Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Dərvişlər kəndində xidmət mərkəzinin də açılışını etmişdir.
Məlumat verilmişdir ki, xidmət mərkəzində bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri, anbar, ərzaq və təsərrüfat malları mağazaları yerləşir. Burada xidmətin təşkili üçün nümunəvi şərait yaradılmış, 5 nəfər işlə təmin olunmuşdur.
Mərkəzdə ailə təsərrüfatlarında istehsal olunmuş məhsulların satışına üstünlük verilir.
Ali Məclisin Sədri tələbata uyğun məhsulların satışının həyata keçirilməsi barədə tapşırıq vermişdir.
Sonra sakinlərlə görüş olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sakinləri Dərvişlər kəndinin abad yaşayış məntəqələri sırasına daxil olması münasibətilə təbrik edərək demişdir: Bu gün Dərvişlər kəndində həyata keçirilən işlər əhalinin rahat yaşayışına xidmət edir. Bu işlərin görülməsi üçün ölkənin gərək imkanları olsun. Azərbaycanda bütün bunlar vardır. Ulu öndər Heydər Əliyev siyasi xətti ölkə Prezidenti tərəfindən uğurla davam etdirilir. İqtisadi imkanlar artdıqca həyata keçirilən quruculuq işlərinin miqyası da genişlənir, yeni iş yerləri açılır. Eyni zamanda iqtisadi imkanlar imkan verdi ki, işğal altında olan torpaqlarımız azad olundu. Bu gün həmin ərazilərdə quruculuq işlərinin həyata keçirilməsinə başlanılıb, bu ərazilər də yaxın zamanlarda ölkəmizin abad, məhsuldar və gözəl guşələrindən birinə çevriləcəkdir. Kənddə yaradılan şərait torpaqlardan səmərəli istifadə etməyə imkan verəcək. Kəndin 200 hektara yaxın məhsuldar torpaq sahəsi vardır. Su ilə təminatda, məhsulların satışının həyata keçirilməsində heç bir problem yoxdur. Ona görə də torpaqlar əkilməli, kəndin abadlığı bundan sonra da davam etdirilməli, qurulanlar qorunub saxlanılmalıdır.
Ali Məclisin Sədri kompleks quruculuq işlərinə görə sakinləri bir daha təbrik etmişdir.
Dərvişlər kənd sakinləri adından minnətdarlıq edən təqaüdçü Məhəmməd Mehdiyev demişdir: Muxtar respublikada quruculuq işləri sürətlə aparılır və hər tərəf günü-gündən gözəlləşir. Bütün bölgələrdə yeni tipli məktəb binalarının salınması gənc nəslin elmli, savadlı olması və dünyagörüşünün formalaşmasına böyük təsir edir. Bu gün bizim də kəndimizdə müasir tələblərə cavab verən məktəb binasının, kənd və xidmət mərkəzlərinin, yeni çəkilmiş yolun istifadəyə verilməsi kənd sakinləri arasında böyük sevinclə qarşılanır. Bu il mənim üç nəvəm ali məktəbə qəbul olmuşdur. Bu da təhsilə göstərilən qayğının nəticəsidir. Xidmət mərkəzində əsasən, yerli məhsullar satılır ki, bu da muxtar respublikanın günü-gündən inkişaf etdiyinin bariz nümunəsidir. Kənd sakinləri əsasən əkinçilik və maldarlıqla məşğul olur. Təsərrüfat sahibləri istehsal etdikləri məhsulları bazarlarda rahat satışını təşkil edərək büdcələrini daha da zənginləşdirir, güzəranlarını yaxşılaşdırırlar. Əvvəlcə rayona gedib-gəlmək çətin idi, çox əziyyət çəkirdik. İndi isə yollarımız abadlaşmış, kəndin küçələri asfalt örtüklə örtülmüş, telefon, internet, qaz və elektrik xətləri yenilənmişdir. Bir sözlə, kəndimiz öz simasını tamamilə dəyişərək şəhər görkəmi almışdır. Görülən bütün işlər Dərvişlər kənd sakinlərinə böyük qayğıdır. Burada sakinlər maldarlıq və əkinçiliklə məşğul olur, istehsal etdikləri məhsulları həm bazara, həm də keçirilən festival və yarmarkalara çıxararaq yaxşı qazanc əldə edirlər. Biz də söz veririk ki, bundan sonra da təsərrüfatlarımızı genişləndirəcək, torpaqlarımızı əkib-becərəcək, kənd təsərrüfatının inkişaf etdirilməsində əlimizdən gələni əsirgəməyəcək, qurulub-yaradılanları göz bəbəyimiz kimi qoruyacaq və gələcək nəsillərə ötürəcəyik”.
Ali Məclisin Sədri Xanlıqlar-Dəmirçi avtomobil yolunun kənarlarına yaşıllıqların salınması barədə tapşırıq vermişdir.
* * *
Dərvişlər kəndində yeni sosial obyektlər tikilərkən bir sıra abadlıq işləri də görülmüşdür. Kənddə 2037 metr yeni fiberoptik, 1300 metr yeraltı kabel, 1900 metr hava xətti çəkilmişdir. Həmçinin elektrik təsərrüfatı tamamilə yenilənmiş, 35 ağac dayağa beton gövdə bərkidilmiş, 5650 metr məsafədə məftil naqillər kabel xətti ilə əvəz edilmiş, 1500 metr hava elektrik verilişi xətti çəkilmiş, 300 metr yerüstü elektrik xətti yeraltı kabel xətti ilə əvəz olunmuş, 2 az güclü transformator 1 ədəd 400 kVA-lıq transformatorla əvəz edilmişdir. Bundan başqa 150 poqonometr polietilen borularla yeni tikililərə qaz xətti çəkilmiş, 2350 poqonometr qaz xəttində təmir-bərpa işləri aparılmışdır. Eyni zamanda 1420 metr içməli su xətti çəkilmiş, suvarma arxında 900 metr lildən təmizləmə işləri aparılmış, subartezian quyusuna 2 paylayıcı quraşdırılmışdır.