İyunun 24-də Babək Rayon Mədəniyyət Sarayında Babək şəhərinin, Nehrəm və Cəhri qəsəbələrinin təqdimat mərasimi keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək deyib: Azərbaycan Respublikası Prezidentinin 2020-ci il iyunun 12-də imzaladığı “Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Babək qəsəbəsinə şəhər, Nehrəm və Cəhri kəndlərinə isə qəsəbə statusu verilmişdir.
Ali Məclisin Sədri qərarın qəbuluna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığını, hörmət və ehtiramını bildirib, bütün rayon əhalisini təbrik edib.
Qeyd olunub ki, ümummilli lider Heydər Əliyevin ölkəmizə birinci rəhbərliyi dövründə başlatdığı inkişaf strategiyasının əsasında bir tərəfdən milli-mənəvi dəyərlərə, tarixi-mədəni irsə qayıdış, digər tərəfdən isə torpağa sahiblik və bölgələrin inkişafına qayğı siyasəti dayanırdı. Xüsusilə ötən əsrin 70-ci illərində sərhəd yaşayış məntəqələrinin möhkəmləndirilməsi, yeni qəsəbə və rayonların yaradılması uzaqgörən siyasətin nəticəsi kimi gələcək müstəqilliyə hesablanmış tədbirlər idi. Ulu Öndərin milli quruculuq strategiyasının tərkib hissəsi kimi 1978-ci ildə yaradılan Babək rayonunun ötən dövrdə keçdiyi inkişaf yolu bunu bir daha təsdiq edir. Dövlət proqramlarının uğurlu icrası, həyata keçirilən quruculuq tədbirləri Babək rayonunun görkəmini dəyişmiş, davamlı sosial-iqtisadi inkişafa nail olunmuş, rayonun kəndləri böyümüş, əhalinin sayı və məskunlaşma artmışdır. Ötən 25 ildə Babək rayonunda 42 təhsil, 35 səhiyyə, 38 mədəniyyət müəssisəsi, 63 inzibati bina, 27 körpü, 189 istehsal, xidmət və digər infrastruktur obyektləri tikilmiş və yenidən qurulmuş, müasir yol şəbəkəsi yaradılmışdır. Rayon mərkəzində və kəndlərdə əhalinin rahat yaşayışına xidmət edən tədbirlər ardıcıl şəkildə görülmüş, geniş quruculuq işləri aparılmış, sosial və iqtisadi həyatın bütün sahələrində yeni texnologiyalar tətbiq edilmiş, bütün rayon ərazisi rabitə xidməti və internetlə təmin olunmuş, ümumtəhsil məktəblərində 829 kompüter və 102 elektron lövhə quraşdırılmışdır.
Ali Məclisin Sədri deyib: Müxtəlif profilli yeni istehsal və emal müəssisələrinin fəaliyyətə başlaması nəticəsində Babək rayonu aqrar rayondan aqrar-sənaye rayonuna çevrilmişdir. Ötən dövrdə rayonda sənaye məhsulunun həcmi 127 dəfə artmışdır. Hazırda rayonda 62 adda sənaye məhsulu istehsal olunur. 2019-cu ildə muxtar respublika üzrə sənayedə istehsal olunmuş ümumi məhsulun 13 faizi, kənd təsərrüfatında istehsal olunmuş ümumi məhsulun 20 faizi, o cümlədən ümumi əkin sahəsinin 26 faizi, istehsal olunmuş elektrik enerjisinin 72 faizi Babək rayonunun payına düşmüşdür. Bu gün Babək rayonunda 1 məktəbəqədər təhsil müəssisəsi, 36 ümumtəhsil məktəbi, 5 uşaq musiqi məktəbi, 2 muzey, 35 kitabxana, 30 mədəniyyət və 35 səhiyyə müəssisəsi fəaliyyət göstərir. Eyni zamanda, rayonda böyük sahibkarlar sinfi formalaşmışdır. Özəl bölməyə göstərilən qayğıdan səmərəli istifadə nəticəsində 200-ə yaxın yeni istehsal müəssisəsi yaradılmışdır. Rayonda 82 min 