Hörmətli deputatlar və sessiya iştirakçıları!
2020-ci ildə ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin uğurla davam etdirilməsi Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında iqtisadi inkişaf dinamikasını qoruyub saxlamış, əhalinin rifahının yaxşılaşdırılması, yeni iş yerlərinin açılması və məşğulluğun təmin olunması sahəsində sistemli tədbirlər görülmüşdür. Yola saldığımız ildə muxtar respublikada bütün parametrlər üzrə iqtisadi sabitliyə və davamlı inkişafa nail olunmuş, mövcud resurslardan səmərəli istifadə nəticəsində makroiqtisadi göstəricilərdə artım müşahidə olunmuşdur. Daxili potensialdan düzgün istifadə edilməsi, yeni istehsal müəssisələrinin işə salınması sosial-iqtisadi sahələr üzrə çoxşaxəli inkişafı təmin etmiş, məşğulluq səviyyəsinin yüksəldilməsinə, sosial layihələrin uğurla həyata keçirilməsinə şərait yaratmışdır.
2020-ci ildə pandemiyanın yaratdığı mənfi təsirlərə baxmayaraq, muxtar respublikada əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ümumi daxili məhsulun həcmi 1,1 faiz artaraq 2 milyard 908 milyon manata yaxın olmuşdur. Onun bir nəfərə düşən həcmi 6 min 310 manat təşkil etmişdir ki, bu da 2019-cu ildəki göstəricidən 1,8 faiz çoxdur. Ümumi daxili məhsulun 59 faizdən çoxu istehsalın payına düşmüşdür.
Muxtar respublikada inkişafın mühüm faktorlarından biri kimi sahibkarlıq fəaliyyətinin genişləndirilməsi və rəqabətqabiliyyətliliyinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər iqtisadiyyatın çoxşaxəli inkişafını təmin etmişdir. İşgüzar fəaliyyətin dəstəklənməsi, sahibkarlığın təşviq olunması və rentabelli layihələr üçün dövlət maliyyə dəstəyinin göstərilməsi yeni iş yerlərinin, əhali gəlirlərinin artımını təmin etmiş, iqtisadiyyatın müxtəlif parametrlər üzrə dinamik inkişafına şərait yaratmışdır.
Cari ilin ötən dövründə sahibkarlara 30 milyon 909 min manat kredit verilmiş, 119 yeni istehsal və xidmət sahəsi fəaliyyətə başlamış, 34 hüquqi və 2 min 220 fiziki şəxs dövlət qeydiyyatına alınmışdır. Sahibkarlığın hazırkı inkişaf səviyyəsinin nəticəsidir ki, bu gün muxtar respublikada 384 növdə məhsul istehsal olunur, 350 növdə məhsula olan tələbat isə tamamilə yerli istehsal hesabına ödənilir.
Muxtar respublikada sənayenin inkişafı üçün böyük perspektivlər mövcuddur. Zəngin xammal resurslarına malik olması, investisiya qoyuluşunun stimullaşdırılması üçün effektiv mexanizmlərin və texnoloji yeniliklərin tətbiqi bu sahədə məhsul istehsalı və ixrac potensialının artırılmasını təmin etmiş, “Badamlı” Mineral Sular Zavodu üçün yeni kompleks istifadəyə verilmiş, istehsal həcmi artırılmışdır. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində 2020-ci ildə muxtar respublikada istehsal edilən sənaye məhsulunun həcmi artaraq 1 milyard 40 milyon 475 min manat olmuşdur. Sənayenin dövlət sektorunda 68 milyon 245 min manatlıq, qeyri-dövlət sektorunda 972 milyon 230 min manatlıq məhsul istehsal edilmişdir.
Ölkədə və dünyada hansı proseslərin baş verməsindən asılı olmayaraq, kənd təsərrüfatı daim inkişaf etdirilməlidir. Çünki kənd təsərrüfatı ərzaq təhlükəsizliyinin təmin olunmasında və aqrar sənaye müəssisələrinin xammalla təchizatında mühüm əhəmiyyət kəsb edir. Muxtar respublikada aqrar sahədə kompleks tədbirlər görülür, əkinəyararlı torpaq sahələrinin səmərəli istifadəsi daim diqqətdə saxlanılır, torpaq ehtiyatlarının dövlət idarəetməsi mexanizmi mütəmadi olaraq təkmilləşdirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılmasına dair Tədbirlər Planı” təsdiq edilmişdir.
