Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq yanvarın 25-də və 26-da Qəbələ Rayon Polis Şöbəsində növbəti qəbul keçirib.
Nazir əvvəlcə Qəbələ şəhərindəki ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini böyük hörmət və ehtiramla yad edib.
Sonra Rayon Polis Şöbəsinin inzibati binasında Şəki, Balakən, Qax, Oğuz, Zaqatala və Qəbələ şəhər və rayonlarından qəbula gələn 104 vətəndaşın müraciətini dinləyən nazir onların problemlərinin həlli üçün Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib.
Müraciətlərin əksəriyyəti yerindəcə həllini tapıb.
Səfər çərçivəsində general-polkovnik Vilayət Eyvazov DİN Daxili Qoşunlarının Qəbələdə yerləşən hərbi hissəsinə gedib. Nazir orada ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş hərbi qulluqçuların xatirəsinə ucaldılmış abidəni ziyarət edib.
Nazir V.Eyvazov hərbi qulluqçuların kazarma-məişət şəraiti ilə maraqlanıb, həmçinin silah təminatı, avtomobil və zirehli texnika parkı, ərazidə aparılan abadlıq, quruculuq işləri ilə yaxından tanış olub.
Sonra daxili işlər nazirinin rəhbərliyi ilə hərbi hissənin qərargahında komandir heyəti ilə əməliyyat müşavirəsi keçirilib. Nazir hərbi qulluqçulara konkret tapşırıq və tövsiyələrini verərək qanunvericiliklə müəyyən edilmiş vəzifə və tapşırıqların öhdəsindən bundan sonra da layiqincə gələcəklərinə əminliyini ifadə edib.
Sonda general-polkovnik V.Eyvazov bölgə üzrə polis orqanlarında sıravi və kiçik rəis heyətinə xidmətə qəbulla bağlı sıra baxışı keçirib.
Sıra baxışında ətraf rayonlarda yaşayan, polis orqanlarında xidmət etmək arzusunda olan gənclər iştirak edib. 34-ü Vətən müharibəsi iştirakçısı, 3-ü isə şəhid ailələrinin üzvləri olmaqla xidmətə qəbulun şərtlərinə uyğun gələn 131 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.