1993-cü il iyunun 9-da ümummilli liderimiz Heydər Əliyev xalqın çağırışına səs verərək Naxçıvandan Bakıya qayıdıb, müstəqilliyimizi və dövlətçiliyimizi xilas edib. Həmin gün ölkəmizin taleyində dönüş anı olub və böyük Qurtuluşa doğru mühüm addım atılıb. O addım suverenliyin, sabitliyin və sosial-iqtisadi inkişafın təməli olmaqla, Azərbaycanın gələcək inkişaf perspektivlərini müəyyənləşdirib, xalqımızı nicat yoluna çıxarıb.
İyunun 9-da-Milli Qurtuluş Günü ərəfəsində Duzdağda yeni şaxta istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə çıxış edərək deyib: Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Azərbaycanın təbii sərvətləri təkcə neft və qazdan ibarət deyildir. Biz bir çox başqa yeraltı sərvətlərə də malikik… Bu sərvətlərdən də səmərəli istifadə etməliyik”. Bu gün Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında ulu öndərin müəllifi olduğu sosial-iqtisadi inkişaf strategiyasının tərkib hissəsi kimi təbii sərvətlərimizdən xalqımızın rifahı və ölkəmizin inkişafı naminə səmərəli istifadə olunur. Duzdağda yeni şaxtanın istifadəyə verilməsi də bu istiqamətdə görülən işlərin davamıdır.
Ali Məclisin Sədri deyib: Duzdağ mədənçiliyinin qədim tarixi vardır. Hələ Eneolit dövründən başlayaraq əcdadlarımız Naxçıvanda duz çıxarılması ilə məşğul olub, eradan əvvəl IV minillikdə bu proses daha da genişlənib, duzdan tədavül vasitəsi kimi istifadə olunub. Bəzi mənbələrdə isə bu ərazidə duz çıxarılması Nuh Peyğəmbərlə əlaqələndirilir. Duz mədənçiliyinin inkişafı Duzdağ ətrafında məskunlaşmaya, icmalararası və şəhərlərarası əlaqələrin qurulmasına təkan verib, ticarət və sənətkarlıq inkişaf edib, Naxçıvanda şəhər mədəniyyəti formalaşıb. Dünya səyyah və coğrafiyaşünaslarının əsərlərində də Naxçıvanda duz çıxarılmasından geniş bəhs olunub. Tarixçi və coğrafiyaşünas Zəkəriyyə əl-Qəzvininin “Ölkələrin abidələri və məbudların xəbərləri” əsərində XII yüzillikdə Naxçıvanda duz çıxarılması barədə məlumat verilir. 1833-cü ildə rus tədqiqatçısı Qriqoryev tərəfindən tərtib edilən “Naxçıvan əyalətinin statistik təsviri” kitabında isə Naxçıvan duzu barədə yazılır: “Bu duz keyfiyyətinə görə bütün Zaqafqaziyada məşhurdur. Qarabağdan, Yelizavetpol dairəsindən, Şərurdan və Naxçıvanın bütün kəndlərindən bura karvanlar gəlir. Aprel ayından oktyabr ayınadək duz istehsalının əhatə dairəsi daha da genişlənir”. Digər bir tarixi sənəddə – Qafqaz Dağ İdarəsinin 1889-1907-ci illər üzrə hesabatında isə Naxçıvan mədənində ildə 3 min tona yaxın duz çıxarıldığı qeyd olunur.
