Yanvarın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Qanlı Yanvar faciəsində həlak olanların və şəhidlərin əziz xatirəsini yad etmək üçün Naxçıvan şəhərindəki Şəhidlər Xiyabanına gəlmişdir.
Ali Məclisin Sədri xiyabandakı Ana abidəsinin önünə əklil qoymuş, şəhidlərin xatirəsinə ehtiramını bildirmişdir.
Sonra Dövlət Himni səslənmişdir.
Ali Məclisin Sədri şəhidlərin məzarlarını və 1918-1920-ci illərdə erməni daşnakları ilə mübarizədə Naxçıvanın köməyinə gələn qardaş Türk ordusunun şəhid olmuş əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək güllər qoymuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin, mərkəzi icra hakimiyyəti orqanlarının, ali məktəblərin, hərbi hissələrin nümayəndələri, Türkiyə Respublikasının və İran İslam Respublikasının Naxçıvan Muxtar Respublikasındakı Baş konsulları, Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı hərbi attaşe aparatının Naxçıvan Muxtar Respublikasındakı nümayəndəsi də şəhidlərin əziz xatirəsini ehtiramla yad etmişlər.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusunun hissələri və xüsusi təyinatlılar tərəfindən Bakı şəhərində dinc əhaliyə divan tutulmuş, yüzlərlə insan qətlə yetirilmiş, yaralanmış, itkin düşmüşdür. Faciə zamanı 147 Azərbaycan vətəndaşı şəhid olmuş, 744 nəfər yaralanmış və xəsarət almışdır, 841 nəfər qanunsuz həbs edilmişdir. Müstəqil, demokratik dövlət qurmaq amalı ilə ayağa qalxmış Azərbaycan xalqının inam və iradəsini qırmaq, azadlıq eşqini boğmaq məqsədi ilə törədilmiş 20 Yanvar faciəsi qan yaddaşımızdır. Lakin həmin gün tökülmüş qanlar Azərbaycan xalqının müstəqillik uğrundakı mübarizə əzmini qıra bilmədi, igid oğullarımız şəhidlik zirvəsinə yüksələrək xalqımızın yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini bütün dünyaya nümayiş etdirdilər.
Ümummilli liderimiz Heydər Əliyev yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqımıza qarşı törədilən qanlı cinayətə ilk dəfə etirazını bildirmiş, bəyanatla çıxış edərək faciəni törədənlərin məsuliyyətə cəlb olunmasını tələb etmişdir. Həmin dövrdə Sovet imperiyasının rəhbərliyi tərəfindən ciddi nəzarət altında saxlanılmasına baxmayaraq, ulu öndərimizin bu cəsarətli addımı, qətiyyətli mövqeyi Azərbaycan xalqının milli azadlıq uğrunda mübarizə əzmini daha da artırmışdır. Dahi şəxsiyyət deyirdi: “20 Yanvarda Azərbaycanın azadlıqsevər, vətənpərvər insanları xalqımıza qarşı göstərilən ədalətsizliyə görə, Azərbaycan torpaqlarına erməni silahlı qüvvələrinin təcavüzünün qarşısı alınmadığına görə və milli azadlığa nail olmaq üçün ayağa qalxdılar, etirazlarını bildirdilər. Onları boğmaq üçün, əzmək üçün Sovet İttifaqının qoşunları, sovet ordusunun hissələri ölkəmizə basqın etdi. Ancaq qəhrəman övladlarımız özünü qurban verərək Azərbaycan xalqının milli azadlığı üçün, Azərbaycanın müstəqilliyi üçün yol açdılar”.
20 Yanvar hadisələri təkcə Sovet qoşunlarının Bakıda törətdiyi qanlı cinayətlərlə tamamlanmamışdır. Həmin gün eyni zamanda Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının sərhəd kəndlərinə də erməni silahlılarının işğalçı hücumları olmuşdur. 1990-cı il yanvarın 18-də Şərur rayonunun Kərki kəndi SSRİ Müdafiə Nazirliyinin 7-ci ordusunun köməyi ilə ermənilər tərəfindən işğal olundu. Muxtar respublikanın ərazi bütövlüyü və vətəndaşlarının həyatı təhlükə altında qaldığından, beynəlxalq Qars müqaviləsinin şərtləri kobud surətdə pozulduğundan Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Soveti 1990-cı il yanvarın 19-da “Naxçıvan MSSR-də yaranmış ictimai-siyasi vəziyyət haqqında” tarixi Qərar qəbul etdi. Bu qərara əsasən Naxçıvan MSSR Sovet imperiyasının tərkibindən çıxdı. 1990-cı il yanvarın 20-də, Qanlı Yanvar hadisələrinin törədilməsindən 8 saat əvvəl Sədərəyə, muxtar respublikanın digər sərhəd kəndlərinə erməni silahlı dəstələrinin hücumları başlamışdır. Bu, 20 Yanvar faciəsinin ilk qanlı səhifələri idi. Ərazi bütövlüyümüz uğrunda döyüşlərdə naxçıvanlılar düşmənə qarşı mərdliklə dayanmış, qəhrəmancasına mübarizə aparmış, şəhidlər versə də, Naxçıvanı qoruyub saxlamışlar.
1990-1993-cü illərdə ulu öndərin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası müdafiə olundu, bu qədim diyarın işğalının qarşısı alındı. Həmin dövrdə ümummilli liderimiz Naxçıvan Muxtar Respublikasında milli dövlətçiliyimizin və müstəqilliyimizin əsaslarını işləyib hazırladı. Uğrunda şəhidlər verdiyimiz üçrəngli bayrağımız ilk dəfə Naxçıvanda qaldırıldı, milli birliyimizin və həmrəyliyimizin əsası qoyuldu.
Ulu öndərin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisində 20 Yanvar faciəsinə ilk dəfə siyasi qiymət verildi. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1990-cı il 21 noyabr tarixli sessiyasında “1990-cı ilin yanvar ayında Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” Qərar, 1992-ci il yanvarın 13-də isə “1990-cı ilin yanvar ayında Bakı faciəsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Rəyasət Heyətinin bəyanatı” qəbul olundu. Ulu öndər ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra isə 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi qiymət verilmiş, 1994-cü ildə Milli Məclis faciə ilə bağlı Qərar qəbul etmiş, 20 Yanvar Ümumxalq Hüzn Günü elan edilmişdir.
Azərbaycanın müstəqilliyi uğrunda canlarını qurban verənlərin xatirəsi bu gün də yüksək tutulur. “1990-cı ilin 20 yanvarında Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda çox sayda şəhid verdi. Lakin onun iradəsi sınmadı və milli ruhu sarsılmadı. Həmin qırğın zamanı ümummilli mənafelərin müdafiəsi naminə canlarından keçmiş və şəhidlik zirvəsinə ucalmış Vətən övladları misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə yeni parlaq səhifə yazdılar”, – deyən ölkə Prezidenti cənab İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, o cümlədən onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsini daim diqqət mərkəzində saxlayır, bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir. Azərbaycan xalqının 2020-ci ilin payızında Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Ermənistan tərəfindən işğal edilmiş ərazilərinin azad edilməsi uğrunda apardığı 44 günlük Vətən müharibəsində müzəffər ordumuzun qazandığı Zəfər şəhidlərimizin ruhuna ehtiram olmaqla yanaşı, həm də xalqımızın bir daha faicələrlə, soyqırımlarla sınağa çəkilməcəyinə təminat verir.
Həmin gün Naxçıvan Muxtar Respublikasının rayon mərkəzlərində də 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə bağlı tədbirlər keçirilmişdir.