Dekabrın 3-də Dırnıs kənd mərkəzi istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov binada yerləşən təşkilatların fəaliyyəti və yaradılan şəraitlə maraqlanmışdır.
Məlumat verilmişdir ki, üçmərtəbəli kənd mərkəzində Dırnıs və Anaqut kəndlərini əhatə edən inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, rabitə evi, polis sahə və baytarlıq məntəqələri, kitabxana, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, Mədəniyyət evi, arxiv, statistika otağı, 44 yerlik zal və qazanxana yerləşir. Kitabxana fondunda 9482 kitab vardır. Rabitə evində 384 nömrə tutumlu yeni nəsil ATS quraşdırılmışdır. Kənddə 176 internet istifadəçisi vardır.
Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatının 59 üzvü vardır ki, onlardan da 8-i gənc, 32-si isə qadındır. Ərazi ilk təşkilatının sədri Raziyyə Bağırova partiya üzvləri adından yaradılan şəraitə görə minnətdarlıq edərək demişdir: “Ali Məclis Sədrinin Dırnıs kəndinə gəlişi sakinlərin sevincinə səbəb olmuşdur. Kənddə yeni məktəb, həkim ambulatoriyası, kənd və xidmət mərkəzləri istifadəyə verilmişdir. Bizə hədiyyə edilən quruculuq ünvanlarını qoruyub saxlayacaq, göstərilən etimadı doğruldacağıq”.
İnzibati ərazi dairəsi üzrə nümayəndə əvəzi Cabir Hüseynov demişdir: “Dırnıs kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik Anaqut və Dırnıs kəndlərini əhatə edir. Kənd sakinlərinin məşğuliyyəti meyvəçilik, tərəvəzçilik, heyvandarlıq, arıçılıqdır. Ailə təsərrüfatları dövlət qayğısından istifadə edərək məhsul çeşidlərini artırır, istehsal etdikləri məhsulları rahat şəkildə yarmarka və bazarlarda satırlar. Bununla da onlar öz dolanışıqlarını yaxşılaşdırmaqla yanaşı, məhsul bolluğuna töhfə verirlər”.
Ali Məclisin Sədri iclas zalında maarifləndirici tədbirlərin və görüşlərin keçirilməsi barədə tapşırıqlar vermişdir.
Bildirilmişdir ki, kənddə əsas diqqət yetirilən sahələrdən biri də baytarlıq işinin təşkilidir. Bu gün Ordubad rayonunda epizootik vəziyyət sabitdir. Bunun səbəbi dərman preparatları və digər tibbi avadanlıqlarla təminat, peyvəndləmə və dezinfeksiya tədbirlərinin vaxtında görülməsidir. Aparılan profilaktik tədbirlərin nəticəsidir ki, rayonda bu sahədə heç bir xəstəlik müşahidə olunmur.
Bina istilik, elektrik və su sistemi ilə təchiz olunmuş, həyətdə abadlıq işləri aparılmış, yaşıllıqlar salınmışdır.