Hörmətli deputatlar və sessiya iştirakçıları!
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ötən çağırışdakı fəaliyyəti dövründə ulu öndər Heydər Əliyev siyasi xətti muxtar respublikada inkişafın əsas hərəkətverici qüvvəsinə çevrilmiş, ərzaq, enerji və müdafiə təhlükəsizliyinin təmin olunması sahəsində mühüm işlər görülmüşdür. Nəzərdə tutulan proqramlar vaxtında icra olunmuş, yeni infrastruktur, istehsal və emal sahələri, sosial-mədəni obyektlər yaradılmış, ordu quruculuğuna diqqət artırılmış, əhalinin həyat səviyyəsinin yüksəldilməsi üçün tədbirlər görülmüşdür.
Fevralın 9-da Azərbaycan Respublikasının Milli Məclisinə və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə keçirilən seçkilər də bir daha təsdiq etdi ki, ulu öndər Heydər Əliyevin siyasi xətti Azərbaycanın inkişaf, sabitlik və rifah yoludur. Seçkilərdə fəallıq göstərən, ulu öndərimizin siyasi kursunu dəstəkləyən bütün seçicilərə minnətdarlığımı bildirirəm!
Muxtar respublika Mərkəzi Seçki Komissiyasına, dairə və məntəqə seçki komissiyalarına, seçkilərin qanunvericiliyin tələbləri səviyyəsində keçirilməsini təmin edən bütün aidiyyəti orqanlara təşəkkür edir, altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlarına muxtar respublika seçicilərinin etimadına layiq görüldüklərinə görə təbriklərimi çatdırıram!
Biz qarşıdakı dövrdə də ulu öndərin yoluna sadiq qalaraq Naxçıvan Muxtar Respublikasının inkişafını təmin etməli, əhalinin yaşayış səviyyəsini daha da yaxşılaşdırmalı, yeni istehsal sahələri və bununla bərabər iş yerləri yaratmalı, sosial sahələrin inkişafına diqqəti artırmalıyıq.
Büdcə vəsaitlərinin qanunauyğun və səmərəli istifadəsinə nəzarət daha da gücləndirilməli, vergi və rüsumların vaxtında ödənilməsi təmin edilməli, etibarlı maliyyə nəzarəti sistemi formalaşdırılmalıdır. Həmçinin muxtar respublika əhalisinin maliyyə resurslarına çıxış imkanları asanlaşdırılmalı, real sektorun inkişafına yönləndirilən kredit növlərinə üstünlük verilməli, verilmiş kreditlərin təyinatı üzrə istifadəsinə və vaxtında qaytarılmasına nəzarət olunmalıdır.
2020-ci ilin muxtar respublikada “İxrac ili” elan edilməsi qarşıya mühüm vəzifələr qoyur. Ona görə də iqtisadi inkişafın prioritet istiqaməti kimi muxtar respublikanın xarici ölkələrlə qarşılıqlı ticarət əlaqələri daha da genişləndirilməli, xüsusilə də idxalın həcminin azaldılması və ixrac potensialının gücləndirilməsi istiqamətində əsaslı işlər görülməlidir. Mövcud istehsal sahələrinin genişləndirilməsi və ixracyönümlü istehsal müəssisələrinin yaradılması davam etdirilməli, süni qiymət artımının qarşısı alınmalıdır.
Hər bir ölkədə inkişafın əsas hədəfi ərzaq təhlükəsizliyinin təmin olunmasıdır. Muxtar respublikada aqrar sahədə görülən işlər, həyata keçirilən islahatlar da bu məqsədə hesablanmışdır. Qarşıdakı dövrdə də bu sahədəki fəaliyyət davam etdirilməli, məhsuldarlığın artırılması sahəsində elmi-təcrübi tədbirlər görülməlidir. Əkinəyararlı torpaqlardan təyinatına uyğun istifadə olunmalı, mütərəqqi suvarma şəbəkələri qurulmalı, suvarma suyunun düzgün bölgüsünə və səmərəli istifadəsinə nəzarət gücləndirilməli, tələbata uyğun yeni kənd təsərrüfatı texnikaları və mineral gübrələri alınıb gətirilməlidir.
Muxtar respublikada ailə təsərrüfatlarının fəaliyyətinin dəstəklənməsi uğurlu nəticələrin qazanılmasına və əhalinin məşğulluğunun təmin olunmasına, ən əsası isə istehsal olunan məhsulların keyfiyyətinin və çeşidinin artırılmasına səbəb olmuşdur. Ona görə də qarşıdakı dövrdə də ailə təsərrüfatlarının fəaliyyətinə mühüm əhəmiyyət verilməli, istehsal olunmuş məhsulların satışına və ixracına köməklik göstərilməlidir.
