Muxtar respublikamızda ordu və xalq arasında olan birlik bu gün yüksək səviyyədədir. Bayramlar, əlamətdar və tarixi günlər ərəfəsində müxtəlif nazirlik, komitə, xidmət kollektivlərinin, sahibkarların ordu sıralarında qulluq edən əsgərlərimizlə görüşləri, onlara sovqatlar aparmaları sərhədlərimizin və ərazi bütövlüyümüzün keşiyində dayanan hərbçilərdə yüksək ovqat yaradır. Bu günlərdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Veteranlar Şurası Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadasında olub.
Əsgərlərlə görüşdə çıxış edən şuranın sədri, istefada olan polis polkovniki Yusif Həsənov, Naxçıvan Şəhər Polis İdarəsi Veteranlar Şurasının sədri, istefada olan polis polkovnik-leytenantı Mübariz Quliyev bildiriblər ki, bu gün Azərbaycan Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın azad edilməsində əsl qəhrəmanlıq göstərir. Sentyabr ayının 27-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi, dinc sakinləri atəşə tutmasına, evlərimizi, sosial obyektlərimizi dağıtmasına cavab olaraq qəhrəman əsgər və zabitlərimiz əks-hücum əməliyyatına başlayıb, qısa vaxt ərzində bir neçə yaşayış məntəqəsini, yüksəklikləri, idarəetmə punktlarını ələ keçiriblər. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ətrafında sıx birləşən ordumuz və xalqımız həmin torpaqların qısa vaxt ərzində geri alınacağına əmindirlər. Son günlərdə gedən döyüşlər bizi anbaan qələbəyə yaxınlaşdırır.
Qeyd olunub ki, bu gün dövlətimiz tərəfindən ordu birləşmələri bütün zəruri vasitələrlə, o cümlədən keyfiyyətli ərzaq ehtiyatları ilə tam təmin olunub. Lakin ordunun hərtərəfli döyüş qabiliyyətinə malik olması üçün əsgərlərin mənəvi-psixoloji durumunun yüksək səviyyədə saxlanılması başlıca şərtlərdən biridir. Yüksək mənəvi-psixoloji durum, həmçinin döyüş ruhunun yüksəlməsinə xidmət edir.
Zabit Orxan Seyidov, əsgərlər Eldəniz Fərzəliyev, Ramin Qaracayev, Səhman Quliyev, Kamran Şuşanov, Sənan Mustafayev onlara göstərilən diqqət və qayğıya görə dövlətimizə və xalqımıza minnətdarlıqlarını bildiriblər.
Gətirilən sovqat əsgərlərə təhvil verilib.