Bu il torpaq ehtiyatlarından düzgün istifadə olunması, meliorativ tədbirlərin aparılması və mütərəqqi suvarma şəbəkələrinin qurulması tədbirləri davam etdirilmiş, Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin maddi-texniki bazası daha da gücləndirilmişdir. Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında imzalanmış Texniki-İqtisadi Əməkdaşlıq haqqında Sazişə əsasən 17 adda 67 texnika və texnoloji avadanlıq cəmiyyətin istifadəsinə verilmişdir.
Mütərəqqi suvarma sistemlərinin qurulması işi davam etdirilmiş, Şahbuz rayonunun Türkeş, Sələsüz, Mərəlik kəndlərinin ərazisində 275 hektar, Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində 810 hektar torpaq sahəsini əhatə edən qapalı suvarma şəbəkələri qurulmuşdur. Hazırda Araz çayından qidalanan və 2 min 91 hektar torpaq sahəsini əkin dövriyyəsinə qatacaq, eləcə də Araz Su Anbarından qidalanan və 3 min 200 hektar torpaq sahəsini əkin dövriyyəsinə qatacaq yeni nasos stansiyalarının və təzyiqli boru xətlərinin, Şahbuz rayonunun Külüs kəndində 400 hektar torpaq sahəsinin əkinəyararlı vəziyyətə gətirilməsi üçün işlər davam etdirilir.
Məhsul istehsalçılarının güzəştli kreditlərlə təmin edilməsi, texnika və gübrə ilə təchizatın yaxşılaşdırılması, suvarma sistemlərinin yenilənməsi və müasir aqrar infrastrukturun formalaşdırılması , öz növbəsində, kənd təsərrüfatı məhsullarının istehsal həcmini artırmışdır. 2020-ci ilin məhsulu üçün muxtar respublikada 63 min 405 hektar sahədə əkin aparılmışdır. Strateji əhəmiyyəti nəzərə alınaraq əkilmiş sahələrin 36 min 879 hektarında taxıl səpini aparılmış, 115 min 649 ton məhsul yığılmışdır.
Ərzaq təhlükəsizliyinin təmin olunmasında müstəsna əhəmiyyətə malik kartofçuluğun da inkişafı diqqətdə saxlanılmış, 3 min 241 hektar kartof sahəsindən 50 min 668 ton kartof yığılmışdır. Ötən il qarğıdalının hər kiloqramının tədarükçülər tərəfindən 40 qəpikdən qəbul edilməsi muxtar respublika sakinlərində bu sahəyə marağı artırmış, nəticədə, 1549 hektar qarğıdalı əkini sahəsindən 14 min 753 ton məhsul yığılmışdır ki, bu da ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 76 faiz çoxdur.
Muxtar respublikanın təbii coğrafi şəraiti meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üçün geniş imkanlar yaradır. 2020-ci ildə 5 min 449 hektar sahədə tərəvəz, 2 min 266 hektar sahədə bostan əkinləri aparılmış, yeni meyvə bağlarının salınması davam etdirilmişdir. İl ərzində muxtar respublikada mövcud meyvə və üzüm bağlarından 52 min tondan artıq meyvə, 17 min tona yaxın üzüm yığılmışdır.
Əkinçiliyin inkişafında başlıca şərt keyfiyyətli toxum təminatıdır. Muxtar respublikada torpaq mülkiyyətçilərinin məhsuldar və yerli iqlim şəraitinə uyğunlaşdırılmış toxumlarla təminatı sahəsində ardıcıl tədbirlər görülür. Bu il Naxçıvan şəhərində “BərəkətToxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyəti üçün yeni kompleks istifadəyə verilmiş, toxuma olan tələbatın yerli istehsal hesabına ödənilməsi təmin olunmuşdur.
Kənd təsərrüfatının inkişafında, yüksək məhsuldarlığın əldə edilməsində intensiv amillərin tətbiqi böyük əhəmiyyət kəsb edir. Bu səbəbdən müasir kənd təsərrüfatı texnikası və texnoloji avadanlıqlarının muxtar respublikaya alınıb gətirilməsi diqqət mərkəzində saxlanılır. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, 2020-ci ildə “Naxçıvan Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə tələbata uyğun olaraq 304 müxtəlif adda kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq alınıb gətirilmişdir. Həmçinin cəmiyyətin xətti ilə məhsul istehsalçılarına il ərzində 9 min 192 ton mineral gübrə verilmiş, 2021-ci il üçün 7 min ton karbamid gübrəsi alınmışdır.
