Martın 16-da Azərbaycan Respublikasının orden, medal və fəxri adlarının, eləcə də Naxçıvan Muxtar Respublikasının fəxri adlarının və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin mükafatının təqdimat mərasimi keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov deyib: Ümummilli liderimiz Heydər Əliyevin yolunun uğurla davam etdirilməsinin nəticəsidir ki, ölkəmizdə sabitlik, inkişaf və tərəqqi vardır. Sabitlik, inkişaf və tərəqqi olan yerdə isə insanların əməyinə qiymət verilir, onlar dövlət mükafatları ilə təltif olunurlar. Bu gün təltif olunanlar da çalışdıqları sahələrdə fərqlənən insanlardır.
Ali Məclisin Sədri yüksək dövlət mükafatlarına layiq görülmələri və qarşıdan gələn Novruz bayramı münasibətilə təltif olunanları təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıb.
Sonra Ali Məclisin Sədri Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının təltiflərini, eləcə də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin mükafatını təqdim edib.
Təltif olunanlardan Nazlı Hüseynquliyeva, Nüşabə Məmmədova, Yaşar Vəliyev, Kazım Bayramov, İlham Hüseynov, Əli Şabanov, Rahidə Quluyeva, Zakir Abbasov, Zəriş Abbasova, Məryəm Hüseynova, Nəsibə Hacıyeva və Ruhiyyə Hüseynova əməklərinə verilən yüksək qiymətə görə çalışdıqları kollektivlər adından minnətdarlıq ediblər. Qeyd olunub ki, muxtar respublikada bütün sahələrdə yaradılan şərait səmərəli fəaliyyət üçün geniş imkanlar açır. Qarşıda duran əsas vəzifə bundan sonra da ölkə Prezidenti tərəfindən davam etdirilən ulu öndər Heydər Əliyev siyasi xəttinə sadiq qalmaq, müstəqilliyimizin və dövlətçiliyimizin inkişafına töhfə verməkdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin mükafatına layiq görülən Zahid Qənbərov deyib: “Muxtar respublikada gənclərə böyük diqqət və qayğı göstərilir. 2006-cı ildə yüksək bal toplamış tələbələrlə görüşdə Ali Məclisin Sədri tərəfindən mükafatlandırılan tələbələrdən biri də mən olmuşam. Qürur duyuram ki, bu gün də mənə Ali Məclis Sədrinin mükafatı təqdim olunur. Bu, bütövlükdə, gəncliyə və elmə verilən qiymətdir. Çalışdığım kollektiv və gənclər adından minnətdarlığımı bildirirəm. Bundan sonra da muxtar respublikamızın inkişafı yolunda səylərimi əsirgəməyəcəyəm”.