Milli Qurtuluşdan ötən dövrdə Azərbaycan yüksək inkişaf yolu keçmiş, bütün sahələrdə böyük uğurlar qazanılmışdır. “Bütün həyatımı təhlil edəndə görürəm ki, mən Azərbaycanın müstəqilliyini təmin edə bilmişəm. Onu daxili çəkişmələr alovunda, dağıntılar və qan içində məhv olmağa qoymamışam”, – deyən ümummilli lider Heydər Əliyevin ideyalarına sədaqət digər sahələr kimi, mədəniyyətimizin, rəssamlıq sənətinin də inkişafına səbəb olmuşdur. Bu gün yaradıcı insanlar, rəssamlar da ulu öndər Heydər Əliyevə sevgi və ehtiramlarını öz əsərlərində yaşadırlar.
İyunun 15-də Milli Qurtuluş Günü münasibətilə Heydər Əliyev Muzeyinin qarşısında muzeyin fondunda saxlanan rəsm əsərlərinin və xalçaların sərgisi açılıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sərgiyə baxıb.
Bildirilmişdir ki, Heydər Əliyev Muzeyində dahi şəxsiyyətin siyasi irsini, həyatını və ömür yolunu əks etdirən dəyərli eksponatlar saxlanılır. Muzeyin fondunda ümummilli liderlə bağlı tarixi sənədlərlə yanaşı, həm də Ona həsr olunmuş rəsm əsərləri, portret və xalçalar da mühafizə edilir.
Sərgidə Heydər Əliyev Muzeyinin fondunda mühafizə olunan 20 portret və 3 xalça nümayiş etdirilir. Ulu öndərə həsr olunmuş portretlər yağlı boya ilə kətan, sulu boya ilə kağız, parça üzərində quaş və qarışıq texnika ilə işlənmişdir. Sərgidə rəssamlardan Səyyad Bayramovun, Əli Səfərovun, Cavid İsmayılovun, İlham Mirzəyevin, Firudin Quliyevin, Şamil Mustafayevin ulu öndərə həsr edilən “Heydər Əliyev”, “Ömür yollarında”, “Mənalı ömür”, “Prezident Heydər Əliyev”, “Şərqin günəşi”, “Ümummilli lider Heydər Əliyev” rəsm əsərləri, ulu öndərin rəngli qaşlarla və muncuqla işlənmiş portretləri, həmçinin “Nəvə”, “Qayıdışın mübarək”, “Nurlu gələcək” adlı xalçalar yüksək sənətkarlıq xüsusiyyətləri ilə seçilir.
Sərgi ilə tanışlıqdan sonra Ali Məclisin Sədri demişdir: Ölkəmizdə ümummilli liderimizə həsr olunmuş minlərlə rəsm əsəri, portret vardır. Bu da Vətəninə, xalqına, dövlətinə ləyaqətlə xidmət edən dahi şəxsiyyətə olan xalq sevgisinin nəticəsidir. Ümummilli liderimiz Heydər Əliyevin ömür yolu Vətənə və xalqa xidmət nümunəsidir. Çünki ulu öndər Azərbaycan dövlətinin qurucusudur. Bu gün də Azərbaycan ulu öndərin yolu ilə gedərək inkişaf edir. Ölkəmizin gələcək inkişafı da dahi şəxsiyyətin ideyalarının davamındadır. Ümummilli liderin özünün də dediyi kimi, “Nə qədər ki, Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam”.
“15 iyun Milli Qurtuluş Günü sadəcə rəhbərin hakimiyyətə gəldiyi gün deyil. 1993-cü il iyunun 15-də Azərbaycan dövlətinin həyatında dönüş və qurtuluş tarixinin əsası qoyulub. Milli Qurtuluşa Azərbaycan xalqının görkəmli şəxsiyyəti Heydər Əliyevin və vətənpərvər insanların zəhməti hesabına nail olunub. Milli Qurutuluş Günü Azərbaycan dövlətini parçalanmaq və məhv olmaqdan xilas etdi”, – deyən Ali Məclisin Sədri Milli Qurtuluş Günü münasibətilə təbriklərini çatdırmış, sərgilərin davam etdirilməsi barədə tapşırıqlar vermişdir.