842 hektar torpaq sahəsi vardır ki, bunun da 26 min 556 hektarı dövlət, 43 min 216 hektarı bələdiyyə, 13070 hektarı isə xüsusi mülkiyyətdədir. Əgər 1978-ci ildə rayon üzrə 1145 hektar həyətyanı torpaq sahəsi vardısa, hazırda Babək rayonunda xüsusi mülkiyyətdə olan torpaqların 10 min 314 hektarı pay, 2756 hektarı isə həyətyanı torpaqlardır. Davamlı sosial-iqtisadi inkişafın, müasir infrastruktur və əhali məşğulluğunun təmin olunması rayonda demoqrafik vəziyyətə də öz təsirini göstərmiş, 1 may 2020-ci il tarixə Babək rayonunda əhalinin sayı 1978-ci ilin sonu ilə müqayisədə 77 faiz artaraq 76 min nəfərə yaxın olmuşdur. Hazırda Babək şəhərində 12 mindən, Nehrəm qəsəbəsində 16 mindən, Cəhri qəsəbəsində isə 11 mindən artıq əhali yaşayır. Sadalanan bütün bu uğurlar, inkişafın təmin olunması Babək rayonunun inzibati ərazi bölgüsündə dəyişiklik üçün əsas yaratmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Bizim məqsədimiz birdir – ölkəmizi daha da inkişaf etdirmək, gücləndirmək, daha da güclü Azərbaycan yaratmaq. Biz bu məqsədə doğru uğurla gedirik. Əgər hər bir bölgədə və hər bir kənddə bütün məsələlər öz həllini taparsa, onda ölkənin bütün məsələləri həll olunacaqdır”, – fikrini xatırladan Ali Məclisin Sədri deyib ki, yaşayış məntəqələrinin böyüməsi, məskunlaşmanın artması, yeni qəsəbə və şəhərlərin yaranması müstəqil Azərbaycanın inkişaf reallıqlarıdır. Bu gün ölkə Prezidenti tərəfindən davam etdirilən ulu öndər Heydər Əliyev siyasi xəttinin bəhrəsi inkişaf edən Babək şəhəri, Nehrəm və Cəhri qəsəbələridir. Babək rayonunun inzibati ərazi bölgüsündə edilən dəyişiklik qarşıya daha mühüm vəzifələr qoyur. Bundan sonra da rayonda sosial-iqtisadi inkişaf təmin edilməli, əhalinin məşğulluğu, rifahı və rahat yaşayışı diqqətdə saxlanılmalı, təsərrüfatlar daha da genişləndirilməli, yeni istehsal və xidmət sahələri yaradılmalı, qanunun tətbiqi ilə bağlı nəzərdə tutulan vəzifələr vaxtında icra olunmalıdır.
Ali Məclisin Sədri qarşıya qoyulan vəzifələrin həyata keçirilməsində hər kəsə uğurlar arzulayıb.
Naxçıvan Muxtar Respublikasının Baş Naziri Səbuhi Məmmədov çıxış edərək deyib ki, Babək rayonunda bütün sahələrdə inkişaf təmin olunub, 2019-cu ildə vergilər və digər büdcə ödənişləri üzrə proqnoz tapşırığa 110 faiz, məcburi dövlət sosial sığorta haqlarının yığılması üzrə 143,6 faiz, işsizlik sığortası üzrə 133 faiz əməl edilib. Proqnozlaşdırılmış vergilər üzrə 1 milyon 992 min manata qarşı 2 milyon 191 min manat, sosial sığorta üzrə 4 milyon 500 min manata qarşı 6 milyon 463 min manat, işsizlik sığortası üzrə 185 min manata qarşı 246 min manat vəsait toplanılıb. Büdcəyə proqnozda nəzərdə tutulduğundan vergilər üzrə 199 min manat, sosial sığorta üzrə 1 milyon 963 min manat, işsizlik sığortası üzrə 61 min manat artıq vəsait yığılıb. Proqnozlaşdırılmış 10 vergi tədiyyə növü üzrə proqnozlar artıqlaması ilə yerinə yetirilib. 