Naxçıvan Muxtar Respublikasının daxili işlər orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrinə xidmətə qəbul ilə əlaqədar müsabiqə keçirilir.

Sıravi və kiçik rəis heyəti vəzifələrinin komplektləşdirilməsi ilə əlaqədar keçirilən müsabiqə test imtahanından və müsahibədən ibarətdir. Test imtahanı “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin tələblərinə cavab verən namizədlərlə qanunvericilik aktları və nəzəri bilik sahələri üzrə test imtahanının proqramı, eləcə də məntiqi nəticə çıxarmaq qabiliyyətini əhatə edən suallar əsasında aparılır.   Test imtahanından müvəffəqiyyətlə keçmiş iştirakçıların xidməti vəzifələrini yerinə yetirən zaman qanunvericilik aktlarını tətbiq etmək üçün bilik və bacarığı, ünsiyyət yaratmaq, özünü təqdimetmə bacarığı, təmkinlik, fikir və rəyini ifadə etmək qabiliyyəti kimi xüsusiyyətləri Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Müsabiqə Komissiyası tərəfindən keçirilən müsahibə zamanı qiymətləndiriləcək.

Müsabiqədə – ali, orta ixtisas və tam orta təhsilli, boyu azı 175 sm, yaşı 30-dan aşağı, 20-dən yuxarı olan və müddətli həqiqi hərbi xidmət müddətini tam başa vurmuş, əvvələr özü və yaxın qohumları məhkum olunmamış (ehtiyatsızlıqdan böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum olunmuş yaxın qohumlar istisna olmaqla) “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də müəyyən olunmuş şərtlərə cavab verən Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları (daxili işlər və digər hüquq mühafizə orqanlarında xidmətdən xaric edilmiş şəxslər istisna olmaqla) iştirak edə bilərlər.

Sənədlərin qəbulu 2022-ci il avqust ayının 24-dən sentyabr ayının 23-dək bazar günləri istisna olmaqla hər gün saat 1000-dan 1700-dək Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Kadrlar Şöbəsində həyata keçiriləcəkdir. Namizədlər aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:

– şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnamə (əsli və notarial qaydada təsdiq olunmuş surəti);

– ali, orta ixtisas və tam orta təhsil haqqında sənəd (diplomun, attestatın əsli və notarial qaydada təsdiq olunmuş surətləri);

– yaşayış yeri üzrə tibb müəssisəsindən Daxili İşlər Nazirliyinə təqdim olunması üçün sağlamlıq haqqında arayış;

– hərbi bilеt (əsli və notarial qaydada təsdiq olunmuş surəti);

– əmək kitabçası (olanlar üçün);

– arayış (ailə tərkibi və yaşayış yeri haqqında, işləyənlər üçün isə əlavə olaraq iş yerlərindən);

– xasiyyətnamə (yaşayış və ya iş yerindən);

– nikah haqqında şəhadətnamə (əsli və notarial qaydada təsdiq olunmuş surəti);

– 9×12 sm ölçüdə 2 ədəd, 4×6 sm  ölçüdə 4 ədəd fotoşəkil.

İlkin sənədləri sıravi və kiçik rəis heyəti vəzifələrinə qəbula uyğun gələn namizədlərə müvafiq formada ərizə yazmaq təklif olunur.

Təqdim olunmuş sənədlər əsasında şəxsin müsabiqədə iştirakı üçün zəruri sənədləşmə aparılır.

                                                                                                                                              – 2 –

Müsabiqədə iştirak edəcək şəxslərin sağlamlıq vəziyyəti və fiziki hazırlıq səviyyəsi daxili işlər orqanları əməkdaşları üçün müəyyən olunmuş normativlər üzrə yoxlanılır.

Namizədlər Naxçıvan Qarnizonu Mərkəzi Hərbi-Həkim komissiyasında müayinədən, habelə fiziki hazırlıq və seçmə komissiyalarında müəyyən edilmiş normativlər üzrə sınaqdan keçməlidirlər (fiziki hazırlıq üzrə minimal normativlər: turnikdə dartınma- çəkisi 80 kiloqramadək olanlar üçün 8 dəfə, 80 kiloqramdan yuxarı olanlar üçün 6 dəfə; qaçış 100 metr məsafəyə 15 saniyə və 1000 metr məsafəyə 4 dəqiqə; qollar üzərində bədənin döşəmədən qaldırılması 20 dəfə; arxası üstə uzanmış halda bədənin döşəmədən qaldırılması 20 dəfə).

Fiziki hazırlıq normativlərindən birini ödəyə bilməyən, nazirliyin müsabiqə və ya Naxçıvan Qarnizonu Mərkəzi Hərbi-Həkim komissiyalarından keçə bilməyən namizədlər müsabiqədən kənarlaşdırılır.

“Daxili işlər orqanlarında xidmətə qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi Qaydaları”, test imtahanının proqramları və fiziki hazırlıq üzrə ödəniləcək normativlər Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin www.din.nmr.az internet saytında yerləşdiriləcəkdir.

NAXÇIVAN MUXTAR RESPUBLİKASI DAXİLİ İŞLƏR ORQANLARININ SIRAVİ VƏ KİÇİK RƏİS HEYƏTİ VƏZİFƏLƏRİNDƏ XİDMƏTƏ QƏBUL ÜZRƏ
MÜSABİQƏNİN TEST İMTAHANININ
PROQRAMI

Daxili işlər orqanlarının sıravi və kiçik rəis heyəti vəzifələrində xidmətə qəbul üzrə müsabiqənin test imtahanları mərhələsində namizədlər məntiqi nəticə çıxarmaq qabiliyyətini müəyyən edən sualları cavablandırmaqla yanaşı, aşağıdakı qanunvericilik aktları və nəzəri bilik sahələri üzrə mükəmməl hazırlıq nümayiş etdirməlidirlər:

Müsabiqə test imtahanından və müsahibədən ibarətdir.

Müsahibənin və test imtahanının təşkili Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin Müsabiqə Komissiyası tərəfindən həyata keçirilir.

  • Azərbaycan Respublikasının Konstitusiyası.
  • Naxçıvan Muxtar Respublikasının Konstitusiyası.
  • “Polis haqqında” Azərbaycan Respublikasının Qanunu.
  • “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
  • Azərbaycan dili və ədəbiyyat
  • Tarix
  • Coğrafiya
  • Dövlət quruculuğu

Əlavə məlumat almaq üçün əlaqə telefonları:

036-545-08-10

(155, 156, 160).