Bu münasibətlə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbində keçirilən tədbiri Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, polis polkovniki Rəşad İsmayılov açaraq bildirib ki, muxtar respublikada ictimai sabitliyin, təhlükəsizliyin və asayişin qorunmasında əsas rol oynayan daxili işlər orqanları hərtərəfli dövlət qayğısı ilə əhatə olunub, onların fəaliyyəti daim diqqət mərkəzində saxlanılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Naxçıvan Muxtar Respublikası daxili işlər orqanlarının fəaliyyəti və qarşıda duran vəzifələr barədə müşavirədəki çıxışında polis sahə inspektorlarının təkmilləşdirilməsinin zəruriliyinə toxunaraq müvafiq tapşırıqlar verib. Bu məqsədlə 2021-ci ilin noyabr ayında Daxili İşlər Nazirliyinin ştat strukturu yenidən hazırlanarkən nazirlik üzrə mövcud olan sahə inspektorunun ştat sayı artırılıb, muxtar respublikada mövcud olan hər bir inzibati ərazi dairəsi üzrə 1 polis sahə inspektoru ştatının yaradılması təmin olunub. Eyni zamanda sahə inspektorlarının fəaliyyətinə nəzarətin və işin səmərəsinin artırılması məqsədilə onların tabeçilik üzrə xidmət sahəsi olan şəhər, rayon polis idarələrinin ictimai təhlükəsizlik şöbələrinə 1 baş inspektor ştat vahidi əlavə edilib.
Qeyd olunub ki, ötən dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə polis sahə inspektorlarının fəaliyyətinin qanunauyğun və səmərəli təşkilinə dəstək məqsədilə onlar üçün zəruri materiallar toplusundan ibarət xidməti çanta hazırlanıb. Həmçinin sahə inspektorlarının fəaliyyətində yeni texnologiyaların tətbiqi nəzərə alınaraq onlara xidməti fəaliyyət üçün planşetlər təqdim olunub. Polis sahə inspektorlarının peşə hazırlığı səviyyəsinin yüksəldilməsi məqsədilə ixtisasartırma kurslarının təşkili də bu sahədə görülən işlərin davamıdır.
Orta İxtisas Polis Məktəbinin rəisi, polis polkovniki Kamil Məmmədəliyev bildirib ki, dövlətimizin hərtərəfli diqqət və qayğısı nəticəsində muxtar respublikamızın təhsil, hüquq-mühafizə, o cümlədən daxili işlər orqanları üçün müasir iş şəraiti yaradılıb, maddi-texniki baza möhkəmləndirilib. Hüquq-mühafizə və təhsil sahəsində görülən işlərin davamı olaraq daxili işlər orqanlarının ixtisaslı kadrlarla komplektləşdirilməsini təmin etmək üçün Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 5 mart tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbi yaradılıb. Polis Məktəbi muxtar respublikamızda gənclərə göstərilən ali diqqət və qayğının bariz nümunəsi olmaqla yanaşı, onların müasir dünyəvi dəyərlərə əsaslanan təşəbbüskar, mübariz və müstəqil ruhda tərbiyəsi, dövlət quruculuğu işlərinə yaxından cəlb edilməsi istiqamətində əhəmiyyətli rol oynayır. Məktəbin fəaliyyətinin əsas istiqaməti daxili işlər orqanları üçün orta ixtisas təhsilli zabit kadrları hazırlamaqla yanaşı, əməkdaşların əlavə təhsil almalarını təşkil etməkdən ibarətdir. Müasir dövrün tələbinə uyğun olaraq cinayətkarlığa qarşı mübarizə və ictimai qaydanın təmini sahəsində yaranan yeniliklər əməkdaşların da bu istiqamətdə bilik və bacarıqlarının artırılmasını zəruri edir. Polis sahə inspektorları üçün təşkil olunmuş 1 aylıq ixtisasartırma kursu da əməkdaşların peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, daim dəyişən və yeniləşən xidmət şəraitinə uyğunlaşdırılmasını, hüquq-mühafizə fəaliyyətində fəal və səmərəli iştirakını təmin etməkdən ibarətdir.
Vurğulanıb ki, kurs müddətində, ümumilikdə, müxtəlif fənlər üzrə 120 saat tədris məşğələləri keçirilib. İxtisasartırma kursu zamanı əsas diqqət Daxili işlər orqanlarının inzibati fəaliyyəti fənninə ayrılıb, kursun sonunda həmin fəndən test imtahanı qəbul edilib.
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Kadrlar şöbəsinin rəisi, polis mayoru Rahin Əmirov bildirib ki, muxtar respublikamızın ərazi polis orqanlarında xidmət edən 30 polis sahə inspektoru seçmə üsulu ilə Naxçıvan Muxtar Respublikası daxili işlər nazirinin müvafiq əmri ilə 12 sentyabr 2022-ci il tarixdən biraylıq müddətə Orta İxtisas Polis Məktəbində ixtisasartırma kursuna cəlb olunub, onlardan 25 nəfər – 13 nəfəri “əla”, 12 nəfəri isə “yaxşı” qiymətlərlə kursu başa vurub.
Sonra Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, polis polkovniki Rəşad İsmayılov ixtisasartırma kursunu müvəffəqiyyətlə bitirən sahə inspektorlarına sertifikatları təqdim edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.