Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Bu gün Naxçıvanın gələcək inkişafı ilə bağlı əlavə sözlərə ehtiyac yoxdur. Çünki bütün işlər burada ən yüksək səviyyədə görülübdür”.
Son illər həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq tədbirləri, sosial sahəyə qayğı və yeni infrastrukturun yaradılması muxtar respublikanın kənd yaşayış məntəqələrini müasirləşdirib. Babək rayonunun böyük yaşayış məntəqələrindən olan Sirab kəndində də quruculuq işləri aparılıb, əhalinin rahat yaşayışı təmin olunub.
Sirab kənd məktəbi yenidən qurulub
Sentyabrın 26-da Sirab kənd tam orta məktəbinin yeni binası istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov məktəbdə yaradılan şəraitlə tanış olmuşdur.
Məlumat verilmişdir ki, zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olan 960 şagird yerlik məktəbdə 49 sinif otağı, kimya, biologiya, fizika laboratoriyaları, 3 elektron lövhəli sinif, 2 şahmat sinfi, 2 kompüter, 2 müəllimlər, psixoloq və direktor otaqları, hərbi kabinə, STEAM kabinəsi, kitabxana, qarderob, bufet, idman zalı və texniki otaqlar yerləşir.
Məktəbin kitabxana fondunda 10 min 292 kitab vardır. Kitabxanaya “Fərdi paylayıcı-öyrədici vəsaitlər toplusu” təqdim olunmuşdur. Fərdi paylayıcı materialların tətbiqinin əsas məqsədi uşaqların öyrəndikləri mövzuları müstəqil mənimsəmələrinə, müxtəlif məlumat mənbələri ilə işləmək bacarıqlarının formalaşdırılmasına, təlim fəaliyyətinin aktivləşdirilməsinə, eyni zamanda yeni materialı daha dərindən qavramalarına səbəb olur.
STEAM kabinəsində 1 elektron lövhə, 2 kompüter, 3D printer quraşdırılmışdır. Kabinə mikrobit, arduino setləri və digər öyrədici STEAM qurğuları, həmçinin yeni nəşr olunan ədəbiyyat və dərsliklərlə təchiz edilmişdir. Şagirdlər hazırladıqları “Yuxu əleyhinə ağıllı eynək” və “İstehsalatda rəngli maddələri çeşidləyən robot” layihələrini təqdim etmişlər.
Müəllimlərdən Dilbər Qasımzadə və Çinarə Babayeva yaradılan şəraitə görə minnətdarlıq etmişlər.
Məktəbdə internetə çıxışı olan 51 kompüter və 5 elektron lövhə quraşdırılmışdır. Ali Məclisin Sədri elektron lövhəli sinifdə Xatirə Muzeyi ilə 200-dən artıq təhsil müəssisəsi arasında “Şəhidlər unudulmur” mövzusunda keçirilən interaktiv dərsi izləmişdir.
2022-2023-cü tədris ilində məktəbin birinci sinfinə 62 şagird qəbul olunub. Birinci sinif şagirdi Zəhra Novruzova ümummilli liderimiz Heydər Əliyevə həsr olunmuş şeir söyləmişdir.
Gənc nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi, onların hərbi biliklərə yiyələnməsi sonrakı dövrdə peşəkar hərbçi kimi yetişmələrinə xidmət edir. İstifadəyə verilən hərbi kabinə bu mənada mühüm əhəmiyyət daşıyır. Bildirilmişdir ki, məktəbin 1 məzunu Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin birinci kursunda, 1-i isə Heydər Əliyev adına Hərbi Liseyin ikinci kursunda təhsillərini davam etdirir.
Məktəbin bütün lazımi əyani vasitələrlə təchiz olunmuş şahmat sinfi, geniş idman zalı və açıq idman qurğuları şagirdlərin fiziki sağlamlığına və əqli inkişafına kömək edəcəkdir.
