İyulun 16-da Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin 50 illik yubileyi qeyd olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Rəssamlar Birliyinin 50 illik yubileyini muxtar respublikanın ictimai-mədəni həyatında əlamətdar hadisə kimi dəyərləndirmiş, bu münasibətlə rəssamları, sənətsevərləri və ictimaiyyət nümayəndələrini təbrik edərək demişdir: Naxçıvan rəssamlıq məktəbinin qədim və zəngin tarixi vardır. Bu məktəbin görkəmli nümayəndələri təsviri sənətin müxtəlif janrlarında tariximizi, abidələrimizi, milli-mənəvi dəyərlərimizi, təbiətimizi, xalqımızın həyatını əks etdirməklə böyük mədəniyyət salnaməsi yaratmışlar. Azərbaycan realist rəssamlığının əsasını qoymuş Bəhruz Kəngərlinin, teatr rəssamlığının inkişafında mühüm xidmətləri olan Şamil Qazıyevin və digər rəssamların əsərləri Naxçıvanın dünəni ilə bu günü arasında mədəni bağlardır.
Ali Məclisin Sədri demişdir: Mədəniyyətin və incəsənətin inkişafını daim diqqət mərkəzində saxlayan, “Azərbaycan rəssamlarının yaratdıqları əsərlər xalqımızın mədəni-mənəvi irsidir”, – deyən ümummilli liderimiz Heydər Əliyevin himayəsi ilə 1971-ci ildə Azərbaycan Rəssamlar İttifaqının Naxçıvan Təşkilatı, 2000-ci ildə isə həmin təşkilatın bazasında Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi yaradılmışdır. Ötən dövrdə Naxçıvan rəssamlıq sənəti böyük inkişaf yolu keçmişdir. Müstəqillik illərində Rəssamlar Birliyi üçün yeni bina, sərgi salonu və emalatxana istifadəyə verilmişdir. Naxçıvan şəhərində Bəhruz Kəngərli Muzeyi və Rəssamlar Parkı yaradılmış, Bəhruz Kəngərlinin 120, Şamil Qazıyevin 110, İbrahim Səfiyevin 120 illik yubileyləri dövlət səviyyəsində qeyd edilmişdir.
“Bu gün Naxçıvan rəssamlıq sənəti varislik ənənələri əsasında inkişaf etdirilir”,-deyən Ali Məclisin Sədri bildirmişdir ki, Naxçıvan Dövlət Universitetində Təsviri incəsənət müəllimliyi və Rəngkarlıq, Naxçıvan Müəllimlər İnstitutunda isə Təsviri incəsənət müəllimliyi ixtisasları açılmışdır. Hazırda həmin ixtisaslar üzrə, ümumilikdə 226 tələbə təhsil alır. Muxtar respublikanın məktəbdənkənar təhsil müəssisələrinin, incəsənət və bədii sənətkarlıq məktəblərinin rəsm dərnəklərində də 600-ə yaxın uşaq və gənc rəsm sənətinin sirlərini öyrənir. Eyni zamanda Naxçıvan Dövlət Rəsm Qalereyasında dəyərli rəsm əsərləri mühafizə, təbliğ və nümayiş olunur. Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi tərəfindən Naxçıvan rəssamlıq məktəbinin tarixi ilə bağlı elmi tədqiqatlar aparılır. Bir sözlə, 59 üzvü olan Rəssamlar Birliyi hərtərəfli qayğı ilə əhatə olunub, rəssamların yaradıcılıq imkanları xeyli genişləndirilib. Ötən 10 ildə ölkədaxili və beynəlxalq səviyyəli 400-ə yaxın sərgidə naxçıvanlı rəssamların 8 mindən artıq əsəri nümayiş etdirilib, 5 dəfə “Naxçıvan – bəşəriyyətin beşiyi” Beynəlxalq Rəsm Festivalı keçirilib, albom-kataloqlar nəşr olunub. Muxtar respublika rəssamlarının əməyi də dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Birlik üzvlərindən 1-i Azərbaycan Respublikasının Xalq rəssamı, 5-i Azərbaycan Respublikasının, 9-u Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı, 1-i isə Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi fəxri adlarına layiq görülüb, rəssamlar Prezident mükafatı, medal və nişanlarla təltif edilib.
