Ümummilli lider Heydər Əliyevin “Yol iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyat deməkdir” fikri əsas götürülərək ölkəmizdə yol təsərrüfatının inkişafına xüsusi diqqət yetirilir. Bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində Göynük kənd avtomobil yolu da yenidən qurulmuşdur.
Noyabrın 22-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yolda yaradılan şəraitlə tanış olmuşdur.
Bildirilmişdir ki, ümumi uzunluğu 9,5 kilometr olan Nəcəfəlidizə-Nəhəcir-Göynük kənd avtomobil yolunun yatağı genişləndirilmiş, 2,2 kilometrə asfalt örtük verilmişdir. Hazırda tikinti işləri davam etdirilir. Yolda 38 metal boru, 20 beton su keçidi qoyulmuş, 3 körpü təmir edilmiş, 1230 metr su kanalı çəkilmişdir.
Ali Məclisin Sədri Nəhəcir-Göynük kənd avtomobil yolunda işlərin davam etdirilməsi barədə tapşırıq vermişdir.