İyulun 2-də “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin Şərur rayon filialının yeni binası istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.
“Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Azər Məmmədov çıxış edərək deyib ki, muxtar respublika iqtisadiyyatı və onun tərkib hissəsi olan bank sektoru günü-gündən inkişaf edir. “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin Şərur rayon filialının yeni inzibati binasının istifadəyə verilməsi bunu bir daha təsdiq edir. Şərur filialının kredit portfeli 10 milyon 430 min manatdır. Kreditlərin fəaliyyət sahəsi üzrə bölgüsündə kənd təsərrüfatı üzrə 4 milyon 54 min manat, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə 1 milyon 598 min manat, ipoteka kreditləri 235 min manat və digər sahələr üzrə verilmiş kreditlərdir. Azər Məmmədov göstərilən yüksək diqqət və qayğıya görə kollektiv adından Ali Məclisin Sədrinə minnətdarlığını bildirib, bundan sonra da əhaliyə keyfiyyətli bank xidmətləri göstərəcəklərinə söz verib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək deyib: “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin Şərur rayon filialının yeni binasının istifadəyə verilməsi mühüm əhəmiyyət kəsb edir. Çünki bank hər bir bölgənin inkişaf göstəricisidir. “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyəti 2008-ci ildən, Şərur rayon filialı isə 2014-cü ildən fəaliyyət göstərir. Filial hüquqi və fiziki şəxslər, eləcə də fərdi sahibkarlar daxil olmaqla 6 mindən artıq aktiv bank hesabına malikdir. Eyni zamanda filial 5 bankomat, 8 ödəniş terminalı və 80-ə yaxın POS-terminal vasitəsilə əhaliyə xidmət göstərir. Ötən dövrdə verilən kredit portfelinin həcmi və mövcud infrastruktur “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin formalaşdığını və inkişaf etdiyini göstərir.
Ali Məclisin Sədri bu münasibətlə kollektivə təşəkkür edərək deyib: Əhalinin etibarını qazanmaq hər bir bankın əsas fəaliyyət istiqaməti olmalıdır. Bu gün dünyada və ölkəmizdə baş verən proseslər bir daha təsdiq edir ki, hansı ölkədə bank sistemi şəffaf qurulubsa, onlar da fəaliyyətlərini davam etdirə bilirlər. Şəffaflığı təmin etməyən, yüksək faiz dərəcələri tətbiq edən bankların fəaliyyəti isə dayandırılmışdır. Ötən dövrdə “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyəti Azərbaycanda şəffaf fəaliyyəti ilə seçilmiş, əhali məmnunluğunun qazanılması sahəsində daim ön sıralarda olmuşdur. Əhaliyə ehtiyacı olan sahələrdə aşağı faiz dərəcələri ilə kreditlərin verilməsi, güzəştlərin tətbiqi bankın hörmət və nüfuzunu artırmışdır. Bankın kollektivi gələcəkdə də fəaliyyətini bu istiqamətdə qurmalı, yaradılan şəraitə uyğun olaraq əhaliyə keyfiyyətli xidmət göstərilməli, rayonda təsərrüfatların inkişafına və əhali rifahının yaxşılaşdırılmasına dəstək verilməlidir.
Ali Məclisin Sədri qarşıya qoyulan vəzifələrin yerinə yetiriləcəyinə əminliyini bildirib, kollektivə fəaliyyətində uğurlar arzulayıb.
Sonra binaya baxış olub. Bildirilib ki, 2 mərtəbəli binanın birinci mərtəbəsində müştəri zalı, təhlükəsizlik, əməliyyat, kassa, qiymətlilərin saxlanma və server otaqları yerləşir. İkinci mərtəbədə isə müdir, kredit, arxiv və mütəxəssis otaqları, iclas zalı və mətbəx vardır. Filialda biznes, kənd təsərrüfatı, ailə təsərrüfatı, istehlak və ipoteka kreditlərinin verilməsi, eyni zamanda kassa əməliyyatları və pul köçürmələri kimi bütün maliyyə əməliyyatları həyata keçiriləcəkdir.
Bina istiliklə təchiz olunub, həyət abadlaşdırılıb, işıqlandırma və suvarma sistemləri çəkilib.