Naxçıvan Beynəlxalq Hava Limanının maddi-texniki bazası gücləndirilmiş, yerli və beynəlxalq uçuşların təhlükəsiz təşkili təmin olunmuşdur. Xüsusilə aparılan quruculuq işləri, müasir infrastrukturun yaradılması hava limanında xidmətin səviyyəsini xeyli yüksəltmişdir.
İyunun 28-də Naxçıvan Beynəlxalq Hava Limanında yeni teleskopik trapın və maşın-mexanizmlərin təqdimatı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov hava limanında aparılan tikinti-quraşdırma işləri ilə maraqlanmış, maşın-mexanizmlərə baxmışdır.
Qeyd olunmuşdur ki, sərnişinlərin qarşılanması və yola salınması zamanı hava limanına gələn şəxslərin rahatlığını təmin etmək üçün aerovağzal kompleksinin Şərq və Qərb terminallarının girişində çardaq tikilmişdir. Həmçinin artan tələbata uyğun olaraq “UBS Airport Systems” şirkəti tərəfindən yeni teleskopik trap quraşdırılmışdır. Teleskopik trap sərnişinlərin təyyarəyə minməsi üçün körpü, təyyarəni elektrik enerjisi ilə qidalandıran və mühərriki hava ilə işəsalma qurğusundan ibarətdir. Yığılmış vəziyyətdə uzunluğu 16,5, tam açılmış vəziyyətdə isə 37,5 metr olan teleskopik trap üçün 48 metrlik keçid yolu inşa edilmişdir. Keçid yolu 6 müxtəlif ölçüdə soyuducu və qızdırıcı sistem, 5 kamera, 8 yanğın detektoru və səsverici avadanlıqla təchiz edilmişdir.
Hava limanına 1 ədəd elektrobus, 2 baqajçəkmə traktoru və 2 baqajyükləyici avtokonveyer alınmışdır. 22-si oturacaq, 36-sı ayaqüstü olmaqla, 58 sərnişin yerlik elektrobusun sürət həddi saatda 70 kilometr, dolu batareya ilə gedilən məsafəsi 160-210 kilometrdir. Baqajçəkmə traktorlarının hər birinin yükçəkmə qabiliyyəti 4 ton, baqajyükləyici avtokonveyerin yükgötürmə qabiliyyəti isə 2 tondur.
Bildirilmişdir ki, teleskopik trapı gərginliklə təmin etmək üçün yeni transformator binası tikilmiş, binada transformator, requlyator və generator, 4 video-nəzarət, 4 yanğın detektoru, kondisioner quraşdırılmışdır. Hava limanında elektriklə işləyən avtomobilləri enerji ilə təmin edən cihaz quraşdırılmışdır ki, bu da digər avtomobillərə də xidmət göstərəcəkdir.
Görülən işlərlə tanışlıqdan sonra kollektivlə görüş olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək demişdir: Ölkə Prezidentinin tapşırığı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə 2021-ci il iyunun 23-də Naxçıvan Beynəlxalq Hava Limanı Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin tabeliyinə verilmişdir. Bu müddətdə Naxçıvan Beynəlxalq Hava Limanında müxtəlif işlər həyata keçirilmişdir. İstifadəyə verilən üçüncü teleskopik trap və yeni alınmış texnikalar da bu tədbirlərin davamıdır. Hava limanında bu işlərin görülməsi vacib idi. 2022-ci ilin ötən dövründə Naxçıvan Beynəlxalq Hava Limanında yerli hava xətti üzrə 175 minə yaxın, beynəlxalq hava xətti üzrə isə 3500-ə yaxın sərnişin daşınmışdır. Sərnişin və təyyarələrin sayının artması xidmətin də müasir tələblərə uyğun qurulmasını zəruri edir. Muxtar respublikada hava nəqliyyatı sahəsində sərnişin sıxlığı iyun-avqust ayları arasında daha çox olur. Ona görə də Naxçıvan Beynəlxalq Hava Limanının öz vəsaiti hesabına qısa müddətdə maşın-mexanizmlər alındı, tikinti işləri aparılaraq sərnişinlərin rahatlığı təmin olundu.
Ali Məclisin Sədri bu işləri həyata keçirənlərə təşəkkürünü bildirmiş, kollektivə təbriklərini çatdırmış, qurulanların qorunması, sərnişinlərə nümunəvi xidmət göstərilməsi barədə tapşırıqlar vermişdir.
Naxçıvan Beynəlxalq Hava Limanının direktoru Mənşur Gülməmmədli kollektiv adından göstərilən diqqət və qayğıya görə minnətdarlıq etmiş, bundan sonra da hava nəqliyyatının inkişafı sahəsində səylə çalışacaqlarına söz vermişdir.