Əhalinin yerli ərzaq məhsulları ilə təminatında və emal sənayesinin inkişafında mühüm yer tutan heyvandarlıq sahəsi üzrə də müvafiq işlər görülmüş, bu sahənin inkişafı məqsədilə cari ilin ötən dövründə 9 milyon 520 min manatdan artıq kredit verilmişdir. Muxtar respublikada baytarlıq xidmətinin daha da təkmilləşdirilməsi, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması, məhsuldarlığın artırılması üçün əsaslı tədbirlər həyata keçirilmiş, Babək Rayon Baytarlıq İdarəsi üçün yeni bina və 6 baytarlıq məntəqəsi istifadəyə verilmiş, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə “2020-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında baytarlıq təbabətinin inkişafı üzrə” Dövlət proqramı təsdiq edilmişdir.
Kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən tədbirlərin məntiqi nəticəsidir ki, 2020-ci ildə muxtar respublikada keçən ilin müvafiq dövrü ilə müqayisədə 4,6 faiz çox olmaqla, 537 milyon manatdan artıq kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur.
Son illər ətraf mühitin mühafizəsi sahəsində görülən işlər muxtar respublika ərazisində əlverişli ekoloji şəraitin qorunub saxlanılmasına zəmin yaratmışdır. Xüsusilə yaşıllıq sahələrinin ilbəil genişləndirilməsi, yeni meyvə bağlarının salınması və ailə təsərrüfatlarında bağçılığa marağın artırılması muxtar respublikada tingçilik təsərrüfatlarının inkişafını zərurətə çevirmişdir. Bu il 586 hektar sahədə meşəsalma və meşəbərpa işləri aparılmış, 404 minə yaxın ağac və gül kolu əkilmişdir.
Əsas kapitala vəsait qoyuluşlarının həcminin ilbəil artması cari ildə də muxtar respublikanın quruculuq xəritəsini xeyli genişləndirib, yeni istehsal müəssisələri, təhsil, səhiyyə, mədəniyyət ocaqları üçün müasir binalar, hərbi təyinatlı obyektlər tikilərək istifadəyə verilib.
Ordubad rayonunda Dəstə Radio-Televiziya Ötürücü Stansiyası üçün binanın, “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin Şərur və Kəngərli rayon filiallarının inzibati binalarının, 6 kənd və 6 xidmət mərkəzinin açılışı olmuşdur. Naxçıvan şəhərində “ASAN Xidmət” Mərkəzinin, “Naxçıvan Duz İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyəti üçün yeni müəssisənin və Duzdağda yeni şaxtanın, “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin Şahbuz rayon filialının, Sədərək rayonunda Radio-Televiziya Ötürücü Stansiyası üçün binanın, 5 kənd və 4 xidmət mərkəzinin tikintisi, Şərur şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyin binasının yenidən qurulması davam etdirilmişdir.
Naxçıvan şəhərində “Gənclər Yaşayış Kompleksi”nin və 1 yaşayış binasının tikintisi, 9 yaşayış binasının yenidən qurulması, Ordubad rayonunda 1 yaşayış binasının tikintisi, Şərur rayonunda 1, Culfa rayonunda 2 yaşayış binasının yenidən qurulması başa çatdırılmış, Naxçıvan şəhərində 1 yaşayış binasının tikintisi, 5 yaşayış binasının, tələbə yataqxanasının yenidən qurulması, Şərur və Şahbuz rayonlarının hər birində 1 yaşayış binasının tikintisi, Şərur və Culfa rayonlarının hər birində 1 yaşayış binasının yenidən qurulması davam etdirilmişdir.
