Sakinlərin sağlamlığının etibarlı təminatı qarşıda duran ən mühüm vəzifələrdəndir. Ona görə də səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının gücləndirilməsi daim diqqət mərkəzində saxlanılır, kənd yaşayış məntəqələrində tibb müəssisələri tikilərək istifadəyə verilir.
Mayın 18-də Məmmədsabir kəndində həkim ambulatoriyası istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.
Həkim ambulatoriyasında 8 otaq – baş həkim, stomatoloq, palata doğuş, peyvənd, aptek, qeydiyyat və manipulyasiya otaqları vardır. Tibb ocağı ən müasir müayinə və müalicə avadanlıqları, stomatoloji qurğu, doğuş masası, quruducu şkaf, peyvənd və təcili yardım çantaları, mikroskop, sentrifuqa, hemometr, qlükometr, tərəzi, boyölçən, soyuducu və digər tibbi avadanlıqlar, elektroterapiya və ultrasəslə müalicə, ultrayüksək tezlikli cərəyanla müalicə aparatları, parafin əritmə qazanı və solyuks lampası ilə təmin olunub.
Ali Məclisin Sədri səhiyyə maarifinin əhəmiyyətini vurğulayıb, peyvəndlərin vaxtlı-vaxtında vurulması və hamilə qadınlara patronaj xidmətinin təşkili ilə bağlı tapşırıqlar verib.