Avqustun 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Soyuq bölgəsində yerləşən hərbi hissədə və müdafiə mövqelərində olub.
Şəxsi heyəti salamlayan Ali Məclisin Sədri deyib: 1992-ci ildən bu ərazilər Azərbaycan əsgərinin nəzarətindədir. Əvvəlki illərdə bu cür şərait olmasa da, Azərbaycan əsgərinin şücaəti, hünəri imkan verdi ki, çətin şəraitdə xidmət təşkil edilsin. Sonrakı illərdə burada yaradılan şərait xidmətin təşkilini xeyli asanlaşdırdı. Ötən dövrdə bu ərazilərdə xidmət layiqincə yerinə yetirilib.
Şəxsi heyətə təşəkkür edən Ali Məclisin Sədri deyib ki, Soyuq və Təkəqaya döyüş mövqeləri silsilə dağ yüksəkliklərdir. Aşağı nöqtəsi Kilitdə 400 metrdən başlayıb, ən yüksək nöqtəsi 3700 metrlik Təkəqayada bitir. Bütün bu ərazilər ölkəmizin işğalçı ölkə ilə sərhədləri içərisində ən yüksək nöqtələrdəndir. Belə çətin relyefdə xidmətin təşkili və davam etdirilməsi qəhrəmanlıq tələb edir. Azərbaycan əsgərinin cəsarət və şücaəti hesabına bu yüksəkliklərdə hərbi xidmət nümunəvi təşkil olunub. Əminliyimi bildirirəm ki, şəxsi heyət yaradılan bu şəraitdən layiqincə istifadə edərək bundan sonra da torpaqlarımızın qorunmasında mərdlik və şücaət nümayiş etdirəcəkdir.
Ali Məclisin Sədri deyib: Soyuq döyüş bölgəsinə dəfələrlə gəlmişəm. O qayalardan yolların çəkilməsi şücaət, zəhmət tələb edirdisə, o ərazilərdə xidmət aparmaq da qəhrəmanlıqdır. Bütün bunlar Azərbaycan əsgərinin nəyə qadir olduğunun göstəricisidir. Həm Soyuq bölgəsində olan, həm də Təkəqaya ərazisində olan yüksəkliklərin əhəmiyyəti nəzərə alınaraq burada daim işlər aparıldı və xidmət lazımi səviyyədə təşkil edildi. Bu ağır şəraitdə hadisəsiz xidmətin təşkili də yüksək qiymətə layiqdir.
Baş leytenant Vüsal Rəhimli deyib: “Ali Məclis Sədrinin Naxçıvan diyarının müdafiəçiləri ilə görüşü bizdə böyük ruh yüksəkliyi yaratmaqla bərabər, üzərimizə böyük məsuliyyət qoyur. Məqsədimiz yeni qələbələrə imza ataraq bütün tarixi torpaqlarımızda Azərbaycan bayrağını dalğalandırmaqdır”.
Ali Məclisin Sədri xidmətdə fərqlənən hərbi qulluqçuları qiymətli hədiyyələrlə mükafatlandırıb, digərlərinə təşəkkür elan edib, yaradılan şəraitlə maraqlanıb.
Bildirilib ki, yenidən qurulan yataqxana, yeməkxana, anbarlar, çörək sexi və digər binalarda təhlükəsiz və rahat şəraitdə xidmətin təşkili təmin olunub. Buraya içməli su xətti çəkilib, istilik sistemi quraşdırılıb. Tibb məntəqəsində lazımi dərman vasitələri qoyulub. Şəxsi heyətin sağlamlığının qorunması diqqət mərkəzindədir.
İdeoloji otaqda hərbi və bədii ədəbiyyatlar qoyulub, müxtəlif məlumat stendləri asılıb. Döyüş hazırlığının ümumi hərbi-elmi əsaslarla öyrədilməsi, hərbi vərdişlərin daim təkmilləşdirilməsi diqqət mərkəzində saxlanılır.
