Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi sürətli sosial-iqtisadi inkişaf strategiyası Naxçıvanın Şərqə açılan qapısı olan Culfa rayonunu da əhatə etmişdir. Aparılan kompleks quruculuq işləri, yaradılan müasir infrastruktur, rahat iş və xidmət şəraiti yaranmasının 90 ili tamam olan Culfa rayonunda sakinlərin firəvan yaşayışını təmin etmişdir. Bu il də rayonda kompleks tikinti-quruculuq işləri həyata keçirilib.
Culfa Rayon Dövlət Yanğın Təhlükəsizliyi şöbəsi üçün hərtərəfli xidmət şəraiti yaradılıb
Noyabrın 26-da Culfa Rayon Dövlət Yanğın Təhlükəsizliyi şöbəsinin yeni xidmət kompleksi istifadəyə verilib, avtomobillər təqdim olunub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.
Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Naziri general-leytenant Şamı Abdullayev Ali Məclisin Sədrinə raport verib.
Məlumat verilib ki, ikimərtəbəli inzibati bina, 4 qaraj, ehtiyat hissələri və təsərrüfat anbarları yenidən qurulub. Ərazidə 90 kubmetr həcmində yeraltı ehtiyat su anbarı, hündürlüyü 18 metr olan təlim qülləsi yerləşir. Yenidənqurmadan sonra şöbə 4 yanğınsöndürən və 1 xidməti avtomobil, yanğınsöndürən və xilasedicilər üçün 46 dəst xüsusi geyim forması ilə təmin edilib.
Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Naziri general-leytenant Şamı Abdullayev çıxış edərək deyib: Muxtar respublikada iqtisadiyyatın əsas göstəriciləri üzrə müsbət dinamikanın qorunub saxlanılması, sosial-iqtisadi islahatların davam etdirilməsi, xüsusilə əhalinin rifahının qorunması və pandemiya ilə mübarizə sahəsində ardıcıl tədbirlər görülüb. Bu ilin ötən dövründə muxtar respublikada 25 milyon kvadratmetrdən artıq sahədə dezinfeksiya işləri aparılıb. Ötən dövrdə Fövqəladə Hallar Nazirliyinin struktur qurumlarının maddi-texniki bazası gücləndirilib, şəxsi heyətin sosial-məişət şəraiti yaxşılaşdırılmış, yeni texnologiyaların tətbiqi iş prosesini təkmilləşdirib. Ali Məclis Sədrinin qayğısı nəticəsində 2008-ci ildə Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi və Naxçıvan şəhər şöbəsi, 2009-2014-cü illərdə Kəngərli, Şahbuz, Ordubad, Şərur, Babək və Sədərək, cari ildə isə Culfa rayon yanğın təhlükəsizliyi şöbələri üçün inzibati binalar və texniki qarajlar tikilib. Şəxsi heyətin mənzil-məişət şəraitinin yaxşılaşdırılması da diqqətdə saxlanılıb, 2017-ci ildə Naxçıvan şəhərində zabit-gizir ailələri üçün 7 mərtəbəli, 48 mənzilli yaşayış binası tikilib istifadəyə verilib. Şamı Abdullayev göstərilən diqqət və qayğıya görə Ali Məclisin Sədrinə minnətdarlıq edib.
Culfa Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin Dövlət Yanğın Nəzarəti Bölməsinin rəisi, daxili xidmət kapitanı Mətin Muradlı yaradılan şəraitə görə şəxsi heyət adından minnətdarlıq edərək deyib ki, bundan sonra da xidmətimizi günün tələblərinə uyğun təşkil edəcək və üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışacağıq.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək deyib: Bu gün Culfa Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinə yeni iş və xidmət şəraiti yaradılıb, inzibati bina yenidən qurulub və yeni avtomobillər təqdim olunur. Həyata keçiriən işlər əhalinin və dövlətin əmlakının yanğından və digər hadisələrdən vaxtında qorumağa və qarşısını almağa xidmət edir. Culfa rayonu bir şəhər, 22 kənddən ibarətdir. Rayonda 47 mindən artıq əhali yaşayır, 12 minə yaxın təsərrüfat vardır. 270-dən çox sahibkarlıq subyekti, yanacaqdoldurma məntəqələri, neft məhsulları anbarı mövcuddur. Görülən tədbirlər imkan verəcək ki, həm dövlətə, həm də əhaliyə dəyə biləcək ziyanın qarşısı vaxtında alınsın. Ümummilli liderimiz Heydər Əliyevin də dediyi kimi: “Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır”. Bu fikirlər Fövqəladə Hallar Nazirliyinin əməkdaşları üçün şüar olmalı, onların gündəlik fəaliyyət istiqamətinə çevrilməlidir.