Əhalinin içməli su təminatının yaxşılaşdırılması da diqqət mərkəzində saxlanılmış, bu istiqamətdə əsaslı quruculuq işləri aparılmışdır. Cari ilin ötən dövründə Şərur rayonunda Şərur Şəhər Sutəmizləyici Qurğular Kompleksinin, Cəlilkənddə içməli su şəbəkəsinin tikintisi başa çatdırılmış, Babək, Ordubad, Kəngərli və Sədərək rayon mərkəzlərində, ətraf qəsəbə və kəndlərdə içməli su təchizatı və kanalizasiya sistemlərinin, Şərur rayonunun Sərxanlı, Kəngərli rayonunun Qarabağlar, Xok, Yurdçu və Qabıllı kəndlərində içməli su şəbəkələrinin tikintisi davam etdirilmişdir.
Şərur rayonunda 3, Babək rayonunda 2 subartezian quyusunun tikintisi, Babək və Şahbuz rayonlarının hər birində 1 subartezian quyusunun bərpası başa çatdırılmışdır. Həmçinin 9 kəhriz təmir olunmuşdur.
Yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər bu gün muxtar respublikada aparılan tikinti-quruculuq işlərinin əsasını təşkil edir. Son illər muxtar respublikanın bütün bölgələrində avtomobillərin rahat və təhlükəsiz hərəkəti təmin edilib. 2020-ci ilin ötən dövründə muxtar respublikada 40 kilometr uzunluğunda yeni asfalt yol salınmış, Culfa-Ordubad magistral avtomobil yolu yenidən qurulmuşdur.
Cari dövrdə Naxçıvan Beynəlxalq Hava Limanında yeni uçuş-enmə zolağı tikilmiş, Naxçıvan şəhərində 400 yerlik avtomobil parkının tikintisi davam etdirilmişdir. Dəmir yolu təsərrüfatında da infrastruktur tədbirləri davam etdirilmişdir. Bu il muxtar respublikada dəmir yolu nəqliyyatı ilə 133 min tondan artıq yük və 96 minə yaxın sərnişin daşınmışdır.
Muxtar respublikada rabitə və yeni texnologiyaların tətbiqi sahəsində həyata keçirilən tədbirlər diqqətdə saxlanılmış, cari ilin ötən dövründə Culfa rayonunda Yeni Nəsil Telekommunikasiya Sisteminin yaradılması başa çatdırılmış, Kəngərli rayonunda Telekommunikasiya sistemi istifadəyə verilmiş, hər iki rayon mərkəzində rabitə evlərinin açılışı olmuşdur. Muxtar respublikanın yaşayış məntəqələrində 3 yeni nəsil avtomat telefon stansiyası istifadəyə verilmiş, ümumilikdə, 34 kilometrdən artıq fiber-optik, 53 kilometr rabitə xətti çəkilmişdir. Ötən dövrdə muxtar respublikanın tikinti-quraşdırma işləri həyata keçirilən yaşayış məntəqələrində 3 yeni poçt bölməsi yaradılmış, 2 rayon poçt filialı və 3 poçt bölməsi isə yeni bina ilə təmin olunmuşdur.
Muxtar respublikanın enerji təhlükəsizliyinin təmin edilməsində alternativ və bərpa olunan enerji mənbələrindən istifadə əsas məsələdir. Cari ilin ötən dövründə Kəngərli rayonunun Qabıllı kəndində 3 meqavat gücündə Günəş Elektrik Stansiyasının, Şərur rayonunda “Çomaxtur” yarımstansiyasının açılışı olmuş, muxtar respublikada 83 kilometr uzunluğunda müxtəlif gərginlikli yeni elektrik xətləri çəkilmişdir. Şərur rayonunda 5 meqavat gücündə Günəş Elektrik Stansiyasının, Culfa rayonunda 1 meqavat gücündə Külək-Günəş Hibrid Elektrik Stansiyasının, Ordubad rayonunda Ordubad və Tivi Su Elektrik stansiyalarının, Şərur şəhərində yüksəkgərginlikli elektrik verilişi xətlərinin yeraltına keçirilməsi işləri davam etdirilmişdir.
Təbii qaz təchizatı sisteminin müasirləşdirilməsi də diqqətdə saxlanılmış, Naxçıvan şəhərində Naxçıvan Qaz-Kompressor stansiyasının tikintisi davam etdirilmiş, Şərur rayonunda maye qazdoldurma və Culfa şəhərində yanacaqdoldurma stansiyaları istifadəyə verilmişdir.