Ali Məclisin Sədri deyib: XX əsr Naxçıvan duz mədənçiliyi tarixində yeni mərhələdir. 1917-ci ildə Duzdağda əsaslı istismar işlərinə, 1927-ci ildə isə ilk dəfə sənaye üsulu ilə duz çıxarılmasına başlanılıb. Ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə birinci rəhbərliyi dövründə muxtar respublikada dağ-mədən sənayesinin inkişafına və duz istehsalının artırılmasına nail olunub, duz mədəninin maddi-texniki bazası gücləndirilib, nəticədə, ötən əsrin 80-ci illərində duz istehsalının həcmi 1940-cı illə müqayisədə 2 dəfə artıb. Müstəqillik illərində Naxçıvan duzunun tarixi şöhrətinin özünə qaytarılması və duz istehsalının genişləndirilməsi ilə yanaşı, Duzdağ mədəniyyəti də öyrənilib, arxeoloji tədqiqatlar aparılıb, beynəlxalq elmi simpozium və konfranslar keçirilib. Bu gün milli sərvətimiz olan Duzdağ tarixi-mədəni dəyəri, iqtisadi əhəmiyyəti, şəfaverici xüsusiyyəti və turizm cəlbediciliyi ilə dünyaya təqdim olunur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də dediyi kimi: “Naxçıvanın rəmzlərindən biri də təbii ehtiyatları 90 milyon ton təşkil edən Duzdağdır. Bu dağ ölkəmizdə təkcə saf və təmiz duzu ilə deyil, həm də şəfaverici xüsusiyyətlərinə görə tanınmışdır”.
Qeyd olunub ki, muxtar respublikada duzun təhlükəsiz və iqtisadi cəhətdən daha rentabelli üsullarla çıxarılması, daşınması, emalı və ixracı diqqətdə saxlanılır. 2018-ci ildən etibarən Duzdağda axtarış və kəşfiyyat işləri aparılıb, duz ehtiyatı 15 milyon ton olan şaxta qazılıb, ərazidə yeni istehsal kompleksinin tikintisinə başlanıb, duz mədənləri xüsusi qorunan ərazilərin kateqoriyasına aid edilərək xəritəsi hazırlanıb. Yeni duz şaxtasının və istehsal kompleksinin muxtar respublika üçün böyük iqtisadi əhəmiyyəti vardır. Uzun illər bu şaxtadan istifadə olunacaq, Naxçıvan duzunun istehsal həcmi artacaq, daxili tələbatın ödənilməsi ilə yanaşı, həm də xarici bazarlara çıxış imkanı yaranacaqdır.
“Duzdağda yeni şaxtanın istifadəyə verilməsi işin bir tərəfidir. Əsas məsələ mövcud duz ehtiyatından səmərəli istifadə etməkdir”,-deyən Ali Məclisin Sədri bildirib ki, İqtisadiyyat Nazirliyi bu məsələyə diqqəti artırmalı, istismar qaydalarına əməl olunmalı, mədən işlərində və istehsal prosesində itki minimum həddə saxlanılmalıdır. Vurğulanıb ki, muxtar respublikada il ərzində 6-8 min ton duz istehsal olunur. Yeni şaxta və istehsal kompleksi fəaliyyətə başladıqdan sonra isə birnövbəli iş rejimində müəssisənin illik istehsal gücü 15 min ton olacaqdır. Bu da daxili tələbatı ödəməklə yanaşı, həm də böyük ixrac potensialı deməkdir. İqtisadiyyat Nazirliyi Naxçıvan duzunun ixrac imkanlarını araşdırmalı, xarici bazarlar öyrənilməli, məhsulun çeşidi və həcmi artırılmalıdır.
Ali Məclisin Sədri deyib: Mədəndən götürülmüş daşduzun keyfiyyət göstəriciləri yüksəkdir. Analiz nəticəsində natrium-xloridin miqdarının 97 faiz olduğu müəyyən edilib. Bütün bunlara baxmayaraq, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti istehsal prosesində keyfiyyətə və texniki şərtlərə xüsusi diqqət yetirməli, standartların tələbi qorunmalıdır. Duz şaxtasında təhlükəsiz iş şəraitinin yaradılması qarşıda duran əsas vəzifədir. Ona görə də mədən işlərinə yalnız xüsusi ixtisas hazırlığı olan mütəxəssislər cəlb olunmalı, Fövqəladə Hallar Nazirliyi təhlükəsizlik qaydalarını və texnoloji rejimi mütəmadi nəzarətdə saxlamalıdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi şaxtanın dağ-mədən-texniki, hidrogeoloji və ekoloji vəziyyətini davamlı yoxlamalı, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yeni istehsal kompleksinin tikintisini qısa müddətdə başa çatdırmalıdır.
