Martın 24-də dünyada pandemiya elan olunan virusun muxtar respublika ərazisində yayılmasının qarşısının alınması ilə bağlı tədbirlərə həsr olunmuş müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin üzvləri, rayon (şəhər) icra hakimiyyətlərinin başçıları, nazirlik, komitə, xidmət, idarə və müəssisələrin rəhbərləri iştirak etmişlər.
Müşavirədə Ali Məclisin Sədri aidiyyəti üzrə tapşırıqlar verərək demişdir: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 65 yaşdan yuxarı olan tənha ahıllara sosial xidmətlərin göstərilməsini təmin etməli, həftədə iki dəfə sosial xidmət işçiləri və sosial könüllülər onlara xidmət göstərməlidir.
Bildirilmişdir ki, Naxçıvan Muxtar Respublikasında izolyasiya yeri kimi Yoluxucu Xəstəliklər Mərkəzi müəyyən edilmişdir. Mərkəzdə karantinə alınan xəstələrin müayinəsi və virus aşkar edilən xəstələrin müalicəsi üçün lazımi şərait yaradılmış, yeni laboratoriya qurulmuşdur. Səhiyyə Nazirliyi tərəfindən mərkəzin fəaliyyəti nəzarətdə saxlanılmalıdır. Eyni zamanda muxtar respublikada tibbi ehtiyatların yaradılması davam etdirilməlidir. Səhiyyə Nazirliyi muxtar respublikanın tibb müəssisələrində müalicə alan şəxslərin xəstə yaxınları tərəfindən ziyarətini, eləcə də vacib göstərişlər olmadan və zərurət yaranmadıqda ambulator xəstə qəbulunu dayandırmalıdır. Nazirlik Dövlət Gömrük Komitəsi ilə birlikdə xarici ölkələrdən qayıdan muxtar respublika sakinlərini gömrük-keçid məntəqələrində tibbi yoxlamadan keçirməli, hərarəti olanlar təcili Yoluxucu Xəstəliklər Mərkəzində karantinə alınmalı və müvafiq tədbirlər görülməlidir.
Muxtar respublikaya girişlərin ciddi nəzarətə götürülməsini vurğulayan Ali Məclisin Sədri Daxili İşlər Nazirliyinə Səhiyyə Nazirliyi və rayon (şəhər) icra hakimiyyətləri ilə birlikdə xarici ölkələrdən Naxçıvana gələn muxtar respublika sakinlərində hərarət və digər əlamətlər müşahidə olunmadıqda həmin şəxslərin evlərində 3 gün müddətində karantində saxlanılmasını təmin etməyi, sahə müvəkkilləri və inzibati ərazi dairəsi üzrə nümayəndələr tərəfindən karantin rejiminə ciddi nəzarət olunmasını tapşırmışdır.
Daxili İşlər Nazirliyi Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə birlikdə xidmət sahələrində qaydalara əməl olunmasına nəzarəti gücləndirməli, muxtar respublika ərazisində fəaliyyət göstərən kafe, restoran və adamların toplaşdığı başqa ictimai-iaşə müəssisələrinin iş rejimi qısaldılaraq 17:00-dək müəyyən edilməlidir.
Ali Məclisin Sədri sahibkarlıq subyektlərinin və işçilərinin iqtisadi və sosial vəziyyətini nəzərə alaraq İqtisadiyyat Nazirliyinə aid qurumlarla birlikdə ərzaq mağazaları və apteklər istisna olmaqla, muxtar respublika ərazisindəki bütün iri ticarət mərkəzlərinin fəaliyyətini məhdudlaşdırmağı, mağazaların ərzaqla normal təminatına diqqəti artırmağı, aid qurumlarla birlikdə ehtiyatların yaradılmasının davam etdirilməsini tapşırmışdır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi İqtisadiyyat Nazirliyi ilə birlikdə mövcud vəziyyətlə bağlı fəaliyyətində durğunluq yaranmış xidmət sahələrində işçilərin özhesabına məzuniyyətə buraxılmasının qarşısını almalı, həmin xidmət sahələrində çalışan işçilərə minimum əməkhaqqı məbləğində vəsaitin ödənilməsini təmin etməlidirlər.
Müşavirədə tapşırıldı ki, ümumtəhsil məktəblərinin və məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətinin dayandırılması ilə əlaqədar hər ikisi işləyən və himayəsində azyaşlı uşaq olan (1-10 yaş) valideynlərdən biri üçün güzəştlər tətbiq edilməli, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi digər aid qurumlarla birlikdə qeyd olunan məsələni əmək qanunvericiliyinə uyğun tənzimləməlidir. Mədəniyyət Nazirliyi tabeliyindəki müəssisələrin (kitabxana, muzey, teatr, klub və sair) hər birində dezinfeksiya işləri aparmalı, iş saatları məhdudlaşdırılmalı və əməkdaşların növbəlilik əsasında işə çıxması təmin edilməlidir.
