2021-2022-ci illərin payız-qış mövsümünə hazırlıqla bağlı keçirilən müşavirədən irəli gələn vəzifələrlə əlaqədar Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində keçirilən əməliyyat müşavirəsində daxili işlər naziri general-leytenant Fazil Ələkbərov məruzə ilə çıxış edib. Bildirilib ki, muxtar respublikamızda ümummilli lider Heydər Əliyev yolunu uğurla davam etdirən Ali Məclisin Sədri cənab Vasif Talıbov tərəfindən həyata keçirilən siyasi strategiya nəticəsində hərtərəfli inkişafa nail olunub, əhalinin rifah halı yüksəlib, ərzaq, enerji ictimai təhlükəsizlik tam təmin edilib. Bütün infra­strukturun yenidən qurulması və mütəmadi olaraq qabaqlayıcı tədbirlərin həyata keçirilməsi diyarımızda, artıq neçə ildir ki, payız-qış mövsümünü problemsiz başa vurmağa imkan yaradıb. Lakin buna baxmayaraq, hər il qış aylarında ortaya çıxması ehtimal olunan mümkün problemlərin aradan qaldırılması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisində payız-qış mövsümünə hazırlıqla əlaqədar müşavirə keçirilərək aid qurumlara müvafiq tapşırıqlar verilir.

Vurğulanıb ki, ötən payız-qış mövsümündə qarşıya qoyulmuş vəzifələr layiqincə yerinə yetirilib, daxili işlər orqanları heç bir çətinliklə üzləşməyib, mövsümü müsbət nailiyyətlərlə başa vurub. Hərtərəfli dövlət qayğısı ilə əhatə olunan nazirlik istər maddi-texniki, istər əşya-ərzaq, istərsə də digər təminat növləri üzrə şəxsi heyətin tələbatını tam ödəməklə yanaşı, zəruri ehtiyat tədbirlərinin görülməsini əvvəlcədən planlaşdıraraq başa çatdırıb.
Cari ilin payız-qış mövsümünə hazırlıqla əlaqədar nazir­liyin balansında olan 142 avtomobilə və 12 motosikletə texniki baxış keçirilib və lazım olan ehtiyat hissələri sifariş edilib. Şəhərdaxili, rayon və kəndlərarası marşrutlara çıxarılan avtobus və mikroavtobusların texniki sazlığı xüsusi nəzarətdə saxlanılıb, bu istiqamətdə fəaliyyətin daha səmərəli təşkili üçün Dövlət Nəqliyyat Xidməti ilə birlikdə 131 marşrut üzrə fəaliyyət göstərən 365 avtobus və mikroavtobus, həmçinin 496 taksi texniki müayinədən keçirilib.
Daxili işlər orqanlarının və Naxçıvan Əlahiddə Əməliyyat Briqadasının şəxsi heyətinin mövsümi geyimlərlə təmin edilməsi məqsədilə forma-geyim ehtiyatı yaradılıb, əməkdaşların və hərbi qulluqçuların isti qış geyimləri ilə təmin olunması üçün aidiyyəti üzrə sifarişlər verilib.
Diqqətə çatdırılıb ki, avqustun 28-də payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən qarşıya qoyulan tələb və tapşırıqlar bundan sonra da vaxtında və qüsursuz yerinə yetiriləcəkdir.
Məruzə ətrafında Naxçıvan Əlahiddə Əməliyyat Briqadasının komandiri, general-mayor Səlim Niftəliyev, Dövlət Yol Polisi İdarəsinin rəisi, polis mayoru Ayaz Quliyev, Orta İxtisas Polis Məktəbinin rəisi, polis polkovniki Kamil Məmmədəliyev və İctimai Təhlükəsizlik İdarəsinin xüsusilə mühüm tapşırıqlar üzrə baş inspektoru, polis mayoru İman Quliyev çıxış ediblər.