Noyabrın 29-da Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasının yeni binası istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak etmişdir.
Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova və Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Əliyev çıxış etmişlər.
Kitabxananın əməkdaşı Xədicə Hüseynova yaradılan şəraitə görə kitabxanaçılar və oxucular adından dövlətimizə minətdarlıq etmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasının yeni binasının istifadəyə verilməsi münasibətilə tədbir iştirakçılarını, kitabxananın kollektivini və oxucuları təbrik etmiş, əməyi olanlara təşəkkürünü bildirmiş, fəaliyyətlə bağlı müvafiq tapşırıqlar vermişdir.
Kitabxana ilə tanışlıq zamanı məlumat verilmişdir ki, yeni bina zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarətdir. Zirzəmidə tərtibatçı rəssam, elektrik, təsərrüfat müdiri, gözətçi, xadimə, texniki işçilər üçün otaqlar, 50 yerlik tədbir zalı, qarderob, bufet, anbar və qazanxana vardır. Birinci mərtəbədə direktor, qəbul, direktor müavini, qeydiyyat və 10 iş otağı, ikinci mərtəbədə 2 oxu zalı və iş otağı, üçüncü mərtəbədə 3 kitab fondu, 2 dövri mətbuat fondu və 2 iş otağı yerləşir. Binada 11 kompüter və elektron lövhə quraşdırılmışdır.
Hazırda kitabxana fondunda 90 min 786 nüsxə kitab vardır. I-IV siniflər üçün oxu zalında 7 min 119 nüsxə, V-XI siniflər üçün oxu zalında 10 min 217 nüsxə kitab oxucuların istifadəsinə verilmişdir.
Sonra Ali Məclisin Sədri Ana Dili Abidəsinə baxmışdır. Bildirilmişdir ki, binanın həyətində hündürlüyü 9 metr olan Ana Dili Abidəsi ucaldılmışdır. Ərazidə abadlıq işləri də görülmüş, yaşıllıqlar salınmış, avtomobil dayanacağı yaradılmışdır.