Görülən işlər əhalinin məşğulluq səviyyəsini artırmış, cari ilin ötən dövründə muxtar respublika üzrə 943 yeni iş yeri açılmışdır.
Muxtar respublikanın iqtisadi inkişafında əsas prioritetlərindən biri də xarici ticarət əlaqələrinin genişləndirilməsi, ixrac potensialının gücləndirilməsidir. 2020-ci ilin muxtar respublikada “İxrac ili” elan edilməsi və “Naxçıvan Muxtar Respublikasında ixrac potensialının və ixraca dövlət dəstəyinin artırılması ilə bağlı Tədbirlər Planı”nın təsdiq olunması istehsal olunan məhsulların ixrac imkanlarının artmasına və xarici bazarlarda tanınmasına şərait yaratmışdır. Həmçinin sistemli tədbirlərin həyata keçirilməsi sahibkarlıq subyektlərinin ixracyönümlü məhsul istehsalını da stimullaşdırmışdır. 2020-ci ilin ötən dövründə muxtar respublikanın xarici ticarət dövriyyəsi 450 milyon 839 min Amerika Birləşmiş Ştatları dolları təşkil etmişdir. Ticarət əməliyyatlarının 86 faizi, yaxud 387 milyon 540 min Amerika Birləşmiş Ştatları dolları ixracın payına düşmüş, müsbət saldo yaranmışdır.
2020-ci ildə muxtar respublikanın maliyyə sektorunda da tədbirlər diqqətdə saxlanmış, dövriyyədə olan nağd pul kütləsinin azaldılması, nağdsız əməliyyatların həcminin artırılması, elektron ödəniş sistemlərinin geniş tətbiqi üçün tədbirlər görülmüşdür. 2020-ci ilin dekabr ayının əvvəlinə fiziki və hüquqi şəxslər üçün 91 min 728 bank hesabı açılmışdır ki, bunun da 79 min 964-ü, yaxud 87 faizdən çoxu işlək hesablardır. Ticarət və xidmət müəssisələrində olan 1406 POS-terminal vasitəsilə nağdsız ödənişlərin aparılması təmin edilmişdir. Cari ildə internet və POS-terminallar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 79 milyon 542 min manat təşkil etmişdir.
İqtisadi inkişafın əsas hərəkətverici qüvvəsi təhsil və bunun nəticəsi olan insan kapitalıdır. Bu il Ordubad rayonunun Vənənd kəndində 432 yerlik məktəb və uşaq musiqi məktəbi, Şərur rayonunun Muğancıq-Mehrab kəndində 224, Culfa rayonunun Camaldın kəndində 252, Babək rayonunun Nəcəfəlidizə kəndində 78, Şərur rayonunun Qarabürc kəndində 120 şagird yerlik tam orta məktəb binalarının, Culfa Rayon Təhsil Şöbəsinin və məktəbdənkənar təhsil müəssisələrinin binası istifadəyə verilmişdir. Yeni təlim və tədris metodlarından istifadə də diqqətdə saxlanılmış, Şərur və Culfa rayonlarında yeni innovativ dərnəklər yaradılmış, muxtar respublikanın ümumtəhsil məktəblərində STEAM tədris metodunun tətbiqinə başlanılmışdır.
Naxçıvan şəhərində Kimya-Biologiya Təmayüllü Liseyin, uşaq bağçasının tikintisi, Naxçıvan Dövlət Universitetinin Xarici dillər fakültəsi binasının, Şərur rayonunun Şəhriyar kəndində tam orta məktəb və uşaq musiqi məktəbi binalarının, Ordubad şəhərində və Nüsnüs kəndində məktəb binalarının yenidən qurulması davam etdirilmişdir. Bundan əlavə, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin İmtahan Mərkəzi yaradılmışdır.
Təhsilin inkişafı sahəsində görülən işlər nəticəsiz qalmamış, qəbul imtahanlarında iştirak edən abituriyentlərdən 2381-i ali və orta ixtisas məktəblərinin tələbəsi adını qazanmışdır. Ali məktəblərə qəbul olanlardan 1108-i ixtisas seçimi zamanı muxtar respublikanın ali təhsil müəssisələrinə üstünlük vermişdir. Qəbul imtahanlarının nəticələrinə əsasən 275 nəfər 500-dən yuxarı bal toplamış, onlardan 4-ü Prezident təqaüdünə layiq görülmüşdür.
