Martın 16-da – Novruz bayramı ərəfəsində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli və Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev şəhid ailəsi və qazilərlə görüşüb, 3 şəhid ailəsinə, 5 qaziyə yeni mənzil, 12 qaziyə isə avtomobillər təqdim olunub.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli tədbir iştirakçılarını mənzil və avtomobillərlə təmin olunmaları, eyni zamanda qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edərək deyib ki, hər zaman şəhid ailələri, qazilər və müharibə veteranları dövlətin qayğısı ilə əhatə olunub və bundan sonra da onlar bu qayğıdan kənarda qalmayacaqlar. Bu gün – bayram ərəfəsində ehtiyacı olanlara mənzil və avtomobillər təqdim olunur. Silsilə tədbirlər bundan sonra da davam etdiriləcək. Qeyd olunub ki, görülən işlər şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına dövlət tərəfindən göstərilən qayğının əyani təzahürüdür.

DCIM100MEDIADJI_0005.JPG

Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev çıxış edərək deyib ki, Azərbaycan tarixində ən şanlı səhifələrdən birini Azərbaycan ordusu 44 günlük zəfər savaşında yazdı. Vətən müharibəsini Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusu və bu ordunun, Ali Baş Komandanın ətrafında yumruq kimi birləşmiş Azərbaycan xalqı qazandı. Azərbaycan ordusu dünyada silah və texnika baxımından qabaqcıl ordulardandır. Lakin silah və texnika ilə qəhrəman əsgər və zabitlər olmadan heç bir nəticə əldə edilə bilməz. Şəhidlərimiz öz qanları və canları ilə Azərbaycanın suverenliyini qorudu, işğalda olan ərazilərimizi geri qaytardı. Sahil Babayev ölkə başçısının tapşırığı ilə ötən dövrdə ölkə üzrə müvafiq kateqoriyadan olan insanlara göstərilən xidmətlərdən ətraflı danışıb. Bildirilib ki, Naxçıvan Muxtar Respublikasında da müvafiq kateqoriyadan olan vətəndaşlar hər zaman diqqət mərkəzindədir və burada da böyük paketlər icra olunacaq.

Sonra Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli və Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev mənzillərin orderlərini və avtomobillərin açarlarını təqdim ediblər.

Mənzil və avtomobillə təmin olunan qazilərdən Uğur Əliyev, Abbasəli Tarverdiyev və İlqar Caməmmədov şəhid ailələri və qazilərə göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə minnətdarlıqlarını bildiriblər.

Şəhid ailələrinə və qazilərə verilən 2 və 3 otaqlı mənzillər Kəngərli rayonunun Qıvraq, Sədərək rayonunun Heydərabad qəsəbələrində, Culfa, Şahbuz və Babək şəhərlərindəki yaşayış binalarında yerləşir.