Ali Məclisin Sədri qarşıya qoyulan vəzifələrin icrasında hər kəsə uğurlar arzulayıb, Qurtuluş bayramı ərəfəsində yeni duz şaxtasının istifadəyə verilməsi münasibətilə kollektivi və tədbir iştirakçılarını, eləcə də bütün muxtar respublika əhalisini təbrik edib, bu işdə əməyi olanlara təşəkkürünü bildirib.
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat naziri Tapdıq Əliyev çıxış edərək deyib: 2017-ci ilin oktyabr ayında “Naxçıvan Duz İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyətinin 1 nömrəli şaxtasında aparılan araşdırma zamanı yeraltı avadanlıqların uzun müddət istismar olunduğu, mağaradan istifadənin iqtisadi cəhətdən səmərəli olmadığı və şaxtanın istismar müddətinin başa çatdığı nəzərə alınaraq fəaliyyəti dayandırılıb. Qazma işləri yerüstü istismar üsulu ilə həyata keçirilib. 2018-ci ildə Duzdağda kəşfiyyat quyuları qazılıb, 133 metr dərinlikdəki 1 saylı quyuda 11,6 metr qalınlığında, 101 metr dərinlikdəki 6,5 metr qalınlığında daşduz layı kəsilib, 2019-cu ilin dekabr ayında isə yeni şaxtanın inşasına başlanılıb. Texniki təhlükəsizlik qaydalarına tam cavab verən yeni şaxtaya ağır texnikalar daxil olaraq istənilən qədər xammalı daşıya biləcək ki, bu həm vaxt itkisinin qarşısını alacaq, həm də mədən işçilərinin əməyini xeyli yüngülləşdirəcək. Ali Məclis Sədrinin tapşırığına uyğun olaraq duzun istehsal və satış həcmini artırmaq məqsədilə yeni müəssisə də qurulur. Hazırda tikinti-quraşdırma işləri yekunlaşmaq üzrədir. Naxçıvan duzunun ölkəmizin digər regionlarında da satışını təmin etmək üçün Bərdə şəhərində baza yaradılıb. Yeni müəssisə istifadəyə verildikdən sonra Naxçıvan duzu ən müasir vasitələrlə daha keyfiyyətli istehsal olunaraq dünya bazarına çıxarılacaq.
Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri Mayis Əliyev çıxış edərək deyib ki, müstəqillik illərində Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, onun Geoloji Axtarış və Kəşfiyyat İdarəsinin maddi texniki imkanları tam yenilənib. İdarə üçün Culfa şəhərində ən müasir tələblərə cavab verən Geoloji Baza qurulub, müasir avadanlıqlarla təchiz edilən laboratoriya istifadəyə verilib. Yaradılan şərait isə Duzdağ daşduz yatağında geoloji kəşfiyyat işlərinin aparılmasına əlverişli imkan yaradıb. Geoloji Axtarış və Kəşfiyyat İdarəsi tərəfindən Duzdağ yatağının Naxçıvan sahəsində yeni istismar şaxtasının yerinin müəyyənləşdirilməsi məqsədilə geoloji kəşfiyyat işləri aparılıb, 3 quyu layihələndirilib. Qazılan 1 saylı axtarış quyusuna istinad edilərək Naxçıvan sahəsində yeni şaxtanın yeri müəyyən olunub. Yeni şaxtanın qazılması zamanı yatağın geoloji vəziyyəti nəzərə alınmaqla əvvəlki illərdə aparılan axtarış, kəşfiyyat işlərinin nəticələri hərtərəfli araşdırılıb, yenidən yoxlanılıb, yatağın geoloji quruluşu öyrənilib. Mayis Əliyev bundan sonra da muxtar respublikanın yeraltı və yerüstü təbii sərvətlərinin qorunması və səmərəli istifadəsi ilə bağlı vəzifələrin layiqincə həyata keçiriləcəyini bildirib.