Tibbi xidmətin müasir standartlar səviyyəsinə yüksəldilməsi və vətəndaşların sağlamlığının etibarlı təminatı bu gün qarşıda duran əsas vəzifələrdəndir. Artıq muxtar respublikanın bütün şəhər və rayonlarında icbari tibbi sığorta tətbiq olunur. Bu il səhiyyə quruculuğu tədbirləri çərçivəsində Ordubad Rayon Gigiyena və Epidemiologiya Şöbəsi, Şərur rayonunun Məmmədsabir, Ordubad rayonunun Vənənd, Culfa rayonunun Camaldın kəndlərində həkim ambulatoriyaları, Şərur rayonunun Muğancıq-Mehrab, Qarabürc, Babək rayonunun Nəcəfəlidizə kəndlərində feldşer-mama məntəqələri, Naxçıvan “Duzdağ” Fizioterapiya Mərkəzinin inzibati binası istifadəyə verilmişdir. Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzinin, Şərur rayonunun Şəhriyar, Ordubad rayonunun Nüsnüs və Yuxarı Əndəmic, Şahbuz rayonunun Ağbulaq kəndlərində həkim ambulatoriyalarının, Ordubad Rayon Uşaq Xəstəxanasının, Culfa Rayon Gigiyena və Epidemiologiya Şöbəsinin yenidən qurulması davam etdirilmişdir. İnfrastruktur quruculuğu ilə yanaşı, səhiyyə müəssisələrinə 12 təcili tibbi yardım avtomobili də verilmişdir.
Dünyada pandemiya halını alan virusun muxtar respublikada yayılmasının qarşısının alınması sahəsində tədbirlər görülmüş, Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılmış, müasir laboratoriya qurulmuş və lazımi tibbi ehtiyatlar yaradılmışdır. Virusla mübarizə məqsədilə səhiyyə müəssisələrinə ümumi dəyəri 4 milyon 700 min manatdan artıq olan tibbi avadanlıqlar, dərman və ləvazimatlar, həmçinin dezinfeksiya məhlulu alınmışdır.
Karantin dövründə Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında yaşayan tənha ahıl, ünvanlı dövlət sosial yardımı alan, çoxuşaqlı ailə və xüsusi qayğıya ehtiyacı olan 3 min 955 nəfərə ərzaq payları, muxtar respublikada təhsil alan və pandemiyaya görə ölkələrinə gedə bilməyən 257 əcnəbi tələbəyə ərzaq və maddi yardım verilmiş, sosial qayğıya ehtiyacı olan 258 ailənin özünüməşğulluğu təmin olunmuşdur. İşsiz kimi qeydiyyata alınan vətəndaşlara 190 manat birdəfəlik vəsait ödənilmiş, vergiödəyicisi kimi qeydiyyatda olan sahibkarlıq subyektlərinə 7 milyon 279 min manat maliyyə yardımı göstərilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 20 aprel və 23 iyun 2020-ci il tarixli sərəncamlarına əsasən dövlət tibb müəssisələrində çalışan tibb işçilərinə, həmçinin Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzinin və digər dövlət qurumlarının pandemiya ilə mübarizədə profilaktik dezinfeksiya tədbirləri həyata keçirən işçilərinə, aylıq vəzifə maaşlarının 1-3 misli məbləğində mükafat və müddətli əlavələr ödənilmişdir. Muxtar respublikanın bütün yaşayış məntəqələrində davamlı olaraq dezinfeksiya işləri aparılır.
Muxtar respublikanın inkişafında milli və mənəvi dəyərlərimizə qayıdış xüsusi yer tutur. Bu məqsədlə yeni məscidlər tikilir, tarixi abidələr və ziyarətgahlar bərpa edilir. Bu il Naxçıvan şəhər Buzxanası, Yusif Küseyir oğlu türbəsi və Kəngərli rayonunda Şahtaxtı hamamı bərpa olunmuşdur. Ordubad rayonunda “Bayraq Meydanı”nın, Şərur şəhərində Mərasim evi və dini icma üçün iş otaqlarının, Təqaüdçülər Klubunun açılışı olmuş, Şərur Rayon Mədəniyyət Sarayının və “Saat Meydanı”nın, Şahbuz rayonunda Tarix-Diyarşünaslıq Muzeyinin, Şərur və Sədərək rayonlarında bayraq meydanlarının tikintisi davam etdirilmişdir.
