Həmin gün Ali Məclisin Sədri əkin dövriyyəsinə qatılan 340 hektar torpaq sahəsinə baxıb.
Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin rəisi Müslüm Cabbarzadə məlumat verib ki, sahəyə suyun paylanması üçün 5200 metr su arxı çəkilib və ərazi daşdan təmizlənib. Əkin dövriyyəsinə daxil edilən 340 hektar torpaq sahəsinin 211 hektarı bələdiyyə, 129 hektarı isə xüsusi mülkiyyətdə olan torpaq sahələridir. Bunun 288 hektarı Külüs, 37 hektarı Mahmudoba, 15 hektarı isə Nursu bələdiyyələrinə daxildir. Ərazi Mahmudoba bələdiyyəsindən 1850 metr hündürlükdən başlayaraq Külüs və Nursu bələdiyyələrinə doğru 2100 metr hündürlüyədək 6 kilometr boyunca davam edir. Bu ilin məhsulu üçün ötən ilin payızında 274 hektar sahədə arpa, buğda və xaşa əkilib ki, onun 121 hektarı xüsusi, 153 hektarı bələdiyyə mülkiyyətində olan torpaqlardır. Həmçinin 45 hektar sahədə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti əkin aparıb.
Əkin dövriyyəsinə qatılan torpaq sahələrinə sakinlərin və kənd təsərrüfatı texnikalarının rahat gediş-gəlişinin təmin olunması məqsədilə 7,6 kilometrlik yeni yol çəkilib.
Ali Məclisin Sədri yeni əkin dövriyyəsinə qatılacaq 340 hektar sahədə qurulacaq qapalı suvarma şəbəkəsinin layihəsinə baxıb. Məlumat verilib ki, qapalı suvarma şəbəkəsinin qurulmasında 42 hidrant, 10 siyirtmə, 6 suboşaldıcı və 3 təzyiqqaldırıcıdan istifadə olunacaqdır. Diametri 250 və 200 millimetr olan boru xətlərindən istifadə olunmaqla, ümumilikdə, 10 min 596 metr xətt çəkiləcəkdir.
Sonra kənd sakinləri ilə görüş olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sakinləri təbrik edərək deyib: Bu gün Şahbuz rayonunun həyatında əlamətdar gündür. Rayonun əkin dövriyyəsinə suvarılan 340 hektar torpaq sahəsi əlavə olunur. Bu ərazilər əkin üçün tam yararlı, məhsuldar torpaqlardır. Suvarılandan sonra burada məhsuldarlıq da artacaq və rayon muxtar respublikanın iqtisadiyyatına öz töhfəsini verəcəkdir. Ölkəmizin iqtisadi inkişafı, torpaq sahələrinin suvarılmasının dayanıqlılığının artırılması sahəsində görülən tədbirlər, qəbul olunan dövlət proqramlarına uyğun olaraq bu ərazinin də əkin dövriyyəsinə daxil olunması üçün plan hazırlandı və həyata keçirildi. İlk növbədə, 11 kilometrə yaxın yeni elektrik xətti çəkildi və 2 yarımstansiya yaradıldı. Daha sonra nasos stansiyasının qurulması ilə yeni torpaqlar əkin dövriyyəsinə qatıldı. Əraziyə gələn yolun da əkinçilər üçün vacibliyi nəzərə alınaraq buraya tam yararlı yol çəkildi.
Ali Məclisin Sədri deyib: Qısa müddətdə burada böyük işlər görülüb. Bu işlərin görülməsi üçün muxtar respublikanın büdcəsindən 1 milyon manata yaxın vəsait sərf olunub ki, torpaq mülkiyyətçiləri, bələdiyyə torpaqlarını icarəyə götürənlər torpaqlardan səmərəli istifadə edə, bol məhsul götürə bilsinlər. Dövlət dəstəyi ilə güzəştli şərtlərlə gübrələr verilir, əkinçilərə hər hektara görə vəsaitlər ödənilir. Bu ildən taxılın hər kiloqramı dövlət tərəfindən 42 qəpiyə alınacaqdır. Ona görə də torpaqlardan səmərəli istifadə olunmalı, bol məhsul əldə edilməlidir. Bu da həm əkinçilərin öz həyat şəraitini yaxşılaşdırmağa, həm də ölkəmizin ərzaq təhlükəsizliyinin təmin olunmasına töhfə verəcəkdir.