Duzdağ duz mədənlərinin topoqrafik xəritəsinə və sxematik planına baxış zamanı Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin rəisi Müslüm Cabbarzadə məlumat verib ki, yeni şaxtanın açılması üçün 227 hektar torpaq sahəsi ayrılaraq duz mədənlərinin ümumi ərazisi 994 hektara çatdırılıb. İstismar olunan və yeni şaxtanın yerləşdiyi bu ərazi tarixi-mədəni, iqtisadi, turizm-rekreasiya və təbii müalicə əhəmiyyətli ərazi kimi mühafizə olunması məqsədilə xüsusi qorunan torpaqlar kateqoriyasına daxil edilib. Duzdağda qazılan axtarış quyularının koordinatları dəqiqləşdirilərək topoqrafik plana salınıb. Şaxtaların sxematik və əhatə etdiyi ərazilərin topoqrafik planları, Naxçıvan-Duzdağ Fizioterapiya Mərkəzi turist marşrutu xəritəsi hazırlanıb, xəritə və planlar toplu şəklində nəşr olunub, həmçinin xidmətin elektron məlumat bazasına əlavə edilib. Bu xəritələrdə təkcə informasiya almaq məqsədilə deyil, həm də ərazi ilə bağlı bir çox məsələlərin həllində istifadə etmək mümkündür.
Ali Məclisin Sədri Duzdağ duz mədəni tunelinin tikintisi zamanı çəkilən fotoşəkillərə və duz mədənləri ərazisindəki şaxtaların sxematik planına da baxıb.
Sonra şaxtanın qazılmasında əməyi olanlara hədiyyələr təqdim olunub.
Şaxtaçı Ceyhun Hüseynov kollektiv adından minnətdarlıq edərək deyib: “Bu gün biz şaxtaçılar üçün çox əlamətdar bir gündür. Belə bir şaxtanın açılması Naxçıvan duzunun şöhrətini qaytarmaqla yanaşı, gələcək nəsillərin də gəlir mənbəyinə çeviriləcəkdir. 20 ildir, duz mədənində çalışıram. Köhnə duz mədəni bağlandıqdan sonra yenidən şaxtada çalışacağımı xəyal edirdim. Yeni şaxta muxtar respublikamızın tarixində qalacaq ən önəmli hadisə olmaqla yanaşı, gələcəkdə burada ixtisaslı mühəndislərin, şaxtaçıların yetişməsinə şərait yaradacaqdır. Bu tarixə şahidlik etmək bizim üçün xoşbəxtlikdir. Yaradılan şəraitdən səmərəli istifadə edəcək, muxtar respublikanın inkişafı naminə var-qüvvəmizlə çalışacağıq”.
Ali Məclisin Sədri şaxtada yaradılan şəraitlə maraqlanıb, muxtar respublikada satışı həyata keçirilən duz məhsullarına, eləcə də şaxtanın istismar planına baxıb.
Yeni şaxtaya baxış zamanı məlumat verilib ki, Duzdağdakı 133 metr dərinlikdəki 1 saylı kəşfiyyat quyusunda 11,6 metr qalınlığında, 101 metr dərinlikdəki 2 saylı quyuda isə 6,5 metr qalınlığında daşduz layı kəsilib. Ərazidə tikintisi davam etdirilən yeni duz istehsalı müəssisəsindən şaxtayadək 3 kilometr uzunluğunda yol, 3,6 kilometr uzunluğunda elektrik xətti çəkilib, işıqlandırma sistemi qurulub. Tunelin döşəmə və divarları monolit betonla möhkəmləndirilib, yük avtomobillərinin hərəkəti təmin edilib, ehtimal olunan qrunt sularının qarşısını almaq üçün drenaj çəkilib. Yeni şaxtadan götürülən daşduzun analizi nəticəsində natrium-xloridin miqdarının 97 faiz təşkil etdiyi müəyyən edilib.
Sonra Ali Məclisin Sədri idarəetmə qurğusunu işə salıb, şaxtada ilk partlayış olmuş və duzun çıxarılmasına başlanılıb.
Ali Məclisin Sədri muxtar respublikada tunel-qazıntı işlərinin yerli şirkətlər tərəfindən uğurla həyata keçirildiyini bildirib, təhlükəsizlik qaydalarına əməl olunması və işçilər üçün kursların keçirilməsi barədə tapşırıqlar verib.