Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuz İkinci Qarabağ müharibəsində torpaqlarımızı işğaldan azad edərək Zəfər qazandı. Zəfər tariximizin əbədiləşdirilməsi və şəhidlərimizin xatirəsinə ehtiramın ifadəsi olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 7 fevral 2022-ci il tarixli Sərəncamı ilə Naxçıvan şəhərində Zəfər Abidəsi yaradılmış, Zəfər Parkı salınmışdır.
Noyabrın 5-də – Zəfər Günü ərəfəsində Naxçıvan şəhərində Zəfər Abidəsi istifadəyə verilmiş, Vətən müharibəsi şəhidlərinin ailələrinə və qazilərə mənzillər və avtomobillər təqdim olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak etmişdir.
Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov şəhidlərimizin əziz xatirəsini yad etmiş, şəhid ailələrinə və qazilərə ehtiramını bildirmiş, yeni mənzillərində rahat həyat arzulamışdır. Həmçinin Ali Məclisin Sədri Zəfər Günü və Naxçıvan şəhərində Zəfər Abidəsinin istifadəyə verilməsi münasibətilə şəhid ailələrini, müharibə iştirakçılarını və veteranları, muxtar respublikadakı ordu, birləşmə və hissələrin şəxsi heyətlərini, muxtar respublika əhalisini təbrik etmişdir.
Sonra Ali Məclisin Sədri 2 şəhid ailəsi və 4 qaziyə mənzillərin orderlərini, 5 qaziyə isə avtomobillərin açarlarını təqdim etmişdir.
Şəhid anaları Yəmən Abbasova və Aytən Eyvazova, qazilərdən Əmrah Məmmədov, Rza Əlirzayev, Fərdi Cəlilov, Fərdi Məmmədov, Mirkənan Kərimov və Azər Rüstəmli mənzillər və avtomobillərlə təmin olunmalarını onlara göstərilən qayğı kimi dəyərləndirmiş, dövlətimizə minnətdarlıq etmişlər.
Şəhid ailələrinə verilən 2 və 3 otaqlı mənzillər Kəngərli rayonunun Qıvraq qəsəbəsində, Culfa və Naxçıvan şəhərlərindəki yaşayış binalarında yerləşir. Tam təmir olunan mənzillərə mebel dəstləri qoyulmuş, lazımi kommunal şərait yaradılmışdır.
Sonra Zəfər Abidəsinə və parka baxış olmuşdur.
Məlumat verilmişdir ki, Zəfər abidəsində dövlət bayrağının elementlərindən istifadə olunmuşdur. Abidənin plan quruluşu 8 guşəli ulduz və ayparadan ibarətdir. 12,5 metr yüksəkliyi olan abidə böyük Zəfərin ifadəsidir. Abidənin ətrafında park salınmış, ağac və gül kolları əkilmiş, müasir işıqlandırma sistemi quraşdırılmışdır.