2019-cu ildə Babək rayon yerli büdcəsinin xərcləri 1 milyon 800 min manat dürüst təyinata qarşı 1 milyon 795 min manat və ya 99,7 faiz icra olunub. Artıq 4 ildir ki, rayona dotasiya ayrılmır. Babək rayonunun büdcəsi mərkəzi büdcədən vəsaitlər almadan yerli gəlirlər hesabına maliyyələşdirilir. 2020-ci ildə Babək rayon yerli büdcəsinin gəlirləri xərclərinə bərabər olmaqla 2 milyon 963 min manat məbləğində təsdiq olunub ki, bu da 2019-cu ilin təsdiq olunmuş büdcəsi ilə müqayisədə 51 faiz çoxdur. Ümumilikdə, 2019-cu ildə Babək rayonunda əsas kapitala yönəldilən vəsaitlərin həcmi 68 milyon 245 min manat, 2020-ci ilin ötən dövründə isə bu vəsaitin məbləği 17 milyon 347 min manat təşkil edib. Babək rayonu üzrə su-kanalizasiya sistemlərinin qurulmasına 56 milyon 337 min manat, son 4 ildə yol infrastrukturunun inkişafı, əsaslı təmiri və yenidən qurulması üçün isə 8 milyon 505 min manat vəsait xərclənib. Səbuhi Məmmədov bildirib ki, müvafiq Qanuna və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 22 iyun 2020-ci il tarixli Sərəncamına uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti tərəfindən aidiyyəti normativ hüquqi aktlarda dəyişikliklər təmin ediləcəkdir.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin sədri Vaqif Rəsulov çıxış edərək deyib ki, muxtar respublikanın digər rayonları kimi Babək rayonu da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən daim diqqət və qayğı ilə əhatə olunub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Babək rayonunun təşkil olunmasının 30 illiyi haqqında” 2008-ci il 7 iyun tarixli və “Babək rayonunun təşkil olunmasının 40 illiyi haqqında” 2018-ci il 16 fevral tarixli Sərəncamlarının icrası rayonun inkişafına geniş imkanlar yaradıb. Bu gün 1 şəhər, 2 qəsəbə və 33 kəndi özündə birləşdirən rayonda davamlı inkişaf təmin edilib, 2009-cu illə müqayisədə ümumi məhsul istehsalı 2,6 dəfə artaraq 2019-cu ildə 391 milyon 952 min manatı ötüb. Ölkə üzrə 2019-cu ildə günəş elektrik stansiyalarında istehsal olunmuş enerjinin 81,9 faizi Babək rayonunun payına düşüb. Heydər Əliyev Su Anbarının istifadəyə verilməsi, Uzunoba Su Anbarının yenidən qurulması, qapalı suvarma şəbəkələrinin, nasos stansiyalarının və kanalların istifadəyə verilməsi yeni torpaqların əkin dövriyyəsinə daxil olunmasına səbəb olub. Aparılmış tədbirlərin nəticəsi olaraq 2019-cu ildə rayonda 16 min 172 hektar sahədə əkin aparılıb ki, bu da 1978-ci ildəki göstəricidən 1,7 dəfə çoxdur. Bu dövrdə dənli və dənli paxlalılar əkini 1,6 dəfə, kartof əkini 18 dəfə, tərəvəz əkini 13 dəfə, ərzaq üçün bostan bitkiləri əkini 18 dəfə, meyvə və giləmeyvə bağlarının sahəsi isə 9 dəfə artıb. Eyni zamanda qaramalın sayı 20, xırdabuynuzlu heyvanların sayı isə 50 faiz artıb, heyvandarlıq təsərrüfatları genişləndirilib. 1997-2020-ci illərdə rayon iqtisadiyyatına 883 milyon manatdan çox vəsait yönəldilib ki, bunun da 88 faizi tikinti-quraşdırma işlərinin payına düşüb. Kompleks inkişaf məşğulluğu da təmin edib, 2004-cü ildən ötən dövrdə rayonda 9 min 338 yeni iş yeri açılıb ki, bunun da 76 faizi daimi iş yerləridir.
