Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin dördüncü sessiyasından irəli gələn vəzifələr və 2020-ci ildə polis оrqаnlаrının cinаyətkаrlığа qarşı mübаrizə, ictimаi qаydаnın və ictimаi təhlükəsizliyin təmin edilməsi üzrə fəаliyyətinin nəticələrinə dair Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində keçirilən kollegiya iclasında Daxili İşlər naziri, general-leytenant Fazil Ələkbərov geniş məruzə ilə çıxış edib. Bildirib ki, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan inkişaf strategiyasının Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov tərəfindən uğurla davam etdirilməsi nəticəsində muxtar respublikada dayanıqlı xarakter almış ictimai-siyasi sabitlik daxili işlər orqanlarının da fəaliyyətinə əlverişli şərait yaratdığı üçün Naxçıvanın cinayətsiz region statusu 2020-ci ildə də qorunub saxlanılıb.
Vurğulanıb ki, hər il olduğu kimi muxtar respublikada həyata keçirilən tikinti-quruculuq işləri daxili işlər orqanlarına da öz töhfələrini verib. Belə ki, hesabat ilində Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadasının xüsusi təyinatlı dəstəsi üçün əsgəri-məişət kompleksi tikilib, bütün zəruri avadanlıq və xüsusi vasitələrlə tam təchiz olunaraq şəxsi heyətin istifadəsinə verilib. Həmçinin Naxçıvan Hava Nəqliyyatında Polis Şöbəsinin, Xüsusi Əməliyyat Axtarış Tədbirləri Şöbəsinin və Xüsusi Təyinatlı Əməliyyat Taqımının inzibati binaları əsaslı şəkildə təmir olunub, əməkdaşlar üçün xidməti avtomobillər alınaraq onların istifadəsinə verilib.
Nazir diqqətə çatdırıb ki, daxili işlər orqanları da, öz növbəsində, yaradılan şəraitdən səmərəli istifadə edərək cinayətkarlığa qarşı mübarizə və ictimai asayişin təmin olunmasında qətiyyət nümayiş etdirib, şəxsi heyət qarşıya qoyulan vəzifələrin icrası ilə yanaşı, koronavirusla mübarizə tədbirlərinə cəlb edilərək karantin qaydalarına ciddi nəzarət olunub.
Daxili işlər orqanlarının pandemiya ilə əlaqədar həyata keçirilən təhlükəsizlik tədbirlərində fəal iştirakı muxtar respublika rəhbəri tərəfindən yüksək qiymətləndirilib, 1479 nəfər polis əməkdaşı, o cümlədən “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının 223 nəfər şəxsi heyətinə birdəfəlik pul mükafatı verilib.
Vurğulanıb ki, hesabat dövründə qanunsuz saxlanılan silahların yığılması istiqamətində ardıcıl həyata keçirilən profilaktik maarifləndirmə tədbirləri nəticəsində vətəndaşlardan 177 ədəd müxtəlif növ silah və xeyli sayda döyüş sursatı təhvil götürülüb.
Fazil Ələkbərov bildirib ki, muxtar respublikada narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıqla mübarizə sahəsində həyata keçirilən qətiyyətli və məqsədyönlü tədbirlər nəticəsində 2020-ci ildə də əvvəlki illə müqayisədə 1 cinayət və 3 inzibati fakt artıq aşkar edilib.
Vətəndaş məmnunluğunun təmin edilməsi çərçivəsində Azərbaycanın digər bölgələrində yaşayan muxtar respublika sakinlərinin biometrik şəxsiyyət vəsiqəsi ilə təmin edilməsi məqsədilə hesabat ilində Bakı şəhərinə ezam olunmuş aidiyyəti xidmət əməkdaşları tərəfindən 4400 nəfərdən artıq şəxsə biometrik şəxsiyyət vəsiqəsi verilib.
“Hesabat dövrünün yekunu və hərtərəfli təhlili onu göstərir ki, Naxçıvan Muхtаr Respublikаsının dахili işlər оrqаnlаrı 2020-ci ildə də qаrşıdа durаn vəzifələrin icrаsına, ictimаi аsаyişin və təhlükəsizliyin etibаrlı qоrunmasına məsuliyyətlə yanaşaraq cinayətkarlığa qarşı mübarizə sahəsində qətiyyətli mövqe nümayiş etdiriblər”, – deyən nazir əmin edib ki, cinayətkarlığa qarşı mübarizə və ictimai asayişin təmini sahəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov tərəfindən qarşıya qoyulan vəzifələr, əməliyyat-xidməti fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı tələb və tapşırıqlar bundan sonra da dəqiq yerinə yetiriləcək, sabitliyin, əmin-amanlığın, dövlətin və vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən qorunması təmin olunaraq Naxçıvanın cinayətsiz region statusu qorunacaq, əldə olunmuş nəticələr daha da artırılacaq.
Məruzə ətrafında çıxışlar olub.