Muxtar respublikada sığorta işi də təkmilləşdirilməli, aqrar sığorta bazarının formalaşmasına və inkişafına köməklik göstərilməli, Aqrar Sığorta Fondunun fəaliyyəti gücləndirilməlidir. Sosial-iqtisadi inkişafı əks etdirən hesabatlar təhlilli və müqayisəli işlənməli, mətbuatda işıqlandırılmalıdır.
Təbiətin mühafizəsi, ekologiyanın qorunması və yaşıllıqların artırılması ümumxalq işidir. Görülən işlərin nəticəsidir ki, bu gün muxtar respublika ərazisinin 20 faizə yaxını yaşıllıqlardan ibarətdir. Ona görə də yaşıllıqların və meşə fondlarının mühafizəsinə diqqət artırılmalı, ekoloji tarazlığın qorunması ilə bağlı monitorinqlər davam etdirilməlidir. Həmçinin muxtar respublikada müxtəlif növ ağac, gül və bəzək bitkilərinə olan tələbat öyrənilməli, “İqlim otağı”nın və tingçilik təsərrüfatlarının imkanlarından geniş istifadə edilməli, tələbat yerli istehsal hesabına ödənilməlidir.
Qida təhlükəsizliyinin təmin olunmasında baytarlıq təbabəti xüsusi əhəmiyyət kəsb edir. Bu səbəbdən də epizootik vəziyyəti nəzarətdə saxlamalı, mal-qara və quşlar arasında xəstəliklərə qarşı peyvəndləmə tədbirləri vaxtında aparılmalı, Dövlət Proqramının icrasına diqqət artırılmalıdır.
Muxtar respublikada tikinti və abadlaşdırma işlərinin həcmi ilbəil artır. Həyata keçirilən tikinti işlərinin keyfiyyətinə nəzarət edilməli, ayrılmış vəsaitdən səmərəli və düzgün istifadə olunmalı, tikinti obyektləri mühəndis-texniki tələblərə uyğun layihələndirilməlidir.
Bu gün muxtar respublikanın ümumi inkişafını xarakterizə edərkən enerji təhlükəsizliyinin təmin olunması sahəsində görülən işlər xüsusi qeyd olunmalıdır. Gələcəkdə alternativ və bərpaolunan enerji mənbələrindən istifadə diqqətdə saxlanılmalı, istehlakçılar dayanıqlı elektrik enerjisi ilə təmin olunmalı, qarşıdakı dövrdə tələbat tamamilə bərpaolunan enerji mənbələri hesabına ödənilməlidir.
Muxtar respublikada qurulan müasir yollar iqtisadiyyatın şaxələndirilməsinə, yaşayış məntəqələrinin və turizmin inkişafına töhfə verir. Bundan sonra da muxtar respublikada yol tikintisinə geniş yer verilməli, keyfiyyət amilinə xüsusi diqqət yetirilməli, sərnişindaşıma işinə və nəqliyyat vasitələrinin texniki vəziyyətinə nəzarət olunmalıdır. Eyni zamanda yeni texnologiyaların tətbiqi sahəsində fəaliyyət təkmilləşdirilməli, göstərilən xidmətlərin keyfiyyəti yüksəldilməlidir.
Yerlərdə işə tələbkarlıq artırılmalı, nizam-intizama əməl edilməli, vətəndaşlarla iş gücləndirilməli, ailə təsərrüfatlarının inkişafına dəstək verilməlidir. Torpaqların qanunsuz zəbt olunmasının və təyinatdankənar istifadəsinin qarşısının alınması üçün zəruri tədbirlər görülməlidir.
Bundan sonra da muxtar respublikada elm və təhsilin inkişafı əsas istiqamət kimi götürüləcəkdir. Bütün təhsil pillələri üzrə infrastrukturun müasirləşdirilməsi və yaradılan şəraitdən səmərəli istifadə, innovasiyaların tətbiqi və ixtisaslı kadr hazırılığı diqqətdə saxlanmalı, elmin istehsalatda tətbiqinə nail olunmalı, tədqiqatların əhatə dairəsi genişləndirilməli, Naxçıvan elmi mühitinin beynəlxalq aləmə inteqrasiyası sürətləndirilməlidir.
Muxtar respublikada müasir səhiyyə infrastrukturunun yaradılması insan amilinə verilən dəyərin ifadəsidir. Xüsusilə icbari tibbi sığortanın tətbiqi səhiyyə xidmətlərinin keyfiyyətini daha da yaxşılaşdırmışdır. Bu sahədə qarşıya qoyulan vəzifələrin icrası qısa müddətdə başa çatdırılmalı, səhiyyə maarifinə xüsusi diqqət yetirilməli, həkim və tibb işçilərinin peşəkarlığı artırılmalı, bütün yaş qruplarından olan əhali keyfiyyətli tibbi xidmətlə təmin olunmalıdır.