Tədbirdə çıxış edən Babək Rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov deyib ki, ötən illər ərzində ölkə başçısının müvafiq Sərəncamları ilə Babək rayonunun 13 yaşayış məntəqəsini birləşdirən Hacıvar-Vayxır-Sirab, həmçinin 7 yaşayış məntəqəsini birləşdirən Şəkərabad-Babək qəsəbə-Nehrəm-Arazkənd dairəvi avtomobil yolları yenidən qurularaq istifadəyə verilib. Rayonun son 25 ildə sosial mənzərəsi əsaslı şəkildə dəyişilib, böyük inkişaf yolu keçərək əsl intibah dövrünü yaşayıb və yenidən qurulub. Əhalinin pay torpaqları ilə təmin olunması, müasir meliorasiya və irriqasiya sistemlərinin qurulması, torpaq mülkiyyətçilərinə dövlət tərəfindən verilən subsidiyalar rayonda kənd təsərrüfatının dinamik inkişafına təkan verib, məhsul istehsalı artıb. Bu gün muxtar respublikanın iqtisadi həyatında mühüm rola malik olan bir sıra sənaye və istehsal müəssisələri Babək rayonunun ərazisində yerləşir. Ötən dövrdə rayonda yaradılan sosial infrastrukturun əsas qollarından birini də əhalinin keyfiyyətli içməli su ilə təmin edilməsi və kanalizasiya xətlərinin çəkilməsi təşkil edib. Belə ki, rayonun Şıxmahmud, Xəlilli və Şəkərabad kəndlərində, Babək şəhərində içməli su və kanalizasiya şəbəkəsinin tikintisi başa çatdırılıb. Haliyədə Nehrəm qəsəbəsində və Araz kəndində içməli su və kanalizasiya xətlərinin tikintisi davam etdirilir. 2020-ci ilin ötən dövründə Babək Rayon Baytarlıq İdarəsinin inzibati binası istifadəyə verilib. Hazırda Babək şəhərində bazar kompleksinin inşası davam etdirilir, Nəcəfəlidizə kəndində kompleks quruculuq işləri aparılır. Muxtar respublika rəhbərinin böyük diqqət və qayğısının nəticəsidir ki, Babək qəsəbəsi böyüyərək gözəl və müasirtipli şəhərə, Nehrəm və Cəhri kəndləri isə qəsəbəyə çevrilib. Hazırda Babək şəhərində rayon icra hakimiyyəti, şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəlik, şəhər bələdiyyəsi və mərkəzi icra hakimiyyəti orqanlarının rayon idarə, müəssisə və təşkilatları üçün müasir inzibati binalar yerləşir. Şəhərdə 2 tam orta məktəb, uşaq bağçası, rabitə evi, mərkəzi xəstəxana, muzey, musiqi məktəbi, məscid və mərasim evi istifadəyə verilib. 9 istehsal və 4 sənaye müəssisəsi fəaliyyət göstərir. Nehrəm və Cəhri qəsəbələri də ən müasir infrastruktura malikdir. Rasim Hüseynov Babək rayonuna göstərilən yüksək diqqət və qayğıya görə rayon ictimaiyyəti adından ölkə Prezidentinə və Ali Məclisin Sədrinə minnətdarlıq edib.
Babək şəhər inzibati ərazi dairəsi üzrə nümayəndə Hüseyn Həsənov çıxış edərək deyib ki, Babək rayonu müstəqillik illərində öz simasını tamamilə dəyişib. 1978-ci ildə rayon təşkil olunan zaman indiki Babək şəhərində bir orta məktəb və bir neçə inzibati bina vardı. Bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı nəticəsində Babək şəhəri başdan-başa yenilənib, müasir görkəm alıb. Babək qəsəbəsinə şəhər statusunun verilməsi də əldə olunmuş dinamik inkişafın nəticəsidir. Bu qərar babəklilərin böyük sevincinə və qüruruna səbəb olub. Hüseyn Həsənov Babək qəsəbəsinə şəhər statusunun verilməsinə görə sakinlər adından ölkə Prezidentinə minnətdarlıq edib.
Sonra Naxçıvan Dövlət Televiziyasının hazırladığı “Babək rayonu: dünən və bu gün” filminə baxış olub.