Sərhəd yaşayış məntəqəsi olan Sədərək rayonunun sosial-iqtisadi inkişafı sürətləndirilmiş, rayonda geniş quruculuq işləri aparılıb. Rayonda təhsil və səhiyyə müəssisələri, inzibati və yaşayış binaları, sənaye müəssisələri tikilib, məşğulluq təmin edilib. Yeni içməli su və kanalizasiya sistemlərinin qurulması da bu sahədə görülən işlərin davamıdır.
Aprelin 23-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Sədərək rayonunda yeni içməli su təchizatı və kanalizasiya sistemlərinin qurulması layihəsinə baxıb.
Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Yəhya Allahverdiyev məlumat verib ki, layihə çərçivəsində bu günə qədər dərinliyi 80 metr olan 15 subartezian quyusu qazılıb. Gələcəkdə subartezian quyularından sutəmizləyici qurğuya qədər təzyiqli boru xətti çəkiləcək, su ozonla dezinfeksiya olunaraq hər birinin tutumu 400 kubmetr olan 2 hovuza vurulacaq, daha sonra sutəmizləyici qurğuda təmizlənərək hər birinin tutumu 5 min kubmetr olan 2 təmiz su anbarına yığılacaqdır. Suyun şəbəkəyə verilməsi üçün su anbarlarının çıxışında 3 nasos quraşdırılacaqdır. Nasoslardan su 6,7 kilometrlik borularla hər birinin tutumu 5 min kubmetr olan 2 paylayıcı su anbarına vurulacaq və öz axını ilə şəbəkəyə ötürüləcəkdir.
Bildirilib ki, bu günə qədər 129 kilometr içməli su və 95,3 kilometr kanalizasiya şəbəkəsinin tikintisi başa çatdırılıb. Gələcəkdə ərazidə çirkab su təmizləyici qurğu da inşa olunacaqdır. Layihə üzrə işlər başa çatdırıldıqdan sonra rayonun Heydərabad qəsəbəsində və kəndlərində əhali keyfiyyətli və dayanıqlı içməli su ilə təmin olunacaqdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov deyib ki, Sədərəkdə içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi rayonun bütün yaşayış məntəqələrini əhatə edir. Layihəyə uyğun olaraq Heydərabad qəsəbəsində, Sədərək və Qaraağac kəndlərində 155 kilometrə yaxın içməli su, 145 kilometrə yaxın isə kanalizasiya xətləri çəkiləcək, 3600-dən artıq su və kanalizasiya ev birləşmələri aparılacaqdır. Ölkəmizdə həyata keçirilən dövlət proqramları çərçivəsində görülən bu işlər Sədərək rayonunu müasir yaşayış məntəqəsinə çevirəcək, əhali təmiz və dayanıqlı içməli su ilə təmin olunacaq, məskunlaşma artacaqdır.
Ali Məclisin Sədri Sədərək rayonunda yeni içməli su və kanalizasiya sistemlərinin dövlət vəsaiti hesabına qurulduğunu bildirib, tikinti işlərinin keyfiyyətlə aparılması və vaxtında başa çatdırılması barədə tapşırıqlar verib.