Oktyabrın 28-də Türkiyə Cümhuriyyətinin yaradılmasının 99-cu ildönümü münasibətilə Türkiyə Respublikasının Naxçıvandakı Baş Konsulluğu tərəfindən rəsmi qəbul təşkil edilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov rəsmi qəbulda iştirak etmişdir.
Tədbirdə Azərbaycan və Türkiyə şəhidlərinin xatirəsi yad edilmiş, Azərbaycan və Türkiyə Respublikalarının dövlət himnləri səsləndirilmiş, cümhuriyyətin qurulması ilə bağlı videoçarx nümayiş etdirilmişdir.
Türkiyənin Naxçıvandakı Baş konsulu Məhmət Emin Kiraz Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Təyyib Ərdoğanın cümhuriyyətin 99-cu ildönümü münasibətilə Türkiyənin xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə göndərdiyi məktubu oxumuş, ikitərəfli əlaqələrdən bəhs etmiş, Naxçıvanda baş konsul kimi vəzifəsinin başa çatdığını diqqətə çatdırmış və bu müddət ərzində göstərilən dəstəyə görə Ali Məclisin Sədrinə minnətdarlıq etmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyənin müstəqillik bayramı – Cümhuriyyət elan edilməsinin 99-cu ildönümü münasibətilə tədbir iştirakçılarını, konsulluğun əməkdaşlarını və qardaş Türkiyə xalqını təbrik etmiş, rifah və tərəqqi arzulamışdır.