli lider Heydər Əliyev tərəfindən daxili işlər orqanlarının fəaliyyəti ilə bilavasitə bağlı olan, vacib qanunlar, hüquqi-aktlar qəbul edildi.
Tədbirin sonunda “Heydər Əliyev və 44 günlük Zəfər yolu” adlı sənədli film nümayiş olunub.