Anbarlara baxış zamanı məlumat verilib ki, əsgərlərin qidalanması da günün nizam qaydasına uyğun təşkil olunub. Anbarda ərzaq ehtiyatı yaradılıb. Yüksək kalorili məhsulların qida rasionuna daxil edilməsi qış aylarında əsgərlərin sağlamlığının qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Əşya anbarında da lazımi geyim dəstləri və digər məişət əşyaları vardır.
Sonra Ali Məclisin Sədri digər bölmələrdə olub, tabor mərkəzində və dayaq məntəqələrində hərbi qulluqçuların mənəvi-psixoloji durumu və xidmətin təşkili ilə maraqlanıb.
Ön xətdə xidmət edən şəxsi heyətlə görüşən Ali Məclisin Sədri deyib ki, siz Azərbaycan torpaqlarını qoruyursunuz. Xidmətinizin vacibliyinin bir göstəricisi də odur ki, bu ərazilərin qorunması həm də insanların rahat yaşayışına xidmət edir. Bunlar hamısı sizin xidmətinizin müqabilində mümkün olub. Ona görə də bu illər ərzində lazımi şəraitin yaradılmasına çalışılıb və bu gün deyə bilərik ki, Soyuq bölgəsində xidmətin təşkili ilə bağlı işlər qaydasındadır.
Ali Məclisin Sədri Soyuq bölgəsində qüsursuz və hadisəsiz xidmətin təşkilinə görə əsgər, gizir və zabitlərə təşəkkür edərək deyib: “Yaradılan şərait işin bir tərəfidirsə, əsas məsələ isə xidməti düzgün aparmaqdır. Bunu isə sizlər həyata keçirirsiniz. Sizin timsalınızda əminliklə deyə bilərik ki, Azərbaycan Ordusu sərhədlərimizi layiqincə qoruyur. Eşq olsun Azərbaycan Ordusuna”.
Əsgərlərdən Cavid Cabbarov və Natiq Babazadə deyiblər: “Qədim yurd yerimiz olan Naxçıvan diyarında xidmət etmək bizim üçün fəxrdir. Ona görə ki, bizim burada xidmət aparmağımız üçün hər bir şərait yaradılıb. Yaradılan şəraitə görə dövlətimizə minnətdarlığımızı bildiririk. Söz veririk ki, hər zaman ayıq-sayıq xidmət aparacaq, verilən əmr və tapşırıqları layiqincə yerinə yetirməyə daim hazır olacağıq”.
Sonra şəxsi heyət birlik və bərabərliyin ifadəsi olan “Hamı bir nəfər, bir nəfər hamı üçün!” şüarını səsləndiriblər.
Ali Məclisin Sədri xidmətdə fərqlənən hərbi qulluqçuları qiymətli hədiyyələrlə mükafatlandırıb, digərlərinə təşəkkür elan edib, yaradılan şəraitlə maraqlanıb.
Məlumat verilib ki, binalarda əsgər və zabitlər üçün yataq yerləri, ideoloji, məişət, tibb və xidməti otaqlar, mətbəx, yeməkxana, əşya və ərzaq anbarları mövcuddur.
Ali Məclisin Sədri şəxsi heyətin qidalanması ilə maraqlanıb.
Bölmələrin yerləşdiyi ərazinin relyefinə və iqlim şəraitinə uyğun inşa olunan binalar keyfiyyətli mebel dəstləri və digər lazımi avadanlıqlarla, müxtəlif növ dayanıqlı rabitə, daimi işıq və istilik sistemi ilə təchiz edilib. Burada köhnə elektrik aqreqatları yeni 50 kilovoltluq “GENPOWER” markalı elektrik aqreqatları ilə əvəz olunub, ərazidə açıq idman qurğuları quraşdırılıb.
Ali Məclisin Sədri mövqelərin möhkəmləndirilməsi, təkmilləşdirmə işlərinin davam etdirilməsi barədə müvafiq tapşırıqlar verib.
Gətirilən müxtəlif ərzaq məhsulları anbarlara təhvil verilib.