Ordubad rayonunun dağlıq kəndlərində aparılan quruculuq tədbirləri çərçivəsində turizm kəndləri olan Unus və Pəzməri də inkişafın yeni mərhələsinə qədəm qoyur.
İyulun 13-də Ali Məclisin Sədri Pəzməri kəndində görülən işlərlə maraqlanmışdır.
Bildirilmişdir ki, 2 mərtəbədən ibarət olacaq məktəb binasında nümunəvi şərait yaradılacaqdır. Burada kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, şahmat sinfi, kompüter, müəllimlər, psixoloq otağı, STEAM kabinəsi, elektron lövhəli sinif, kitabxana, qarderob, idman zalı və digər texniki otaqlar yerləşəcəkdir. Dövlət qurumlarının birgə fəaliyyətində mühüm əhəmiyyətə malik olacaq kənd mərkəzində tikinti işləri keyfiyyətlə aparılır. Binada fəaliyyət göstərəcək feldşer-mama məntəqəsində yaradılan şərait kənd əhalisinin sağlamlığının qorunmasına, peyvəndlərin vaxtında vurulmasına imkan verəcəkdir. Xidmət mərkəzində isə bərbərxana, ət satışı yeri, ərzaq mağazası fəaliyyət göstərəcəkdir. Burada xidmət sahələrinin fəaliyyəti üçün nümunəvi şərait yaradılacaq, sakinlər işlə təmin olunacaqdır.
Ali Məclisin Sədrinə məlumat verilmişdir ki, Unus kəndində də quruculuq işləri həyata keçirilir. Kənddə kənd və xidmət mərkəzləri tikilir.
Unus kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Natiq Hacıyev demişdir: “Vaxtilə bu kəndlərdə elektrik enerjisi, təbii qaz, yol infrastrukturu yox idi. İndi isə kəndlər tamamilə qazlaşdırılıb, fasiləsiz elektrik enerjisi ilə təmin olunub, yollar abadlaşdırılıb. 70 il Sovetlər Birliyi dönəmində kəndlərimizə göstərilməyən qayğı Ali Məclis Sədrinin rəhbərliyi ilə qısa zamanda öz həllini tapdı. Bunun üçün bütün kənd sakinləri adından minnətdarlığımı bildirirəm”.
Ali Məclisin Sədri demişdir: Kəndlərdə quruculuq işləri ona görə aparılır ki, insanlar rahat və firavan yaşasınlar. Həyata keçirilən tədbirlər məskunlaşmanı da artıracaqdır. Artıq Pəzməri turistik bölgəyə çevrilir. Kəndə turist axını sakinlərin istehsal etdiyi məhsulların alınmasına da səbəb olacaqdır ki, bu da əhalinin güzəranının daha da yaxşılaşması ilə nəticələnəcəkdir.
Ali Məclisin Sədri kəndlərdə tikinti işlərinin keyfiyyətlə aparılması barədə tapşırıqlar vermişdir.
Sonra Ali Məclisin Sədri gözəlliyi ilə turistləri cəlb edən Pəzməri şəlaləsinin yerləşdiyi ərazidə olmuş və Pəzməridən şəlaləyə gedən yolun yenidən qurulması barədə tapşırıq vermişdir.
Həmin gün Ali Məclisin Sədri Anaqut kəndi ərazisində inşa edilən “Xan Çinar” İstirahət Mərkəzində də olmuş, görülən işlərlə maraqlanmışdır.
Məlumat verilmişdir ki, mərkəzdə istirahətin səmərəli təşkili üçün ikimərtəbəli kotejlər, uşaqların istirahətlərini mənalı keçirmələri üçün attraksionlar, istirahət guşələri, kupelər və restoran vardır.
Ali Məclisin Sədri istirahət mərkəzinə gedən yolun abadlaşdırılması, ərazidə yaşıllıqların artırılması barədə tapşırıqlar vermişdir.