“Culfa Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsi üçün yaradılan şərait imkan verir ki, kollektiv vəzifələrini layiqincə yerinə yetirsin”,- deyən Ali Məclisin Sədri bildirib ki, əsas vəzifə dövlət və şəxsi əmlakın qorunmasıdır. O yerdə dövlət möhkəmlənir, şəxsi təsərrüfatlar inkişaf edir ki, orada dövlət əmlakı da, şəxsi əmlak da qorunur və insanlara dəyə biləcək ziyanın qarşısı vaxtında alınır. Ötən illərdə ərazidə ciddi problemlər olmayıb. Bu da şöbənin fəaliyyətinin nəticəsidir. Muxtar respublikada Fövqəladə Hallar Nazirliyi yaranandan sonra bu sahədə hər il yeni infrastruktur yaradılıb. Bu gün sonuncu Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsidir ki, Culfa rayonunda müasir standartlara uyğun tikilərək şəxsi heyətin istifadəsinə verilir. Bu işləri həyata keçirmək üçün dövlət vəsaiti sərf olunub. Ona görə də kollektiv qarşıya qoyulan vəzifələri layiqincə icra etməlidir. Vəzifələrin icrası isə sabitlik, insanların rahat yaşayışı və ölkənin inkişafıdır.
Ali Məclisin Sədri deyib: Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları onlar üçün yaradılan şəraitdən ötən illər ərzində düzgün istifadə ediblər. Hadisələrə vaxtında müdaxilə olunub, qabaqlayıcı tədbirlər görülüb. Xüsusilə qış aylarında hadisələr daha çox baş verir. Muxtar respublikanın ərazisi tamamilə qazlaşdırılıb. Bəzən fürsətçilər başqa ölkələrdən ucuz, standartlara uyğun olmayan sobalar gətirərək əhaliyə satırlar. Bunların qarşısı vaxtında alınıb, yaxşı nəticə verib. Son illər bu sahədə baş verən hadisələr tamamilə aradan qaldırılıb. Bütün bunlar isə xidmətin düzgün təşkili nəticəsində olub. Həmçinin Fövqəladə Hallar Nazirliyinin kollektivi dünyanın qarşısında problem kimi dayanan koronavirus epidemiyasına qarşı mübarizədə fəal iştirak ediblər. Muxtar respublika bu gün Azərbaycanda epidemiyanın yayılmasına görə ən aşağı göstəricisi olan yerdədir. Buna səbəb isə muxtar respublikada Fövqəladə Hallar Nazirliyinin və Gigiyena və Epidemiologiya Mərkəzinin kollektivlərinin birgə səyi nəticəsində davamlı aparılan dezinfeksiya tədbirləridir.
Ali Məclisin Sədri Fövqəladə Hallar Nazirliyinin kollektivinə təşəkkür edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb, yaradılan şəraitdən lazımi səviyyədə istifadə olunmasını tapşırıb.
Sonra yeni avtomobillərə baxış olub.
Bildirilib ki, Culfa Rayon Dövlət Yanğın Təhlükəsizliyi şöbəsinə “İVECO” və “Kamaz” markalı 4 müasir yanğınsöndürmə avtomobili, “Niva” markalı əməliyyat minik maşını və “Zil – 131” markalı avtomobilin bazasında yığılmış 30 metr uzunluğunda avtopilləkən təqdim olunub. Avtopilləkən hündür binalarda yanğınsöndürmə və xilasetmə tədbirlərini həyata keçirmək üçün nəzərdə tutulub.
Ali Məclisin Sədri könüllü yanğınsöndürmə dəstələrinin yaradılması və kursların təşkilinin davam etdirilməsi barədə tapşırıqlar verib.