Külüs kənd sakini Vahid Sadiqov minnətdarlıq edərək deyib: “Ali Məclis Sədrinin yüksək diqqət və qayğısı sayəsində muxtar respublikanın hər bir rayonu kimi, Şahbuz rayonu da tamamilə abadlaşıb. Kəndimizdə yeni məktəb, kənd və xidmət mərkəzləri üçün yeni binalar tikilib, təbii qaz, elektrik enerjisi təminatı yaradılıb, yolumuz abadlaşdırılıb. İnsanların rahat yaşaması üçün hər şərait vardır. Ali Məclis Sədrinin Külüs kəndinə bu dəfəki səfəri xüsusilə fərqlənir. Ona görə ki sovet imperiyasının 70 ildə həyata keçirə bilmədiyi işlər qısa müddət ərzində reallığa çevrilib. Artıq “Düz” massivində su var, yəni həyat var. Kəndimizdə yeni nasos stansiyası qurulub, buraya 12 kilometr məsafədən elektrik xətti çəkilib, geniş yol salınıb, ərazi daşdan təmizlənərək əkinə yararlı vəziyyətə gətirilib. Burada görülən işləri biz heç təsəvvürümüzə də gətirə bilməzdik. Əvvəllər bu düzə qalxmaq çox çətin idi. İndi isə istənilən texnika bura çox asanlıqla gəlib-gedə bilir. Mən bu ərazidə 2 hektar taxıl əkmişəm. Bu cür əkin sahələrinin artırılması bolluq deməkdir. Bolluq xoş güzərandır. Bizim üzərimizə düşən bir vəzifə var – əkib-becərmək, bolluq yaratmaq, gəlir əldə etmək”.
Ali Məclisin Sədri ərazidə qapalı suvarma şəbəkəsinin qurulmasına başlanılması, əkin zamanı məhsuldar və yerli şəraitə uyğunlaşdırılmış toxum sortlarından istifadə edilməsi, torpaq mülkiyyətçilərinin maarifləndirilməsi barədə müvafiq tapşırıqlar verib.
***
Nasos stansiyalarının tikilməsi üçün, ilk növbədə, dayanıqlı və keyfiyyətli elektrik enerjisi təminatı vacib şərtdir. Külüs kəndində yeni nasos stansiyasının tikilməsi layihəsi 40 il bundan əvvəl, hələ Sovetlər Birliyi dövründə nəzərdə tutulmuşdu. Lakin həmin dövrdə bu ərazidə enerji təsərrüfatının normalara uyğun olmaması layihənin icrasına imkan verməmişdir. Müstəqillik illərində muxtar respublikada enerji təhlükəsizliyi öncül istiqamət kimi götürülmüş, yeni elektrik stansiyaları qurulmuş, bütün yaşayış məntəqələrində, xüsusilə kəndlərdə elektrik təsərrüfatı sistemləri yenilənmiş, yeni və dayanıqlı elektrik verilişi xətləri çəkilmiş, transformatorlar qurulmuş, yarımstansiyalar müasirləşdirilmiş, enerjinin tələbata uyğun verilməsinə nail olunmuşdur. Məhz bu işlərin davamı olaraq Şahbuzkənd, Külüs və Keçili kəndlərində elektrik sistemlərinin yenilənməsi, “Şahbuz” yarımstansiyasının gücünün artırılması nasos stansiyasının tikintisinə imkan vermiş, nəticədə, yüz hektarlarla torpaq sahəsi əkin dövriyyəsinə qatılmışdır. Yeni torpaq sahələrinin əkilməsi isə həm muxtar respublikanın ərzaq təhlükəsizliyinə, həm də sakinlərin rifahına töhfə verəcəkdir.