Martın 18-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Culfa rayonunun Yaycı kəndini içməli su ilə təmin edəcək su şəbəkəsinin açılış mərasimində iştirak edib.
Əvvəlcə səlahiyyətli nümayəndə kənd sakinləri ilə görüşüb, onların problemləri ilə maraqlanıb, Novruz bayramı münasibətilə təbriklərini çatdırıb, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə muxtar respublikada görülən işlər haqqında məlumat verib.
Kənd ziyalısı, Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti, Ali Məclisin deputatı Fərəc Fərəcov sakinlər adından kəndin içməli su təminatının yaxşılaşdırılması ilə bağlı görülən işlərə görə ölkə Prezidentinə minnətdarlıq edib.
Sonra məlumat verilib ki, Gilançay yatağında diametri 300 millimetrlik borularla 13 baxış quyusu olan 590 metrlik kaptaj və ətrafında selyönəldici bənd tikilib. Kaptajdan su anbarlarına qədər plastik borularla 12,4 kilometr xətt çəkilib. Su natrium hipoxloridlə dezinfeksiya olunaraq hər birinin tutumu 1000 kubmetr olan 2 su anbarına yığıldıqdan sonra öz axını ilə şəbəkəyə verilir. Layihəyə əsasən kənddə müxtəlif diametrli borularla, ümumilikdə 107,6 kilometr su xətti çəkilib və 1485 evə su verilərək sayğac quraşdırılıb. Su şəbəkəsi üzərində 6 yanğın hidrantı, qəza hallarında isə məhəllə xətlərinin bağlanması üçün 5 suboşaldıcı və 86 siyirtmə qoyulub. Relyefdən asılı olaraq mənzillərə 2-5 bar arasında təzyiqlə su verilir.