Ali Məclisin Sədri demişdir: Hər bir ölkənin tarixi və mədəniyyəti yalnız kitablarda deyil, həm də rəsm əsərlərində yaşayır. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Rəssamın həm həyatı, həm də yaradıcılığı, əsərləri, mədəni və mənəvi irsi xalqımızın bu günü və gələcəyi üçün mənəviyyat mənbəyidir”. Naxçıvanın zəngin təbiəti, qədim tarixi və müasir inkişafı rəssamlar üçün geniş yaradıcılıq imkanları açır. Ona görə də tariximizin və milli dəyərlərimizin təbliği, gənclərin vətənpərvərlik tərbiyəsi və günümüzün real mənzərəsinin yaradılması rəssamların yaradıcılığında xüsusi yer tutmalıdır.
Ali Məclisin Sədri bu yolda birlik üzvlərinə uğurlar arzulamış, yubiley münasibətilə bir daha təbrik etmişdir.
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva çıxış edərək demişdir ki, qədim və zəngin tarixə malik olan Naxçıvan rəssamlıq sənəti Ali Məclis Sədrinin diqqət və qayğısı ilə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin fəaliyyəti üçün hərtərəfli şərait yaradılmış, yeni bina istifadəyə verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamına əsasən Naxçıvan Dövlət Universiteti və Naxçıvan Müəllimlər İnstitutunun aid ixtisasları hamiliyə götürülmüş və gənc rəssamlarla mütəmadi olaraq görüş, tədbir və sərgilər keçirilmişdir. Ötən il Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin nəzdində Gənc Rəssamlar Bölməsi yaradılmışdır. Hazırda bölmənin 25 üzvü var. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2021-ci il martın 2-də Rəssamlar Birliyinin 50 illik yubileyinin keçirilməsi barədə Sərəncam imzalamış, Tədbirlər Planı təsdiq olunmuşdur. 50 illik yubiley tədbirləri çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsində “Naxçıvan rəssamlıq sənətinin inkişafı” mövzusunda konfrans keçirilmiş, muxtar respublika rəssamlarının əsərlərindən ibarət 2 sərgi açılmış, ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Naxçıvan-bəşəriyyətin beşiyi” V Beynəlxalq Rəsm Festivalı təşkil olunmuş, 66 rəssamın 71 əsərinin yer aldığı albom-kataloq nəşr edilmişdir. Hazırda Naxçıvan rəssamlıq məktəbinin tanınmış nümayəndələri haqqında ensiklopedik nəşrin hazırlanması istiqamətində işlər davam etdirilir. Ülviyyə Həmzəyeva Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin göstərilən qayğıdan bəhrələnərək fəaliyyətini daha da gücləndirəcəyini bildirmişdir.
Naxçıvan Dövlət Universitetinin Təsviri incəsənət müəllimliyi ixtisasının III kurs tələbəsi, gənc rəssam Türkan Əsədova çıxış edərək demişdir: “Muxtar respublikada gənclərin təhsil alması, istedadlarının üzə çıxarılması və sağlam vətəndaş kimi böyüməsi üçün lazımi şərait yaradılmışdır. Mən də bu imkanlardan bəhrələnən gənclərdənəm. Rəssamlıq sənətinə böyük marağım var. Dövlətimiz tərəfindən göstərilən qayğı biz gənc rəssamlar üçün də geniş imkanlar açmışdır. 2016-2019-cu illərdə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində fəaliyyət göstərən rəsm dərnəyinin üzvü olmuşam. 2019-cu ildə Naxçıvan Dövlət Universitetinin Təsviri incəsənət müəllimliyi ixtisasına qəbul olmuşam. Hazırda həmin ixtisasın III kurs tələbəsiyəm. Müxtəlif mövzularda çəkdiyim 40-a yaxın rəsm əsərim muxtar respublikada keçirilən sərgilərdə nümayiş olunmuşdur. 2020-ci ilin sentyabr ayından Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Gənc Rəssamlar Bölməsinin üzvüyəm. Təhsil aldığım ixtisasın Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi tərəfindən hamiliyə götürülməsi, gənc rəssamlarla mütəmadi olaraq görüş, tədbir və sərgilərin keçirilməsi peşəkarlığımızın artırılmasına mühüm töhfə verir”. Türkan Əsədova Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Gənc Rəssamlar Bölməsinin üzvləri adından Ali Məclisin Sədrinə minnətdarlıq etmişdir.