Naxçıvan şəhərində, Babək rayonunun Cəhri qəsəbəsində yeni məscidlərin tikintisi, Ordubad Cümə məscidinin bərpası davam etdirilmiş, Ərəfsə kəndində tarixi körpü bərpa edilmişdir.
Naxçıvan şəhərində “Sahil” Parkı istifadəyə verilmiş, Culfa rayonunda Darıdağ Arsenli Su Müalicə və İstirahət Kompleksinin tikintisi davam etdirilmişdir.
Bədən tərbiyəsi və idman gənclərin fiziki inkişafında və asudə vaxtının səmərəli təşkilində mühüm rol oynayır. 2020-ci ildə Naxçıvan şəhərində “5 Mart–Bədən Tərbiyəsi və İdman Günü”nə həsr olunmuş “İdman Festivalı” keçirilmiş, muxtar respublika şahmatçılarının 13 beynəlxalq, 6 ölkə səviyyəli onlayn yarışlarda iştirakı təmin edilmişdir. İl ərzində keçirilən ölkə və beynəlxalq səviyyəli idman yarışlarında ,ümumilikdə, 37 medal qazanılmışdır. Uzunoba Su Anbarı ərazisində çimərlik futbolu meydançasının yaradılması başa çatdırılmış, təlim-məşq kompleksinin və Ordubad Şəhər Stadionunun tikintisi davam etdirilmişdir.
Babək şəhərində bazar kompleksinin açılışı olmuş, muxtar respublikanın yaşayış məntəqələrində kommunal xidmətləri yaxşılaşdırmaq məqsədilə müvafiq müəssisələrə və bələdiyyələrə 24 texnika və nəqliyyat vasitəsi təqdim olunmuşdur.
Muxtar respublikada 2 şəhid ailəsi, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda sağlamlığını itirmiş 6 nəfər, hərbi xidmət vəzifələrinin icrası zamanı sağlamlığını itirmiş 2 nəfər fərdi ev və mənzillərlə təmin edilmişdir. Bununla yanaşı, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda sağlamlığını itirmiş 8 nəfər, hərbi xidmət vəzifələrinin icrası zamanı sağlamlığını itirmiş 11 nəfər və Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında sağlamlığını itirmiş 6 nəfər, ümumilikdə, 25 nəfər minik avtomobilləri ilə təmin olunmuşdur.
2020-ci ildə Naxçıvan Muxtar Respublikasında ordu quruculuğu sahəsində görülən işlər davam etdirilmiş, muxtar respublikanın müdafiə potensialı daha da möhkəmləndirilmişdir. Şərur rayonunda 3-cü və 8-ci Sərhəd Zastavalarının, “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının Şərur Əməliyyat Taboru üçün xidmət və yaşayış komplekslərinin açılışı olmuş, Sədərək rayonunun Heydərabad qəsəbəsində əsgəri-yaşayış kompleksinin yenidən qurulması, Naxçıvan şəhərində yataqxananın əsaslı təmiri başa çatdırılmışdır. Naxçıvan şəhərində 2 qərargah binasının, 2 əsgər yataqxanasının, Şahbuz rayonunda 1 yaşayış binasının tikintisi, Naxçıvan şəhərində, Culfa və Şahbuz rayonlarının hər birində 1 əsgər yataqxanasının əsaslı təmiri davam etdirilmişdir.
Culfa Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsi üçün yeni xidmət kompleksi qurulmuş, Sədərək rayonunda Sədərək sərhəd gömrük-buraxılış məntəqəsinin tikintisi davam etdirilmişdir.
Əhali arasında hüquq maarifi və profilaktik tədbirlərin gücləndirilməsinin nəticəsidir ki, cinayətkarlıq üzrə göstəricilərin aşağı səviyyədə olması qorunub saxlanılmışdır.
Muxtar respublikada inkişafı xarakterizə edən ən mühüm amillərdən biri məskunlaşmanın artması, yaşayış məntəqələrinin abadlaşması və böyüməsidir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il iyunun 12-də imzaladığı “Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Babək qəsəbəsinə şəhər, Nehrəm və Cəhri kəndlərinə isə qəsəbə statusu verilmiş, 2020-ci il 24 iyun tarixdə Babək şəhərinin, Nehrəm və Cəhri qəsəbələrinin təqdimatı keçirilmişdir.
