Çərçiboğan kəndində əhalinin rahatlığının təmin olunması istiqamətində görülən kompleks tədbirlər çərçivəsində yeni xidmət mərkəzi də tikilib.
Yanvarın 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mərkəzin açılışını edib.
Məlumat verilib ki, mərkəzdə bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri, dərzi, ərzaq, sənaye və təsərrüfat malları mağazaları və 3 anbar vardır. Burada xidmətin təşkili üçün nümunəvi şərait yaradılıb, 9 nəfər işlə təmin olunub.
Ali Məclisin Sədri xidmət mərkəzində ailə təsərrüfatı məhsullarının satışına, yerli məhsullara üstünlük verilməsi barədə tapşırıqlar verib.
* * *
Çərçiboğan kəndində yeni sosial obyektlər tikilərkən bir sıra abadlıq işləri də görülüb. Kənddə 1130 metr fiber-optik, 5100 metr yeraltı kabel, 10 kilometrdən artıq hava rabitə xətti çəkilmişdir. Həmçinin elektrik təsərrüfatı tamamilə yenilənib, 52 ağac dayaq basdırılıb, 9400 metr məsafədə məftil naqillər müxtəlif en kəsikli kabel xətti ilə, 5400 metr yararsız məftil naqillər yenisi ilə əvəz edilib, 3 transformator yarımstansiyasında cari, 10 transformator yarımstansiyasında əsaslı təmir işləri aparılıb. Bundan başqa, 620 poqonometr polietilen borularla yeni tikililərə qaz xətti çəkilib, 15 min 941 poqonometr qaz xəttində dəmir borularla təmir-bərpa işləri görülüb. Eyni zamanda kənddə mövcud içməli su xəttinin 550 metrlik hissəsində təmir-bərpa işləri aparılıb, 150 metr yeni içməli su xətti çəkilib, 4,7 kilometr arxlarda lildən təmizləmə işləri görülüb, kanal üzərində yeni subölüşdürücü qapı quraşdırılıb.