Muxtar respublikanın ən böyük yaşayış məntəqələrindən olan Şərur rayonunda iqtisadiyyatın bütün sahələri inkişaf etmiş, aqrar sahədə islahatların əhatə dairəsi genişlənmişdir. Bunun nəticəsidir ki, Şərur artıq aqrar sahədə inkişafın yeni mərhələsini yaşayır. Rayonda torpaq mülkiyyətçilərinin keyfiyyətli toxum sortları ilə təmin edilməsində və əkinçilikdə yeni metodların tətbiqində akademik Həsən Əliyev adına “Araz” Elm-İstehsalat Birliyinin Şərur Dayaq Məntəqəsi mühüm rol oynayır.
Oktyabrın 25-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dayaq məntəqəsində yaradılan şəraitlə tanış olmuşdur.
Ali Məclisin Sədri çıxış edərək demişdir: “Araz” Elm-İstehsalat Birliyinin Şərur Dayaq Məntəqəsi də bu gün yenidən qurularaq kollektivin istifadəsinə verilir. Burada fəaliyyət üçün hərtərəfli şərait yaradılmışdır. Şərur rayonunun çox qədim əkinçilik ənənələri vardır. Uzun illər burada istehsal olunan məhsullar ölkəmizin qida təhlükəsizliyini təmin etmişdir. Dayaq məntəqəsi həmin əkinçilik ənənələrini qorumalı, davam etdirməli, qədim və yerli meyvə sortlarının, dənli bitkilərin və digər ərzaq məhsullarının bərpası sahəsində iş aparılmalıdır. Balansda olan 8,1 hektar ərazi müəssisəyə gəlir gətirməlidir.
Ali Məclisin Sədri yaradılan şəraitə görə kollektivi təbrik etmiş, gələcək təcrübə işlərində uğurlar arzulamışdır.
Ali Məclisin Sədri “Araz” Elm-İstehsalat Birliyinin Şərur Dayaq Məntəqəsi ərazisində əkilən buğda, arpa, yerli qarğıdalı, eləcə də meyvə və çərəz sortları nümunələrinə baxmışdır. Qeyd olunmuşdur ki, ərazidə Şərur şəraitində yerli “Qarabağlar”, “Xələc” və türk mənşəli “Bayram-1” soğan sortlarının gübrə normalarının, yeni texnologiyaların tətbiqi və qida mühitinin əkin sıxlığının məhsuldarlığına təsiri elmi əsaslarla öyrənilir.
Binaya baxış zamanı məlumat verilmişdir ki, burada 3 iş otağı, qarderob və anbar yerləşir. Məntəqənin istifadəsində 2,8 hektar kolleksiya meyvə bağı, 2 hektar taxıl, 0,8 hektar təcrübə sahəsi, 2 hektar yağlı dənli bitkilər üçün sahə və 0,5 hektar köməkçi sahə olmaqla, 8,1 hektar torpaq sahəsi vardır. Məntəqənin əsas istiqaməti elmi-tədqiqat, maarifləndirmə, elmi yeniliklərin tətbiqi, genofondun qorunması, toplanması və yayılmasıdır.
Məntəqə müdiri Azər Qafarov minnətdarlıq edərək demişdir: “Əvvəllər dayaq məntəqəsinin binası yararsız vəziyyətdə idi, uçmaq təhlükəsi var idi. İndi isə fəaliyyətimizi günün tələbləri səviyyəsində qurmaq üçün hər cür şərait yaradılmış, ərazi çəpərlənmişdir. Biz də yaradılan şəraitə uyğun olaraq çalışacağıq ki, muxtar respublikada məhsuldarlığın inkişafına öz töhfəmizi verək”.