Avqustun 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberqerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Ölkələr arasındakı qarşılıqlı əlaqələrdən bəhs edən Ali Məclisin Sədri Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin muxtar respublika ilə əməkdaşlıqdakı fəaliyyətini qeyd etmişdir. Ali Məclisin Sədri diqqətə çatdırmışdır ki, bu illər ərzində təhsil, iqtisadiyyat, kənd təsərrüfatı istiqamətində bir sıra uğurlar əldə olunmuş, qarşılıqlı layihələr həyata keçirilmişdir. “İcma Quruculuğu Təşəbbüsləri Proqramı” çərçivəsində “Naxçıvan Muxtar Respublikasında Qadınların İqtisadi Səlahiyyətlərinin Artırılması” adlı layihənin həyata keçirildiyini xatırladan Ali Məclisin Sədri nümayəndə heyətinə layihənin həyata keçirilməsinə görə təşəkkür etmişdir.
Səmimi qəbula və xoş sözlərə görə minnətdarlıq edən səfir Örl Litzenberqer Naxçıvan Muxtar Respublikasına səfərinin əhəmiyyətini vurğulamışdır. Ailəsi ilə birlikdə Naxçıvana səfər etdiyini qeyd edən diplomat Amerika Birləşmiş Ştatları ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqələrin inkişafı istiqamətində səylərini artıracağını bildirmişdir.
Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılmışdır.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti