Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2020-ci il dekabrın 14-də “Naxçıvan Dövlət Universitetində Texnologiyalar Parkının yaradılması haqqında” Sərəncam imzalamış, müvafiq dövlət qurumları qarşısında Sərəncamdan irəli gələn vəzifələrin icrası ilə bağlı tapşırıqlar qoyulmuşdur.
İyunun 16-da Naxçıvan Dövlət Universitetində Texnologiyalar Parkının təməlatma mərasimi keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə iştirak etmişdir.
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev çıxış edərək demişdir ki, hazırda universitetin bakalavr üzrə 42 ixtisası, magistr üzrə 80 ixtisasdan 43-ü Texnologiyalar Parkının fəaliyyət sahəsinə daxildir. Ali Məclis Sədrinin parkın yaradılması ilə bağlı müvafiq Sərəncamı mühüm əhəmiyyətə malikdir. Çünki dünyada az sayda universitetdə texnopark vardır. Naxçıvan Dövlət Universitetində innovativ inkişafla əlaqədar olaraq gənclərin layihələrini, ideyalarını dəstəkləmək üçün İnnovasiya Mərkəzi və innovasiya laboratoriyası da yaradılmış, ixtisaslar dövlət qurumlarına hamiliyə verilmişdir. Bütün bunlar kadr potensialının inkişafı ilə yanaşı, gənclərin istedadlarının üzə çıxarılması, ideyaların reallaşması və startap təşəbbüslərinin dəstəklənməsi sahəsində mühüm addımdır.
Məlumat verilmişdir ki, yeni qurulacaq texnoparkda energetika, gülkarlıq, tingçilik, kənd təsərrüfatı və aqronomluq, coğrafiya, üzümçülük, meliorasiya, arıçılıq sahələri, tədris otaqları və sərgi biopark, texnopark binaları, eləcə də Nəbatət bağı fəaliyyət göstərəcəkdir. Texnopark üçün zirzəmi ilə birlikdə 5 mərtəbədən ibarət yeni bina inşa olunacaqdır. Zirzəmidə texnoservis, nano araşdırmalar, biotexnologiyalar, prototip mərkəzləri, proqramlaşdırma və avtomatlaşdırma, kafe və təsərrüfat otaqları nəzərdə tutulmuşdur. Birinci mərtəbədə Şərur sənaye məhəlləsinin, Naxçıvan Məhsullarının, Microsoft şirkətinin, Naxtel 4G operatorunun, CİSCO, KOİCA, Bakunity və digər gələcək rezident şirkətlərin ofisləri yerləşəcəkdir. İkinci mərtəbədə innovasiya, layihələrin əlaqələndirilməsi, informasiya texnologiyaları xidmətləri, süni intellekt elmi-tədqiqat mərkəzləri, incəsənət, dizayn və memarlıq layihələri xidməti, elektronika və digər iş otaqları olacaqdır. Üçüncü mərtəbədə biznes inkubatoru, ideya bankı, Co-working mərkəzi, startap mərkəzləri nəzərdə tutulmuşdur. Dördüncü mərtəbədə 3 müzakirə otağı və 240 nəfərlik akt zalı yerləşəcəkdir.
Biopark binasında Naxçıvan faunasına aid nümunələrin yerləşdiyi muzey, APİAİR müalicə sahəsi, arı südü, arı zəhəri analizləri laboratoriyası, arı mayalandırma, barama, dovşan, ağ siçan və zəli yetişdirmə sahələri fəaliyyət göstərəcəkdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək demişdir: Naxçıvan Dövlət Universitetinin nəzdində Texnologiyalar Parkının yaradılması zamanın tələbidir. Çünki XX əsr texnika, XXI əsr isə texnologiyalar əsridir. Təhsil də yeni texnologiyalar üzərində tədris olunmalı və gənclər müasir dövrün tələblərinə uyğun təhsil almalıdırlar. Texnopark tələbələrin dərsləri həm nəzəri, həm də praktik olaraq mənimsəmələrinə imkan verəcəkdir.
Ali Məclisin Sədri demişdir: Muxtar respublikanın ümumtəhsil məktəblərində STEAM kabinələri qurulur. Artıq “Naxçıvan Muxtar Respublikasında STEAM Təhsil Metodunun tətbiqi ilə bağlı Tədbirlər haqqında” Sərəncam imzalanmışdır. Sərəncama əsasən Təhsil Nazirliyinin tabeliyində STEAM Təlim-Tədris Mərkəzi yaradılacaqdır. Bütün bunlar gənclərin XXI əsrin tələbləri səviyyəsində təhsil almalarına və özlərini gələcəyə hazırlamalarına imkan verəcəkdir. Texnologiyalar Parkında qurulanların hamısı nanotexnologiyalara əsaslanacaqdır. Ölkəmizdə ilk dəfə olaraq bu layihəyə ağıllı texnologiyaların əlavə edilməsi texnoparkın tələblərinə tam cavab verəcəkdir. Ona görə də dünya təcrübəsinə əsaslanaraq burada universitetin profilinə və ixtisaslara uyğun nümunələr seçilib tətbiq olunmalıdır. Bu da imkan verəcək ki, Naxçıvan Dövlət Universiteti dünya universitetləri içərisində öz reytinqini artırsın. Universitetdə tədris yüksək səviyyədə ola bilər. Lakin əsas tələb dünya universitetləri sırasında öz yerini tutmaq və müasir dövrün tələblərinə uyğun fəaliyyət göstərməkdir. Müasir dövrün tələbləri də gəncləri yaradıcı təfəkkürə sövq edən yeni texnologiyalardır. Bunun vacibliyi nəzərə alınaraq 14 dekabr 2020-ci il tarixdə Naxçıvan Dövlət Universitetində Texnologiyalar Parkının yaradılması ilə bağlı Sərəncam imzalanıb. Bu gün isə parkın təməli qoyulur. Layihənin müəllifi universitetin Memarlıq və mühəndislik fakültəsinin müəllimi və universitetin yetirməsidir. Hər il ölkəmizdə elm, təhsil, incəsənət və digər sahələrdə xüsusi fərqlənən gənclərə Prezident mükafatları təqdim olunur. Bu il isə “2021-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin Sərəncamına əsasən layihənin müəllifi İsmayıl İsmayıllı da mükafata layiq görülüb.
Ali Məclisin Sədri Prezident mükafatını İsmayıl İsmayıllıya təqdim edərək təbriklərini çatdırmışdır.
İsmayıl İsmayıllı minnətdarlıq edərək demişdir: “Naxçıvan Dövlət Universitetinin Memarlıq və mühəndislik fakültəsinin məzunu olmuşam. Təhsil aldığım illərdə yaradılan şəraitdən yararlanmışam. Bu gün isə günü-gündən inkişaf edən doğma universitetimdə həm də müəllim kimi fəaliyyət göstərməyimlə qürur duyuram. Prezident mükafatına layiq görülməyim məsuliyyətimi artırır. Naxçıvanın qədim memarlıq ənənələri Ali Məclis Sədrinin qayğısı ilə özünə qaytarılıb. Biz də bunu qədim və müasir memarlıq üslubunun vəhdəti şəklində həyata keçirəcək, yeni layihələr hazırlayacağıq”.
Ali Məclisin Sədri Texnologiyalar Parkının təməlini atmış, tikintinin keyfiyyətlə aparılması və tələblərə uyğun qurulması barədə tapşırıqlar vermişdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti