Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbində 2020-2021-ci tədris ilinin başlanması münasibətilə tədbir keçirilib. Məktəbin rəisi, polis polkovniki Kamil Məmmədəliyev Naxçıvan Muxtar Respublikasının Daxili işlər naziri, general-leytenant Fazil Ələkbərova raport verdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni oxunub.
Tədbirdə çıxış edən Daxili işlər naziri Fazil Ələkbərov yeni tədris ilinin başlanması münasibətilə pedaqoji kollektivi təbrik edərək onlara uğurlar arzulayıb. Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasında ölkəmizin ərazi bütövlüyünə, təhlükəsizliyinə, xalqın və dövlətin milli maraqlarının daxili və xarici təhdidlərdən qorunmasına yönəlmiş və ulu öndər Heydər Əliyevin ideyalarına söykənən uğurlu idarəetmə sistemi dövlətimizin möhkəmlənməsinə, muxtar respublika əhalisinin rahat və təhlükəsiz şəraitdə yaşamasına hesablanılıb.
Vurğulanıb ki, muxtar respublikada təhsilə qayğı dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Hər il yeni məktəb binalarının tikilərək istifadəyə verilməsi, məktəblərin maddi-texniki bazasının gücləndirilməsi təhsilin bütün pillələrinin inkişafını gündən-günə sürətləndirir. Bu müstəvidə həyata keçirilən irimiqyaslı və gələcək perspektivlərə hesablanmış uğurlu layihələrin davamı olaraq daxili işlər orqanlarının ixtisaslı kadrlarla komplektləşdirilməsi məqsədilə Orta İxtisas Polis Məktəbinin yaradılması doğma yurdumuzun təhlükəsizliyi, ictimai asayişin təmin edilməsi və gənclərdə dövlətçiliyə xidmət fəlsəfəsinin formalaşması məqsədi daşıyır.
Nazir diqqətə çatdırıb ki, 2019-cu ilin oktyabr ayında məktəbin təntənəli açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov daxili işlər orqanlarının şəxsi heyətinə öz tövsiyələrini verərək deyib: “Daxili İşlər Nazirliyi məktəbin fəaliyyətinin təmin olunması sahəsində bundan sonra da qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirməli, tədrisin keyfiyyəti yüksəldilməlidir”.
Diqqətə çatdırılıb ki, ötən müddət ərzində cənab Ali Məclis Sədrinin tələb və tapşırıqlarını əldə rəhbər tutan daxili işlər orqanları istər məktəbə qəbul prosesində, istərsə də tədris sahəsində mövcud qanunvericiliyə əsaslanaraq tam şəffaflıq prinsipləri ilə fəaliyyət göstərib. Fəaliyyətə başladığı ilk tədris ilində 150, cari tədris ilində isə 200 nəfərdən artıq gənc məktəbə qəbul üçün müraciət edib. Namizədlər arasından seçilərək kursant sıralarına daxil olmaları, həmin gənclərin dövlətçiliyə xidmət üçün yolunu açmaqla yanaşı, onların üzərinə böyük məsuliyyət qoyur. Nazir inamını bildirib ki, gənc kursantlar nümunəvi davranışı, yaxşı təhsili və gələcək xidməti ilə daxili işlər orqanlarının şərəfli dövlətçilik ənənələrinə layiq olacaq, göstərilən etimadı və inamı daim doğruldacaqlar. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun qeyd etdiyi kimi: “Zabit olmağın şərəfi dövlətə və dövlətçiliyə sədaqətli olmaqdan, vəzifə və vətəndaşlıq borcunu vicdanla yerinə yetirməkdən ibarətdir. Orta ixtisas Polis Məktəbinə qəbul olunanlar yaxşı oxumaqla yanaşı, vətənpərvər yetişməli, özlərini ciddi intizama və zabit məsuliyyətinə indidən hazırlamalı, müasir texnologiyaları yaxşı mənimsəməli və onlardan bacarıqla istifadə etmək vərdişlərinə yiyələnməlidir”. Ona görə də hər bir kursant Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinin bu fikirlərini özləri üçün təhsil devizi kimi qəbul edərək, yaradılan hərtərəfli şəraitdən maksimum istifadə etməklə tədris prosesini müvəffəqiyyətlə başa vurmalıdır.
Nazir əminliyini bildirib ki, məktəbin pedaqoji heyəti bundan sonra da tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində qarşıya qoyulan bütün tapşırıq və vəzifələri məsuliyyətlə yerinə yetirəcək, kursantlar polis andına sadiq qalaraq bu təhsil ocağında aldığı bilik və bacarığı fəaliyyətlərində uğurla tətbiq edəcəklər.
Tədbirdə məktəbin rəisi, polis polkovniki Kamil Məmmədəliyev, Daxili İşlər Nazirliyinin Veteranlar Şurasının sədri, istefada olan polis polkovniki Yusif Həsənov, kursant Ruslan Məmmədov çıxış edərək məktəbdə yaradılmış yüksək tədris şəraiti üçün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıqlarını bildiriblər.