Hər bir ölkədə sosial-iqtisadi tərəqqini şərtləndirən amillərdən biri də yol-nəqliyyat infrastrukturunun inkişafıdır. Çünki müasir tələblərə cavab verən yolların mövcudluğu rahat hərəkəti təmin etməklə yanaşı, yerli istehsal məhsullarının itkisiz daşınmasına, turizmin inkişafına imkan verir. Muxtar respublikada da müasir və təhlükəsiz yol şəbəkələri yaradılır, kənd yollarının yenidən qurulması diqqətdə saxlanılır. Bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində Ordubad şəhər-Aşağı Əndəmic kənd avtomobil yolu yenidən qurulmuşdur.
Sentyabrın 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yolda yaradılan şəraitlə maraqlanmışdır.

Bildirilmişdir ki, 12,8 kilometrlik avtomobil yolu yenidən qurulmuş, asfalt örtük salınmışdır. 2,8 kilometr beton su kanalı çəkilmiş, 159 su keçidi və 573 metr qoruyucu sədd qoyulmuşdur. Yol çəkilişi zamanı 2750 metr içməli su xətti yenilənmiş, 755 metr yerüstü rabitə xətləri isə yeraltı kabel xətləri ilə əvəz edilmişdir.