Noyabrın 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Sədri Vasif Talıbovun sədrliyi ilə təşkilatın VI konfransı keçirilmişdir.
Konfransın gündəliyinə aşağıdakı məsələlər verilmişdir:
1. Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Sədrinin məruzəsi
2. Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının konfranslararası dövrdəki fəaliyyəti haqqında Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı icra katibinin hesabatı
3. Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Əsasnaməsinin təsdiq edilməsi
4. Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının İdarə Heyətinin tərkibinin təsdiq edilməsi
5. Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Təftiş Komissiyasının tərkibinin təsdiq edilməsi
6. Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Veteranlar Şurasının tərkibinin təsdiq edilməsi
7. Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Gənclər Birliyinin tərkibinin təsdiq edilməsi
Konfransın gündəliyi səsə qoyularaq qəbul olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Sədri Vasif Talıbov konfransda məruzə etmişdir.
Gündəlikdə duran ikinci məsələ ilə bağlı Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının İcra katibi Anar İbrahimov hesabat verərək demişdir ki, konfranslararası dövrdə partiyanın say tərkibinin artımında müsbət irəliləyişlər əldə edilmişdir. V Konfransda partiya üzvlərinin sayı 51025 nəfər olmuşdursa, hazırda üzvlərin sayı 57915 nəfərdir. Onlardan 25666-ı qadınlar, 23594-ü gənclərdir. Bu gün partiya üzvləri bütövlükdə Yeni Azərbaycan Partiyası üzvlərinin 7,5 faizini təşkil edir. Ötən dövr ərzində partiya sıralarına 8665 üzv qəbul olunmuşdur. Bu gün partiya uçotunda duranların 30-u elmlər, 176-sı fəlsəfə doktorlarıdır. Bununla yanaşı, üzvlərin 18,8 faizi təhsil, 6,8 faizi səhiyyə, 4,8 faizi elm, mədəniyyət və incəsənət sahəsində, 5,5 faizi idarəetmə strukturlarında, 47,5 faizi digər sahələrdə çalışanlardan, 3,8 faizi təqaüdçülərdən, 5,1 faizi tələbələrdən ibarətdir. Hazırda muxtar respublikanın rayon (şəhər) təşkilatlarının 506 ərazi ilk partiya təşkilatları mövcuddur. Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı, şəhər və rayon partiya təşkilatlarının xətti ilə ötən dövrdə 587 müxtəlif tədbir keçirilmiş, 552 İdarə Heyəti, 185 Şura yığıncağı olmuşdur. Konfranslararası dövrdə Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı 6 seçki kampaniyasında iştirak etmiş və qələbə qazanaraq siyasi nüfuzunu və sosial dəstəyini bir daha nümayiş etdirmişdir.
Gündəlikdə duran üçüncü məsələ ilə bağlı bildirilmişdir ki, Yeni Azərbaycan Partiyasının 2021-ci il martın 5-də keçirilən VII növbədənkənar Qurultayında partiyanın yeni Nizamnaməsi qəbul olunmuş və partiyanın strukturunda dəyişikliklər edilmişdir. Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Əsasnaməsini də həmin dəyişikliklərə uyğunlaşdırmaq məqsədilə yeni Əsasnamə hazırlanmışdır.
Əsasnamədə edilən dəyişikliklər barədə Təşkilatın icra katibi Anar İbrahimov məlumat vermiş, Əsasnamə səsə qoyularaq qəbul olunmuşdur.
Konfransda Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının İdarə Heyətinin, Təftiş Komissiyasının, Veteranlar Şurasının və Gənclər Birliyinin tərkibi təsdiq edilmişdir.
Ali Məclisin Sədri hesabat dövrü ərzində birgə fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının üzvlərinə, partiyanın təəssübkeşlərinə, ümummilli liderimiz Heydər Əliyevin dövlətçilik xəttinə sədaqət göstərənlərin hamısına bir daha təşəkkür etmiş, şəhidlərimizin əziz xatirəsinə ehtiramını bildirmiş və konfransı bağlı elan etmişdir.
Sonda tədbir iştirakçıları Naxçıvan Dövlət Televiziyasının Yeni Azərbaycan Partiyası ilə bağlı hazırladığı filmə baxmışlar.