Əhaliyə göstərilən səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsində icbari tibbi sığortanın tətbiqi mühüm şərtdir. 2017-ci ildən etibarən muxtar respublikada mərhələli şəkildə icbari tibbi sığortanın tətbiqinə başlanmış, 1 yanvar 2020-ci ildə bütün yaşayış məntəqələrində bu proses başa çatdırılmışdır. Hazırda Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən 17 tibb müəssisəsi icbari tibbi sığortanın tətbiqində iştirak edir. 2020-ci ildə muxtar respublikada 215 minə yaxın sakin icbari tibbi sığortadan istifadə etmiş, agentlik tərəfindən səhiyyə müəssisələrinə 37 milyon 595 min manat vəsait ödənilmişdir.
Muxtar respublikada həyata keçirilən sosial-iqtisadi islahatlarda və aparılan quruculuq işlərində gənclərin mənzillə təminatı xüsusi yer tutur. Yeni yaşayış kompleksləri və binaların inşası ilə yanaşı, səmərəli ipoteka siyasəti də həyata keçirilir. 2020-ci ildə muxtar respublikada bu məsələ diqqətdə saxlanılmış, ümumilikdə, 114 ailəyə 3 milyon 450 min manatdan artıq ipoteka krediti verilmişdir.
Sosial-iqtisadi sahədə əldə edilmiş uğurlar, sabitlik və təhlükəsizliyin təmin edilməsi muxtar respublikada məskunlaşmanın və əhali rifahının yaxşılaşmasına öz təsirini göstərmiş, muxtar respublika əhalisinin sayı artaraq 462 min nəfərə yaxın olmuşdur.
Muxtar respublikanın kütləvi informasiya vasitələrinin maddi-texniki bazalarının gücləndirilməsi diqqətdə saxlanılmış, Milli Mətbuatın 145 illiyi qeyd olunmuş, media işçiləri mükafatlandırılmış, səmərəli fəaliyyətləri və gənc ailə olmaları nəzərə alınaraq bir ailə mənzillə təmin olunmuşdur. “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyinin binasında yenidənqurma işləri aparılmış, yeni rəngayırma avadanlığı alınmışdır. Həmçinin Naxçıvan Dövlət Teleradiosunun efir vaxtı 1 saat artırılmış və yeni internet saytı yaradılmışdır.
2020-ci ildə müxtəlif səviyyəli 13 xarici nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına səfər etmişdir. Bundan başqa, muxtar respublikanın nümayəndə heyətləri 7 dəfə xarici səfərlərdə olmuş, müxtəlif tədbirlərdə iştirak etmişlər.
2020-ci ildə muxtar respublikanın sosial-iqtisadi inkişafında və qazanılan nailiyyətlərdə xidməti olanların əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. Ölkə Prezidentinin sərəncamları ilə 77 nəfər orden, medal və fəxri adlarla təltif olunmuş, 10 nəfər Prezident mükafatına layiq görülmüş, 2 nəfərə ali hərbi və 1 nəfərə ali xüsusi rütbə verilmişdir. Həmçinin 14 nəfər Naxçıvan Muxtar Respublikasının fəxri adları, 17 nəfər Naxçıvan Muxtar Respublikasının nişanları ilə təltif edilmiş, 1 nəfər Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Fəxri Fərmanına, 1 nəfər Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin mükafatına, 2 gənc isə xüsusi aylıq təqaüdə layiq görülmüşdür.
Hörmətli sessiya iştirakçıları!
Azərbaycan və onun Naxçıvan Muxtar Respublikası 2020-ci ili böyük qələbə və zəfər ili kimi başa vurur. Qarşıda bizi daha ciddi vəzifələr gözləyir. Mövcud tərəqqi və sabitlik bundan sonra da qorunub saxlanılmalı və daha da inkişaf etdirilməlidir. Ölkə Prezidenti cənab İlham Əliyevin də dediyi kimi, “Qələbə qazanmışıq və bu Qələbə ölkəmiz üçün yeni dövr açır. Bu dövr inkişaf, təhlükəsizlik, tərəqqi dövrü olacaqdır”.
Bu yolda hər birinizə uğurlar arzulayıram.
Sağ olun!