Sonra Naxçıvan Muxtar Respublikası təltiflərinin təqdimatı olmuşdur. Bildirilmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 15 iyul tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasında rəssamlıq sənətinin inkişafı sahəsində səmərəli fəaliyyətlərinə görə Əzimbəyova Leyla Behruz qızına, Qədimov Rafael Sabir oğluna və Məmmədov Sabir Duman oğluna Naxçıvan Muxtar Respublikasının “Əməkdar rəssamı” fəxri adı verilmişdir.
Ali Məclisin Sədri fəxri adların döş nişanları və vəsiqələrini təqdim etmişdir.
Rəssamlar əməklərinə verilən yüksək qiymətə görə Ali Məclisin Sədrinə minnətdarlıqlarını bildirmişlər.
Ali Məclisin Sədri və tədbir iştirakçıları Rəssamlar Birliyinin 50 illik yubiley sərgisinə baxmışlar.
Məlumat verilmişdir ki, sərgidə ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Naxçıvan-bəşəriyyətin beşiyi” V Beynəlxalq Rəsm Festivalının albom-katoloqu və 53 rəssamın 130 əsəri nümayiş etdirilir. Sərgidə rəssamların portret, peyzaj, kompozisiya və natürmort janrlarında çəkdikləri əsərlər, dəri üzərində yandırmalar, dekorativ-tətbiqi sənət nümunələri dərin məzmunu və yaradıcılıq xüsusiyyətləri ilə seçilir. Naxçıvanın zəngin təbiəti, qədim abidələri və müasir inkişafı rəssamlar tərəfindən peşəkarlıqla yaradılmışdır.
Sərgiyə baxış zamanı Ali Məclisin Sədri rəsm dərnəklərinin fəaliyyətinin gücləndirilməsi və varisliyin təmin olunması, hədiyyəlik rəsm və əl işlərinin hazırlanması barədə tapşırıqlar vermişdir.
Ali Məclisin Sədri rəssamlarla xatirə şəkli çəkdirmiş, onlara fəaliyyətlərində bir daha uğurlar arzulayaraq demişdir: Muxtar respublikada rəssamlıq sənəti böyük inkişaf yolu keçmişdir. Bu gün burada iştirak edən rəssamlar Naxçıvan rəssamlıq məktəbinin davamçılarıdır. 60-a yaxın birlik üzvünün olması inkişafın göstəricisidir. Naxçıvan həm təbiəti, həm tarixi, həm də müasir inkişafı ilə rəssamlar üçün geniş mövzudur. Realist rəssamlıq sənətinin banisi Bəhruz Kəngərlinin həyat və fəaliyyətilə tanış olarkən onun bu sənəti necə çətinliklə yaşatdığının şahidi oluruq. Onun rəsmləri Azərbaycan Milli İncəsənət Muzeyində və Naxçıvanda adını daşıyan muzeydə sənət əsərləri kimi qorunub saxlanılır. Bu gün Naxçıvan Muxtar Respublikasında rəssamlar üçün hərtərəfli şərait yaradılmışdır. 50 illik yubileyin qeyd edilməsi də rəssamlıq sənətinə göstərilən dövlət qayğısıdır. Sərgidə müxtəlif janrlarda və realist üslubda çəkilmiş, eləcə də beynəlxalq sərgilərdə nümayiş oluna biləcək əsərlər nümayiş olunur. Bu da Bəhruz Kəngərli məktəbinin davam etdirildiyini göstərir. Rəssamlıq sənəti bundan sonra da inkişaf etdirilməli, yaşadılmalı, Naxçıvan bu əsərlər vasitəsilə dünyaya tanıdılmalıdır. Çünki incəsənət məxsus olduğu yerin mədəniyyətinin göstəricisidir.
Ülviyyə Həmzəyeva rəssamların daim dövlət qayğısını üzərlərində hiss etdiklərini bildirmiş, birlik üzvləri adından minnətdarlıq etmişdir.