Mədəniyyətin inkişafını təmin etmədən, tarixi-mədəni irsə sahib çıxmadan ümumi inkişafdan danışmaq mümkün deyil. Qarşıdakı illərdə də muxtar respublikada tarixi-mədəni irsimizin, adət-ənənələrimizin, milli dəyərlərimizin qorunması və təbliğinə yönəlmiş tədbirlər davam etdirilməli, muzey və kitabxana işi müasir tələblərə uyğun qurulmalı, uşaq-musiqi məktəblərində dərslərin keyfiyyəti artırılmalıdır.
Gənclərin fiziki cəhətdən sağlam böyüməsində və asudə vaxtlarının səmərəli təşkilində bədən tərbiyəsi və idman əsas vasitə kimi götürülməlidir. Bu səbəbdən də idmanın inkişafı sahəsində qarşıya qoyulan vəzifələr və qəbul olunmuş Dövlət Proqramı uğurla icra olunmalı, dövlət gənclər siyasətinin həyata keçirilməsi sahəsində fəaliyyət gücləndirilməlidir.
Əhalinin sosial müdafiəsinin gücləndirilməsi və məşğulluğunun təmin olunması sahəsində işlər də davam etdirilməli, peşə hazırlığı əmək bazarının tələblərinə uyğunlaşdırılmalıdır. Pensiya təyinatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada aparılmalı, elektron xidmətlərin əhatə dairəsi genişləndirilməlidir.
Müasir dövrdə turizm iqtisadi inkişafın vacib sahəsi kimi götürülür. Ona görə də muxtar respublikanın mövcud turizm imkanlarının tanıdılması və bu sahədə yaradılan şəraitdən səmərəli istifadə ilə bağlı tədbirlər görülməli, ölkə və xarici turizm şirkətləri ilə əlaqələr gücləndirilməli, turist cəlbi sahəsində mütərəqqi layihələr həyata keçirilməlidir.
İnformasiya-məlumatlandırma, maarifçilik işi, tanıtım və təbliğat bundan sonra da kütləvi informasiya vasitələrinin əsas fəaliyyət istiqamətinə çevrilməli, internet media resurslarında və sosial şəbəkələrdə Naxçıvanla bağlı məlumatların yayılmasına diqqət artırılmalı, milli dəyərlərimiz, tarixi-mədəni irsimiz və muxtar respublikanın müasir inkişafı ilə bağlı teleradio və qəzet materialları hazırlanmalı, teleradioların yayımlarının keyfiyyəti yaxşılaşdırılmalı və əhatə dairəsi genişləndirilməlidir.
Sabitlik təmin olunmadan, asayiş qorunmadan davamlı inkişafdan danışmaq da mümkün deyil. Muxtar respublikada əldə olunan ən mühüm nailiyyətlərindən biri də ictimai-siyasi sabitliyin təmin olunması, cinayət hadisələrinin sayının kəskin azalmasıdır. Bu sahədəki fəaliyyət davam etdirilməli, cinayətkarlıqla mübarizə tədbirləri gücləndirilməli, nizam-intizam daha da möhkəmləndirilməli, maarifləndirmə ön planda saxlanmalıdır. Məhkəmə qərarlarının vaxtında icrasına diqqət yetirilməli, bələdiyyələrin fəaliyyətinə nəzarət düzgün təşkil olunmalıdır.
Muxtar respublikada ordu quruculuğu və müdafiə təhlükəsizliyinin möhkəmləndirilməsi sahəsində görülən işlər bundan sonra da diqqət mərkəzində saxlanılacaqdır. Qarşılıqlı fəaliyyət planına uyğun olaraq təlimlər keçirilməli, döyüş hazırlığı və şəxsi heyətin peşəkarlığı artırılmalı, hərbi hissələrdə quruculuq işləri aparılmalı, hərbi qulluqçuların xidmət, yaşayış və sosial məişət şəraiti yaxşılaşdırılmalıdır.
Hörmətli sessiya iştirakçıları!
Azərbaycanın və onun Naxçıvan Muxtar Respublikasının inkişafının əsasında Heydər Əliyev siyasi xətti dayanır. Dahi rəhbərin yoluna sədaqət qarşıda dayanan vəzifələrin uğurlu icrasını təmin edəcəkdir. Ölkə Prezidenti cənab İlham Əliyevin də dediyi kimi: “Bizim inkişafımızın təməlində ulu öndər Heydər Əliyev siyasəti dayanır. Biz bu siyasətə sadiqik, tutduğumuz yoldan dönməyəcəyik, daim irəli gedəcəyik”.
Sağ olun!