Sonra məktəbin pedaqoji kollektivi ilə görüş olmuşdur.
Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov və məktəbin gənc müəllimi Çimnarə Şahbazova çıxış etmişlər. Çıxışlarda muxtar respublikada təhsilin inkişafı sahəsində görülən işlərdən bəhs olunmuş, yaradılan şəraitə görə minnətdarlıq edilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Sirab kənd tam orta məktəbinin istifadəyə verilməsi münasibətilə kollektivi təbrik etmiş, tədrisdə uğurlar arzulamışdır.
Binanın həyətində qazanxana tikilmiş, açıq idman qurğuları quraşdırılmış, abadlıq və yaşıllaşdırma işləri görülmüşdür.
Ali Məclisin Sədri məktəbin tikintisində əməyi olanlara təşəkkür etmiş, tədrisin keyfiyyətinə, nizam-intizama ciddi diqqət yetirilməsi və qurulanların qorunması barədə tapşırıqlar vermişdir.
Abad kənd yolundan bəllidir
Ölkəmizdə, o cümlədən muxtar respublikada yol-nəqliyyat infrastrukturunun yenilənməsi istiqamətində kompleks tədbirlər görülür, kənd yolları yenidən qurulur.
Sentyabrın 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Sirab kənd yolunda yaradılan şəraitlə tanış olmuşdur.
Bildirilmişdir ki, ümumi uzunluğu 15 kilometr olan kənd yoluna asfalt örtük salınmış, 12 kilometr kənddaxili yollara qum-çınqıl qatı verilmiş, müxtəlifölçülü 106 metal boru su keçidləri qoyulmuş, 2 yeni körpü salınmış, 1 körpü təmir edilmiş, 1990 metr beton su kanalı çəkilmişdir.
Sirab Kənd Mərkəzi və Həkim Ambulatoriyasında
müasir iş şəraiti yaradılıb
Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov kənd mərkəzi və həkim ambulatoriyasında aparılan təmir işləri ilə də maraqlanmışdır.
Bildirilmişdir ki, ikimərtəbəli kənd mərkəzi və həkim ambulatoriyasının dam örtükləri, fasadı və iş otaqları təmir olunmuş, pərdələr və xalçalar yenilənmişdir. Binaların həyətlərində abadlıq işləri görülmüşdür.
İnzibati ərazi dairəsi üzrə nümayəndə Rufan Orucov kənddə görülən işlərdən bəhs etmişdir.
Ambulatoriyanın baş həkimi Ülkər Quliyeva kollektiv adından minnətdarlıq etmiş, bundan sonra da yaradılan şəraitdən istifadə edərək kənd əhalisinin sağlamlığının keşiyində duracaqlarına söz vermişdir.
Ali Məclisin Sədri peyvənd və patronaj işinin təşkili, eləcə də səhiyyə maarifinə üstünlük verilməsi barədə tapşırıqlar vermişdir.
Sonra kənd sakinləri ilə görüş olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sakinləri görülən işlər münasibətilə təbrik etmişdir.
Sirab kənd sakinləri adından minnətdarlıq edən ziyalı İsmayıl Zeynalov demişdir: “Ötən ildən etibarən Sirab kənd tam orta məktəbində tikinti işlərinə başlanılıb və bu gün kollektivə hədiyyə olunur. Uzun illərdir, Naxçıvan Dövlət Universitetində çalışan müəllim kimi deyə bilərəm ki, yeni məktəb binası müasirliyinə və şəraitinə görə ali təhsil ocağının korpusunu xatırladır. Bütün bunlar muxtar respublikada ulu öndər Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsindən, elmə, təhsilə, gələcəyimiz olan gənclərə göstərilən diqqət və qayğıdan xəbər verir. Eyni zamanda kəndə yeni təsərrüfat suyu çəkilir, yollarımız abadlaşdırılıb, iki yeni körpü tikilib”.