Sərhədlərin etibarlı mühafizəsi dövlət müstəqilliyinin əsas şərtlərindəndir. Bu gün muxtar respublikada ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasını da əhatə etmişdir. Dövlət qayğısı nəticəsində diviziyanın maddi-texniki bazası möhkəmləndirilib, bütün sərhəd zastavalarında şəxsi heyət üçün yüksək xidmət və məişət şəraiti yaradılıb.
Mayın 14-də “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında əsgər yataqxanası və idman kompleksi yenidənqurma işlərindən sonra təqdim olunub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.
“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının komandiri, general-leytenant Niyaməddin Tağıyev Ali Məclisin Sədrinə raport verib.
Sonra Ali Məclisin Sədri yaradılan şəraitlə maraqlanıb.
Məlumat verilib ki, yenidənqurma işləri aparılan 320 yerlik əsgər yataqxanası zirzəmi ilə birlikdə 6 mərtəbədən ibarətdir. Mərkəzləşdirilmiş istilik və videonəzarət sistemi quraşdırılmış binada növbətçi və iş otağı, hər biri 32 yerlik 10 yataqxana, silah, sinif və məişət otaqları yerləşir. Diviziyanın idman kompleksi də yenidən qurulub, voleybol və basketbol yarışlarının keçirilməsi üçün böyük zal, kişilər üçün trenajor, qadınlar üçün fitnes zalı, 2 məşqçi otağı, qazanxana və texniki otaqlar istifadəyə verilib. Kompleksə 18 idman aləti və aparatı qoyulub.
Hərbi hissənin sıra meydanında, hərbi şəhərcikdə, taktiki, atəş, ləpirçilik, mühəndis və idman şəhərciklərində, futbol meydançasında, yay sinif otaqlarında və maneələr zolağında təmir işləri aparılıb. Bununla yanaşı, ərazidə 1600 metrlik suvarma xətti çəkilib, 1,5 hektar yaşıllıq salınıb.
Ali Məclisin Sədri diviziyada tikiləcək hamam-camaşırxana kompleksinin ərazisinə və layihəsinə də baxıb. Məlumat verilib ki, zirzəmi ilə birlikdə 2 mərtəbədən ibarət olacaq binada hamam, camaşırxana, yuyucu maddələr və əşya anbarları, soyunub-geyinmə otaqları, bərbər, ayaqqabı təmiri, dərzi və digər xidməti otaqlar yerləşəcəkdir.
Ali Məclisin Sədri tikinti işlərinə başlanılması və ətrafda yaşıllıqların salınması barədə tapşırıqlar verib.
“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının komandiri, general-leytenant Niyaməddin Tağıyev diviziyada aparılan yenidənqurma işlərinə və sərhədçilərə göstərilən diqqət və qayğıya görə şəxsi heyət adından Ali Məclisin Sədrinə minnətdarlıq edib, yaradılan şəraitdən səmərəli istifadə edərək bundan sonra da etimadı doğruldacaqlarına, sərhədlərimizin etibarlı mühafizəsi istiqamətində qüvvə və bacarıqlarını əsirgəməyəcəklərinə söz verib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə 1992-ci ildə keçmiş 41-ci sərhəd dəstəsinin əmlak və silah-sursatının tamamilə muxtar respublikaya təhvil verildiyini və Naxçıvan Sərhəd Dəstəsinin yaradıldığını bildirib, Azərbaycanın üçrəngli bayrağının qaldırıldığı ilk sərhəd dəstəsi kimi Naxçıvan Sərhəd Dəstəsinin keçdiyi yola nəzər salıb. Həmin dövrdə Ordubad rayonu ərazisində iki, Şərur rayonu ərazisində isə bir zastavanın Ermənistan sərhəd qoşunlarının tabeliyindən geri alındığını bildirən Ali Məclisin Sədri Naxçıvan Sərhəd Dəstəsinin inkişaf edərək “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasına çevrildiyini və muxtar respublikada dövlət sərhədlərimizin etibarlı mühafizə edildiyini diqqətə çatdırıb.
Ali Məclisin Sədri şəxsi heyətə təşəkkür edib, idman kompleksindən sərhədçi ailələrinin də istifadə etməsi, müxtəlif idman növləri üzrə daxili yarışların keçirilməsi barədə tapşırıqlar verib.