Ali Məclisin Sədri qeyd etmişdir ki, bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi dayandırıldığından Təhsil Nazirliyi ümumtəhsil məktəblərində sinif rəhbərləri tərəfindən siniflər üzrə dərs cədvəlinə uyğun mövzuların seçilib şagirdlərə çatdırılmasını davam etdirməlidir. Gənclər və İdman Nazirliyi isə idman komplekslərinin və zallarının, eləcə də özəl fitnes mərkəzlərinin fəaliyyətini dayandırmalı, dezinfeksiya işləri aparılmalıdır.
Müşavirədə dini mərasimlərin keçirilməsi məsələsi də müzakirə olunmuş və tapşırılmışdır ki, Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi və icra hakimiyyətləri yas mərasimlərinin keçirilməsi ilə bağlı qaydaları diqqətdə saxlamalı, mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimləri 1 gün keçirilməli və bu zaman çay, yemək verilməməli, əhali yeni qaydalar barədə məlumatlandırılmalıdır. “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksində də çay verilməsi dayandırılmalı, bütün ibadət və ziyarət yerləri dezinfeksiya olunmalı, cümə namazlarının evdə qılınması sakinlərə tövsiyə edilməlidir.
Naxçıvan Muxtar Respublikasına təyyarə uçuşları dayandırıldığından Dövlət Gömrük Komitəsinə Sədərək gömrük keçid məntəqəsindən keçməklə Naxçıvan Beynəlxalq Hava Limanından Bakı şəhərinə yola salınan Azərbaycan Respublikası vətəndaşlarının (ölkəmizin digər bölgələrindən olanlar) keçidini, Dövlət Miqrasiya Xidməti və Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsi ilə birlikdə isə bütün xarici ölkə vətəndaşlarının muxtar respublikaya gəlişini dayandırmaq, həmçinin muxtar respublika ərazisinə bütün nəqliyyat vasitələrinin giriş-çıxışının dayandırılması, yalnız tranzit yüklərin daşınmasına icazə verilməsi, tranzit yük maşınlarının dezinfeksiya edilməsi, kiçik həcmli yüklərin sərhəd gömrük anbarlarında boşaldılması, sürücülərin mütəmadi yoxlanılması və onların hərəkət qrafikinə nəzarət edilməsi tapşırılmışdır.
Beynəlxalq Hava Limanından muxtar respublikaya gələn və gedən vətəndaşlar ciddi şəkildə yoxlanılmalı, Səhiyyə Nazirliyi və Dövlət Gömrük Komitəsi bununla bağlı Hava Limanına zəruri köməklik göstərməlidir.
Qeyd olunmuşdur ki, Kənd Təsərrüfatı Nazirliyi icra hakimiyyətləri ilə birlikdə hər həftənin şənbə və bazar günləri muxtar respublikada yarmarkaların keçirilməsini davam etdirməlidir.
Dövlət Təhlükəsizliyi Xidməti ictimaiyyətdə yanlış fikrin formalaşdırılması məqsədi güdən və qəsdən bu qəbildən olan informasiyaların yayılmasını həyata keçirən sosial şəbəkə istifadəçiləri barəsində ən ciddi qabaqlayıcı tədbirlər görməli, əsassız məlumatların yayılmasının qarşısı alınmalıdır.
Əlahiddə Ümumqoşun Ordu, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyası və Naxçıvan Əlahiddə Əməliyyat Briqadası muxtar respublika ərazisində yerləşən hərbi hissə və birləşmələrdə görüşləri və qapalı yerlərdə toplantıları məhdudlaşdırmalı, şəxsi heyətin geyim, ərzaq və digər təminatını nəzərə alaraq ehtiyatların yaradılmasını davam etdirməlidir.
Penitensiar Xidmət cəzaçəkmə müəssisələrində dezinfeksiya tədbirləri görməli, görüşlər dayandırılmalı, məhkumların qidalanması və səhhəti diqqətdə saxlanılmalıdır.
Naxçıvan Muxtar Respublikasının Prokurorluğu karantin rejimini pozan və xəstəliyin yayılmasına səbəb olan şəxslərin Cinayət Məcəlləsinə uyğun olaraq məsuliyyətə cəlb olunması üçün tədbirlər görməlidir.
Aid qurumlar verilən tapşırıqların icrası barədə mütəmadi məlumat təqdim etməlidir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti